Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-315/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 21L000000683 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 23 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 021R**********S saylı, xx.xx.2020-ci il tarixli 021R**********SA saylı, xx.xx.2020-ci il tarixli 021R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 13400 manat ödəmiş onun 16600 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə hesablanmış faiz borcu 1759 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə hesablanmış cərimə 1581 manat təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndin əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqaviləüzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 021R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 16600 manat məbləğində kredit borcu, 1759 manat məbləğində faiz borcu və 1581 manat məbləğində cərimə borcu olmaqla, ümumiliklə cəmi 20000 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 bildirdi ki, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1069 saylı rəyi ilə razı deyildir. İddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 21L000000683 saylı xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 021R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmış və həmin müqavilə əsasında 23 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı QSC-yə 30000 manat əsas kredit borcu, 6595,81 manat faiz borcu olmaqla, cəmi 36595,81 manat məbləğində borcu ödəməli idi. İş materiallarında olan kreditin verilməsi barədə qəbzin surətindən aydın olur ki, Cavabdeh1 30000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 021R**********S saylı, xx.xx.2020-ci il tarixli 021R**********SA saylı, xx.xx.2020-ci il tarixli 021R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda, işə əlavə olunmuş zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və onlar bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 16600 manat əsas kredit borcu, 1759 manat faiz borcu, 1581 manat cərimə borcu olmaqla, cəmi 20000 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, İddiaçı QSC hazırkı iddia üzrə 150 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1069 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019cu il tarixli 21R********** saylı Razılaşması Müqaviləsinin qeyd olunan şərtləri nəzərə Cavabdeh1 müqavilə müddətinədək, yəni xx.xx.2021-ci il tarixinədək banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən, əsas borc üzrə -18415,94 manat, faiz borcu üzrə—696,05 manat. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 21R********** saylı Razılaşması Müqaviləsinə əsasən borclu tərəfindən 2428,0 manat məbləğində pul vəsaiti ödənilmişdir: o cümlədən, xx.xx.2021-ci il tarixdə 1028,0 manat, xx.xx.2021-ci il tarixdə 700,0 manat, xx.xx.2021-ci il tarixdə 700,0 manat. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 2428,0 manat məbləğində pul vəsaitinin 1815,94 manat məbləği əsas borc məbləğindən, 612,06 manat məbləği faiz borc məbləğindən silinməsi müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 21L000000683 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 23 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 021R**********S saylı, xx.xx.2020-ci il tarixli 021R**********SA saylı, xx.xx.2020-ci il tarixli 021R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlayaraq bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı hazırkı iddia ilə əlaqədar 150,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına alavə xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə əsas borcla bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 9/1069 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 müqavilə müddətinədək, yəni xx.xx.2021-ci il tarixinədək (müqavilənin bitmə müddəti) banka 18415,94 manat əsas borcu vardır. İş materiallarından və ekspert rəyindən də göründüyü kimi cavabdeh xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə banka olan borcundan 2428 manat ödəniş etmiş, həmin məbləğin 1815,94 manat məbləği bank tərəfindən cavabdehin əsas borcunun silinməsinə hesablanmışdır. Məhkəmə iddianı “16600 manat məbləğində əsas borcun cavabdehdən tutulması hissəsində” əsaslı hesab edir və bu səbəbdən 16600 manat (18415,94-1815,94=16600,0 manat) məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən pulun tutulmasına münasibətdə iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, faiz borcuna görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 9/1069 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 müqavilə müddətinədək, yəni xx.xx.2021-ci il tarixinədək banka 696,05 manat faiz borcu vardır. İş materiallarından və ekspert rəyindən də göründüyü kimi cavabdeh xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə banka olan borcundan 2428 manat ödəniş etmiş, həmin məbləğin 612,06 manat məbləği bank tərəfindən cavabdehin faiz borcunun silinməsinə hesablanmışdır. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi və ona əlavə bağlanmış razılaşma üzrə verilmiş kreditin xx.xx.2021-ci il tarixədək qaytarmalı olduğu nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh hesablanmalı olan faiz borcu müqavilə müddətinin sonuna, yəni xx.xx.2021-ci il tarixədək hesablanmalı olduğundan, həmin tarixdən sonra hesablanmış faiz borcu nəzərə alınmamlı və xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə ödənilmiş məbləğdən cavabdehin faiz borcundan tutulmuş 612,06 manat məbləğində pul vəsaiti nəzərə alınmaqla 83,99 manat (696,05-612,06 =83,99 manat) məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli, 9/1069 saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 1581 Manat cərimə cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 830 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər cavabdehlərin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh2 kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə alınmış 30000 manatına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Məhkəmə həmçinin iddianın 150 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən almaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanunamüvafiq olaraq müəyyən edilir». Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin olunduğundan iddiaçının xeyrinə cavabdehlərdən birgə qaydada 150,0 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edirki, iddianın əsas hissəsi təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyərindən 150,0 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 16600,0 manat əsas, 83,99 manat faiz, 830,0 manat cərimə borcu olmaqla, cəmi 17513,99 (on yeddi min beş yüz on üç manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti və 150,0 (bir yüz əlli) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Ekspertiza xərci kimi 100,0 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-315/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-315/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver