Məhkəmə qərarları › İş №2(003)-31/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-31/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-31/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5885 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 6015 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış 15 mart 2017-ci il tarixli, 3 aylıq sınaq müddəti tətbiq etməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İlkin olaraq cavabdeh 15 mart 2017-ci il tarixli, 147-K saylı “İşə qəbul haqqında” əmrindən çıxarışa əsasən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 27 sentyabr 2017ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Daha sonra 30 iyul 2018-ci il tarixdə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Cavabadeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 05 may 2018-ci il tarixdə Oba-Binə 11 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçı cəmiyyətə 7297,78 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Malların ümumi itki norması nəzərə alınmaqla (dövriyyə-282355.86) 0.006 % güzəşt tətbiq edilmiş və yekun ziyan məbləği 5885 manat təşkil edir. Cavabdeh 07 iyun 2018-ci tarixdə zərərin vurulması etirafı və ödənişi qaydası haqqında müqavilə imzalamışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən zərərvuran 01 iyul 2018-ci il tarixdən başlayaraq hər ay 150 manat məbləğdə borcu 39 ay müddətinə tam olaraq iddiaçı cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(009)-2601/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 5885 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 6015 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Mülki iş üzrə Cavabdeh, 08 oktyabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(009)- 2601/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(009)-3745/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin 2(009)- 2601/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 mart 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 3 aylıq sınaq müddəti tətbiq etməklə satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan 13 iyun 2019-cu il tarixli, cəmiyyət üzrə 15 mart 2017-ci il tarixli 147-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 15 mart 2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 13 iyun 2019-cu il tarixli, cəmiyyət üzrə 27 sentyabr 2017-ci il tarixli 432-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 27 sentyabr 2019-cu il tarixdən cəmiyyətin X2 adminstrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh 27 sentyabr 2019-cu il tarixdən cəmiyyətin X2 adminstrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 30 iyul 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin surətindən görünür ki, həmin tarixdə tərəflərdən birinin təşəbbüsü ilə İddiaçı MMC ilə Cavabdeh arasındakı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 05 may 2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə 7297,78 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan 09 iyul 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı 05 may 2018-ci il tarixdə keçirilmiş təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq Cavabdeh hesabında 5885 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan 07 iyun 2018-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə 5885 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği 01 iyul 2018-ci il tarixdən başlayaraq hər ay 150 manat ödəmək şərti ilə 39 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 iyul 2019-cu il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 06 aprel 2021-ci il tarixli, 4/272 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin direktoru X3 ilə Cavabdeh arasında bağlanılmış 07.06.2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”nin aşağı sağ tərəfində “borclu” qarşısındakı “imza” qrafasında olan imza Cavabdeh tərəfindən icra edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 07 iyun 2018-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən Cavabdeh 05.05.2018-ci il tarixdə İddiaçı MMC-nin “OBA- Binə 11” filialında aparılmış inventarizasiya nəticəsində 5885 manat məbləğində kəsirinin yarandığını və bu məbləğdə iddiaçıya maddi ziyan vuraraq 5885 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği 01 iyul 2018-ci il tarixdən başlayaraq hər ay 150 manat ödəmək şərti ilə 39 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.” Əməyin mühafizəsi ilə bağlı normaların işəgötürən tərəfindən yerinə yetirilməsini təmin edən vasitələrdən biri də əmək qanunvericiliyində nəzərdə tutulmuş qarşılıqlı maddi məsuliyyət institutudur. Onun ümumi əsasları Əmək Məcəlləsinin 191-194-cü maddələrində müəyyən olunmuşdur. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq qanunverici əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını sadalayarkən, onun həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını (Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndi) və əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini (Əmək Məcəlləsinin 9-maddəsinin “i” bəndi) tələb etmək hüquqlarını göstərmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Bu normanın məzmunundan görünür ki, yalnız əmək münasibətləri olduğu halda işəgötürən və işçi birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Bununla bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Əmək Məcəlləsinin 191ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən “Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.” Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən “İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.” “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edildiyindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olaraq 140 manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMCnin əmlakına vurulmuş ziyana görə 5885 (beş min səkkiz yüz səksən beş) manat məbləğində pul vəsaiti və həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, habelə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olaraq 140 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 5885 (beş min səkkiz yüz səksən beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 6015 (altı min on beş)manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar