Məhkəmə qərarları › İş №2(003)-3215/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3215/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3215/2021 31.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2019-cu il tarixli ******* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1999 manat ödənilməmiş hissə, 200,40 manat dəbbə pulunun, ümumilikdə 2199,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01.07.2019-cu il tarixli ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı ümumi dəyəri 2204 manat olan “Samsung UE55RU7300UXRU” markalı televizora görə ilkin ödəniş olaraq 205 manat ödəmiş, 12 ay ərzində televizorun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə müqavilə imzalanan tarixdə 205 manat ilkin ödəniş etmiş və müqavilə üzrə qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Bununla da cavabdehin əsas borcu 1999 manat təşkil etmişdir. Nisyə alqı-satqı müqaviləsinin 5.4 bəndinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyaların dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 21.06.2021-ci il tarixinə qalıq qalmış borc məbləğinə gündəlik 1 faizlə hesablanmış müqavilə üzrə cərimə məbləği 200,40 manat təşkil etmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC-yə həmin müqavilə üzrə borcu 1999 manat əsas, 200,40 manat cərimə, cəmi 2199,40 manat təşkil etmişdir. Daha sonra iddiaçı ərizə verərək iddia tələbinin həcminin azaldılması zərurəti yarandığını bildirmiş, Cavabdeh "xxxx" MMC-yə ödənilməmiş 1949 manat əsas borc, 200,40 manat dəbbə pulu, 30 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilmiş, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “Samsung UE55RU7300UXRU” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh ilkin ödəniş olaraq 205 manat və 12 ay ödəniş cədvəli üzrə hər ay 167 manat olmaqla, cəmi 1999 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən sonuncu müxtəlif əşyalar almış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun həmin müqavilələr üzrə əsas və dəbbə pulu qismində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borca görə ödənilməmiş 01.07.2019-cu il tarixli müqavilə üzrə 1949 manat məbləğlərində əsas borc tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 01.07.2019-cu il tarixli müqavilə üzrə 1949 manat məbləğində əsas borca münasibətdə 200,40 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 01.07.2019-cu il tarixli müqavilə üzrə 20 manat məbləğlərində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.07.2019-cu il tarixli müqavilə üzrə 1949 manat əsas borca görə ödənilməmiş hissə, 20 manat dəbbə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, qalan məbləğ iddiaçı "xxxx" MMC-yə aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01.07.2019-cu il tarixli müqavilə üzrə 1949 manat əsas borc və 20 manat dəbbə və dövlət rüsumuna görə ödənilmiş 20 manat, ümumilikdə 1989 (min doqquz yüz səksən altı) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar