Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3138/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 12000 manat məbləğində borcun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-ci ildən Xəzər rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Ailəlidir, 2 övladı vardır. Uzun müddət Binə qəsəbəsində yaşayan və tanıdığı Cavabdeh ilə 10.06.2019-cu ildə Binə qəsəbəsində görüşmüşdür. Söhbət əsnasında cavabdehə bildirmişdir ki, böyük oğlu ali təhsilli olmağına baxmayaraq, heç yerdə işləmir və ona iş tapa bilmir. Cavabdeh Prezidentin mühafizəsində yaxın adamları işlədiyini və oğlunu işə düzəldə biləcəyini demişdir. Bununla yanaşı, cavabdeh bildirib ki, guya əməliyyat olunması üçün 12000 manat pul lazımdır. Lakin pul tapa bilmir. Öz aralarında razılaşmışlar ki, o, əməliyyat üçün pul versin, cavabdeh də öz növbəsində onun uşağını işə düzəltsin. Odur ki, 12 iyun 2019-cu ildə Kapital Bankdan 5000 manat öz adına pul götürmüş, 1000 manat isə həyat yoldaşının adına Unibank-dan götürərək 20.06.2019-cu il tarixdə Cavabdeh vermişdir. Cavabdeh ondan aldığı pul ilə əlaqədar hətta qəbz yazıb ki, həqiqətən 6000 manat pul borc almış, 2 ay müddətində qaytaracaqdır. Aradan təxminən 1 ay keçmiş, Cavabdeh ona zəng vuraraq Binə qəsəbəsində görüşməyi xahiş etmişdir. Görüşəndə demişdir ki, heç narahat olmasın, oğlunun işi düzələcək, lakin əlavə olaraq 6000 manat da pul lazımdır. O, aralarında olan münasibətdən irəli gələrək yaxın qohumlarından 6 min manat pul alaraq 29.07.2019-cu il tarixdə Cavabdeh vermişdir. Mirzəbəy yenidən ondan aldığı 6000 manat ilə əlaqədar qəbz yazmış və ona bildirmişdir ki, 2 ay müddətində qaytaracaqdır. Aralarında olan razılaşmaya əsasən bu pula onun kiçik oğlunu işə düzəldəcək . Ümumilikdə cavabdehə 12000 manat pul vermişdir. Aradan 2-3 ay keçdikdən sonra cavabdeh ona demişdir ki, uşaqların işi düzəlməsə, pulunu qaytaracaq. Cavabdeh pulu alarkən borca istədiyini demişdir. Uşaqları işə düzəlsə, verdiyi 12000 manat pulu istəməyəcəkdi. Lakin dəfələrlə Cavabdeh müraciət edərək borc verdiyi pulları istəmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməkdən imtina etmişdir. Məcbur olaraq Xəzər rayon Polis idarəsinin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Polis bölməsinin qəbul etdiyi qərarda göstərirmişdir ki, tələbi mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməlidir. Üstündən 2 il keçməsinə baxmayaraq, cavabdeh pulunu qaytarmır, telefonlarına cavab vermir. Cavabdehin pulla əlaqədar onda öz tərəfindən yazılı 3 qəbzi var. Sonuncu qəbzi 21.06.2021-ci ildə yazmışdır. Qeyd olunanlara əsasən, cavabdehdən 12000 manat məbləğində borcun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, etiraz ərizəsi göndərərək, iddia tələbini qəbul etmədiyini və iddiaçıya heç bir borcu olmadığını bildirmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş 15 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına tərəflərin arasında borc pul verilməsinin qeyd olunduğu əl yazılarının surəti əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pül ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin göstərişinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddiasını cavabdehlə aralarındakı şifahi razılaşma əsasında sonuncuya 12000 manat borc pul verməsi ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. İş materiallarına tərəflərin arasında borc pul verilməsinin qeyd olunduğu əl yazılarının surəti əlavə olunsa da, məhkəmə, qeyd olunan əlyazmaları mötəbər sübut kimi qəbul etmir, həmçinin iddianın təmin olunması üçün kifayət olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3138/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3138/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver