Məhkəmə qərarları › İş №2(003)-3157/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3157/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3157/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon Məhkəməsinin 2(054)- 126/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikahın pozulmasını, birgə nikahdan olan 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızının boşanmadan sonra onun yanında qalmasını, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsini qət etmişdir. Onu da qeyd edir ki, 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızı sağlamlıq imkanları məhdud olan, “kvadroplegik spastik serebral iflic” diaqnozlu xəstədir və ona qulluq etmək müəyyən edilmiş məbləğdən qatqat artıq vəsait tələb edir. 1 qrup əlilliyin alınması ilə bağlı sənədləri müvafiq quruma təqdim etmişdir. Maddi imkanı olmadığına və heç kimdən maddi dəstək almadığına görə qızını müalicə elətdirə bilmir. Hal-hazırda o, övladı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Donuzkökəltmə sovxozu deyilən ərazidə xeyirxah bir qadına məxsus evdə müvəqqəti yaşayır. Xəstə övladına qulluq etdiyinə görə heç bir yerdə işləmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı övladının daim artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil. Onun müalicəsi ilə bağlı mən hər ay müəyyən vəsait xərcləyir. Məlum səbəblərdən çəkdiyi xərclərə görə heç bir qəbz verilmir və təbii ki, o də məhkəməyə bununla bağlı sübut təqdim edə bilmir. Ona görə də, 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Oğuz rayon Məhkəməsi 2(054)-126/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq hər ay 220 (iki yüz iyirmi)manatvə müalicəsi üçün əlavə xərclərə görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin, habelə, ilkin mediasiya prosesinə görə ödədiyim 50 (əlli) manatvəsaitin cavabdehdən tutularaq onaverilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz rayon Məhkəməsi 2(054)-126/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmasını, birgə nikahdan olan 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızının boşanmadan sonra İddiaçı yanında qalmasını, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı verilməsini qət etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh anası İddiaçı olan 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızı doğulmuşdur. İş materiallarına əlavə edilmiş 2857 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Məhərrəmova Yağmur Taleh qızı ilə bilrikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Donuzkökəltmə sovxozunda qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş X3 Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızı xx.xx.2023-cü il tarixdən hazırki tarixədək kəskin respirator xəstəlikdən əziyyət çəkir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızı doğulmuşdur. Oğuz rayon Məhkəməsi 2(054)-126/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaq iddiaçının himayəsində saxlanılmış və uşağa görə 120,0 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Oğuz rayon Məhkəməsi 2(054)-126/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızıının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə iddia tələbinin əlavə xərcin tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə ağır xəstə və şikəst olan uşaqlarla əlaqədar valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin, hazırki mülki iş üzrə iddiaçı iddia tələbində əlavə xərc tələb etsə də, hər hansı səbəbdən çəkilmiş əlavə xərclərə və ya gələcəkdə çəkilməsi zəruri olan xərclərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediatora ödənilmiş 50,0 manat xərcin Cavabdeh tutularaq İddiaçı Mahiqızına ödənilməsi tələbinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə habelə hesab edir ki, mediasiya sessiyası üçün ödənilmiş 50,0 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Oğuz rayon Məhkəməsi 2(054)-126/2018 saylı, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 09 aprel 2015-ci il təvəllüdlü Məhərrəmova Yağmur Taleh qızıının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş ümumilikdə 50,0 (əlli) manat pul tutularaq X1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar