Məhkəmə qərarları › İş №2(003)-3147/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3147/2023

16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3147/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin və tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 2(003)-1634/2016 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdehdən birgə nikahdan doğulmuş 26 oktyabr 2009-cu il təvəllüdlü X2 üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaq böyümüş və Xəzər rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və hazırlıqlara gedir ona görə də məsrəfləri yetərincə artmışdır. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtı-vaxtında ödəməkdən yayınır. Buna görədə o dəfələrlə İcra şöbəsinə müraciət etmişdir. Cavabdehin onun vəziyyəti barədə məlumatlı olmasına və işləməsinə baxmayaraq uşağın bütün qayğısı, ehtiyacını tamamilə o çəkir. Cavabdehin işi və maddi gəliri ondan dəfələrlə üstündür. Bütün bunlara baxmayaraq övladına laqeyidliklə yanaşan ataya qarşı uşaqda ehtiyac hissi vardır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin yazılı qaydada məhkəməyə müraciət edərək onun ailə və maddi vəziyyəti, eləcədə əlavə işlə məşğul ola bilməməsini nəzərə alaraq alimentin məbləğinin təxminən 140 manat civarında təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli 2(003)-1634/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(003)-81/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı arıtılaraq xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. -seriya AZ-İ, 141922 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2012-ci ildə xitam verilmişdir. - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ilkin mediasiya sesiyasında Cavabdeh iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. - cavabdehin müraciətindən və ona əlavə edilmiş doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, o, faktiki olaraq ikinci dəfə ailə qurmuş və ikinci ailəsindən xx.xx.2015-ci il təvəllüdlü Nurəddin Mustafazadə və xx.xx.2018-ci il təvəllüdlü Milay Mustafayeva adlı uşaqları vardır. Qazax rayonunda yaşayır, aylıq gəliri 327 manatdır, arvadı işsizdir, kənd əhalisi heç bir işlə məşğul ola bilmirlər. “Elektron məhkəmə” İnformasiya sistemindən görünür ki, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində laborant vəzifəsində işləyir, əmək haqqı 406 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir, əmək haqqı 345 manat təşkil edir. Beləliklə, iddiadan və iş materiallarının görünür ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və s. dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Əlavə olaraq məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimumu ilə bağlı məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərindən göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər və ya aliment ödəməkdən azad edə bilər. Bu dəyişikliklər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə iddiaçı, müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Əksinə işin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdeh ikinci dəfə ailə qurmuş və bu nikahından iki uşağı var, həmçinin sosial işçi işləməklə ayda 345 manat qazanc əldə edir. Eyni zamanda məhkəmə nəzərə alır ki, uşağın valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi həmin uşağın himayəsində olan valideynin üzərinə düşür. Digər aliment ödəyən əmək qabiliyyətli valideynin az qazanca malik olması, ikinci dəfə ailə qurması isə onu uşaqlarını saxlamaq, onların artan tələbatlarını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanları, həmçinin uşağn gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətlərinin və.s dəyişməsini, uşaq böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının artmasını, həmçinin cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, tutulmalı olan alimentin miqdarı müəyyən edilən zaman hər iki tərəfin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallarla yanaşı, uşağa münasibətdə hər iki valideynin bərabər vəzifələri də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 190 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi qanuni və ədalətlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-1634/2016 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq ondan hər ay 190 manat sabit pul məbləğində iddiaçının xeyrinə aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələri nəzərə alınmaqla, iş üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin tutulmalı olan dövlət rüsumunun məbləğinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 73 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 876 (73x12) manat müəyyən edildilməklə iddianın qiyməti 1000 manatadək olduduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 50 manat da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-1634/2016 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 190 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar