Məhkəmə qərarları › İş №2(003)-317/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-317/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-317/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi- 7000 manat, əldən çıxmış fayda olaraq 2400 manat və ödənilmiş dövlət rüsumu olaraq 114 manat olmaqla, ümumilikdə 9514 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi- 25506,97 manat, əldən çıxmış fayda olaraq 3600 manat və ödənilmiş dövlət rüsumu olaraq 177 manat olmaqla, ümumilikdə 29106,97 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili icarə qaydasında bəzən müxtəlif şəxslərə vermişdir. Onun avtomobilini əsasən 1 günlük toy mərasinləri zamanı istifadə etmişlər. Bu məqsədlə həmin avtomobili xx.xx.2022-ci il tarixində icarəyə vermişdir. Həmin gün 23:30 radələrində Cavabdeh ona məxsus “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Maştağa-Buzovna şossesinin kənarında yerləşən “Retro” restoranının yaxınlığında idarəetməni itirməsi nəticəsində avtomobili yolun kənarında olan ağaca çırpmışdır. Avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuş, lakin casco sığortası olmadığından ona sığorta ödənişi edilməmişdir. Cavabdeh ona məxsus avtomobili həmin gün etibarnamə əsasında "xxxx" MMC vasitəsilə bir günlük icarəyə götürmüş və yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh avtomobilə dəymiş ziyanı ödəməsini öhdəsinə götürsə də sonradan heç bir ödəniş etməmişdir. Cavabdeh barəsində Xəzər RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı avtomobilə “Euro Style LTD” tərəfindən verilmiş qüsur aktına əsasən 25289,97 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda qüsur aktının tərtibi üçün servisə 177 manat, avtomobilin yoxlanmaq üçün gətirən evakuator xidmətinə görə 40 manat xərcləmişdir. Beləliklədə cavabdehin təqsirindən cəmi 25.506,97 manat (25289,97+177+40) maddi ziyan dəymişdir.O, dəfələrlə cavabdehə avtomobilə vurulmuş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə vədinə əməl etməyərək ödəniş etməmişdir. Halbuki, cavabdehə daha az məbləğdə pul ödəyəcəyi təqdirdə vurulmuş ziyanın qalan məbləğindən imtina edəcəyini dəfələrlə bildirmişdir. Lakin bu günədək cavabdeh heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə 23:30 radələrində iddiaçıya məxsus "xxxx" MMC-dən icarəyə götürdüyü “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Maştağa-Buzovna şossesinin kənarında yerləşən “Retro” restoranının yaxınlığında idarəetməni itirməsi nəticəsində avtomobili yolun kənarında olan ağaca çırpmışdır. Həmin gün avtomobili “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" MMC-nin ofisində Ramazan adlı şəxsdən götürmüşdür. Avtomobili işə saldıqdan sonra onun əyləc sisteminin nasaz olduğunu hiss etmişdir. Lakin "xxxx" MMC-nin nümayəndəsi avtomobili belə idarə etməsini bildirmişdir. Avtomobilin əyləci yaxşı işləmədiyindən qəza baş vermişdir. Hadisə ilə bağlı onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə yazılmışdır. İddiaçı ilə aralarında ödənişlə bağlı razılıq əldə etsə də, müəyyən maddi çətinliklərə görə maddi ziyanı ödəyə bilməmişdir. Tələb edilən məbləğlə razı deyil. Avtomobilə dəymiş zərərin təxminən 2000-3000 manat olduğunu düşünür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AC seriyalı 687847 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - xx.xx.2021-ci il tarixli ƏN-İ seriyalı 893295 saylı nəqliyyat vasitəsini idarə etmək haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətçisi olduğu “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili idarı etməyi 05 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək "xxxx" MMC-yə etibar etmişdir. Nəqliyyat vasitəsi PDS********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. - "xxxx" MMC-nin direktoru A.İ.Hüseynquliyev tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il saat 23:45-dən xx.xx.2022-ci il saat 23:45-dək Cavabdeh idarə etmək üçün verilmişdir. - Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı sonuncunun əməlində cinayət tərkibi aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati təsir tədbiri görülməsi məqsədi ilə qərarın surətinin icra edilməsi üçün Xəzər rayon DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - Xəzər RPİ-nin baş təhqiqatçısı Elvin Cəfərov tərədindən qəbul edilmiş nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanması haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sükan və idarə sistemi, tormoz sistemi, əl tormoz dəstəyinin və sürət ötürücüsünün vəziyyəti, işıq sistemi, digər aqreqat, mexanizm və hissələri saz vəziyyətdə olmuşdur. -"xxxx" LTD MMC avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyyat nişanlı avtomobilə 25289,97 manat ziyan dəymişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ƏİA/5 seriyalı 963158 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil üçün göstərilmiş evakuator xidmətinə görə 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ƏİA/5 seriyalı 963159 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil üçün göstərilmiş evakuator xidmətinə görə 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. -"xxxx" LTD MMC avtoservis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli П000025176 saylı təmir kartından görünür ki, “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qüsur aktının tərtib edilməsinə görə İddiaçı 177 manat ödəmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9269 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" LTD MMC avtoservisin xx.xx.2023cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz-G500” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9038 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh "xxxx" MMC-dən icarəyə götürdüyü, iddiaçıya məxsus olan avtomobillə xx.xx.2022-ci il tarixdə onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə zamanı İddiaçı əmlakına (avtomobilinə) zərər dəymişdir. Dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən İddiaçı sığorta ödənişi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh hüquq zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulduğundan dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti də Cavabdeh daşıyır. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzini -"xxxx" LTD MMC avtoservisin xx.xx.2023-cü il tarixli qüsur aktı ilə 25289,97 manat manat məbləğində qiymətləndirməsi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, avtoservis qiymətləndirmə apararkən, yalnız yeni ehtiyat hissələrinin qiymətinə istinad etmişdir. Nəzərə almaq lazımdır ki, ziyan dəymiş avtomobil 2008-ci il buraxılışlı olmaqla xeyli müddətdə istifadə edildiyindən müvafiq olaraq aşınmaya və köhnəlməyə məruz qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılan qiymətləndirmə zamanı isə dəyişilməli hissələrin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığından daha mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, iddiaçının əmlakına dəymiş zərər məhz ekspertiza rəyində göstərilən məbləğdə ola bilər. Bu səbəbdən həmin ekspert rəyi iddiaçının əmlakına dəymiş zərərin müəyyən edilməsi üçün əsas götürülməli və Cavabdeh hüquqa zidd əməli nəticəsində iddiaçının əmlakına dəymiş ziyan 9038,0 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda qüsur aktının tərtib edilməsi xərcinə görə 177 manat, evakuasiya xidmətlərinə görə 40 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 3600 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq ona ödənilməsi barədə hissəsinə dair hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməldir. Belə ki, iddiaçı həmin hissədə tələb etdiyi məbləği ona münasibətdə əldən çıxmış fayda kimi qiymətləndirməklə işin bu halını təsdiq edəcək hər hansı sübutu (icarəçi tərəfindən verilən icarə haqqı və sair) məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 112,55 manatı cavabdehdən tutulmalı, qalan 64,45 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş maddi ziyana görə 9038 manat, qüsur aktının tərtib edilməsi xərcinə görə 177 manat, evakuasiya xidmətlərinə görə 40 manat olmaqla, cəmi 9255 manat və ödənilmiş dövlət rüsumuna görə 112,55 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar