Məhkəmə qərarları › İş №2(003)-3249/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3249/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3249/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqavilələrinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit müqaviləsi üzrə 3333,82 manat kredit borcu, 1019,38 manat faiz borcu və 940 manat cərimə borcu. 021R********** saylı kredit müqaviləsi üzrə 1295,19 manat məbləğində kredit borcu, 319,09 manat faiz borcu və 382,09 manat cərimə borcunun ümumilkdə 7289,71 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 03.06.2019-cu il tarixli 021L**********71 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.10.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.04.2020-ci il tarixli 021R**********S saylı, 23.07.2020-cı il tarixli 021R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 666.18 manat ödəmiş, onun 3333.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30.06.2021-ci il tarixə 282 gün üçün hesablanmış faiz borcu 1019.38 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 30.06.2021-ci il tarixə 282 gün üçün hesablanmış cərimə 940.14 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 06.02.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1400 (min dörd yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.04.2020-ci il tarixli 021R**********S saylı, 23.07.2020-ci il tarixli 021R**********8SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 104.81 manat ödəmiş, onun 1295.19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30.06.2021-ci il tarixə 295 gün üçün hesablanmış faiz borcu 319.09 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 90 məbləğində cərimə ödəməlidir. 30.06.2021-ci il tarixə 295 gün üçün hesablanmış cərimə 382.09 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 021L**********71 saylı 03.06.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC həmin müqavilə ilə Cavabdeh1 120 ay müddətinə 50.000 manat məbləğində kredit xətti açır. İş materiallarında olan 021L**********71 saylı 03.06.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı QSC arasında 20 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit verilməsi barədə köçürmə qəbzindən görünür ki, kredit razılaşması üzrə 4000 manat bank tərəfindən hesaba köçürülmüş və Cavabdeh1 həmin pulu götürmüşdür. İş materiallarında olan 021R**********S saylı 10.04.2020-ci il tarixli və 021R**********SA saylı 23.07.2020-ci il tarixli sazişdən görünür ki, həmin müqavilələrlə Cavabdeh1 ilə İddiaçı QSC arasında 021L**********71 saylı 03.06.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** saylı, 21.10.2019-cu il tarixlikredit razılaşmasına və ödəniş cədvəlinə dəyişiklik edilmişdir. İş materiallarında olan 021R********** saylı, 06.02.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı QSC arasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə qaytarmaq şərti ilə 1400 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit verilməsi barədə köçürmə qəbzindən görünür ki, kredit razılaşması üzrə 1400 manat bank tərəfindən hesaba köçürülmüş və Cavabdeh1 həmin pulu götürmüşdür. İş materiallarında olan 021R**********S saylı 10.04.2020-ci il tarixli və 021R**********SA saylı 23.07.2020-ci il tarixli sazişdən görünür ki, həmin müqavilələrlə Cavabdeh1 ilə İddiaçı QSC arasında 021L**********71 saylı 03.06.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** saylı, 06.02.2020-ci il tarixli kredit razılaşmasına və ödəniş cədvəlinə dəyişiklik edilmişdir. İş materiallarında olan Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 21.10.2019-cu il tarixli 021S**********01 saylı və 03.06.2019-cu il tarixli 021S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, onlar, 021L**********71 saylı 03.06.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 021R********** saylı, 06.02.2020-ci il tarixli kredit razılaşması üzrə 30.06.2021-ci il tarixə əsas borcu 1295,19 manat, faiz üzrə 319.09 manat, cərimə üzrə borcu 382 manat təşkil edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit razılaşması üzrə 30.06.2021-ci il tarixə əsas borcu 3333,82 manat, faiz üzrə 1019,38 manat, cərimə üzrə borcu 940,14 manat təşkil edir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəlikləri vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilələr üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 021R********** saylı, 06.02.2020-ci il tarixli 1295,19 manat əsas, 319,09 manat faiz borcu, 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit müqavilələri üzrə 3333,82 manat əsas, 1019,38 manat faiz borcu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 021R********** saylı, 06.02.2020-ci il tarixli kredit razılaşması üzrə 1295,19 manat əsas borca münasibətdə cavabdehlərdən 382,09 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği 021R********** saylı, 06.02.2020-ci il tarixli kredit razılaşması üzrə 39 manat, həmçinin 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit razılaşması üzrə 3333,82 manat əsas borca münasibətdə cavabdehlərdən 940,14 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit razılaşması üzrə 95 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 021R********** saylı, 06.02.2020-ci il tarixli kredit razılaşması üzrə 1295,19 manat əsas, 319,09 manat faiz borcu, 39 manat məbləğində cərimə borcu, 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit razılaşması üzrə 3333,82 manat əsas, 1019,38 manat faiz borcu, 95 manat məbləğində cərimə borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçının iddia tələbinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməklə, tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 021R********** saylı, 06.02.2020-ci il tarixli kredit razılaşması üzrə 1295,19 manat əsas, 319,09 manat faiz borcu, 39 manat məbləğində cərimə borcu, 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit razılaşması üzrə 3333,82 manat əsas, 1019,95 manat faiz borcu, 95 manat məbləğində cərimə borcu, ümumilikdə 6102,05 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 021R********** saylı, 21.10.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar