Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3261/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 154.55 manat əsas, 52.73 manat faiz, cəmi 207.28 manat, həmçinin 20 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 16 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 238.17 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 08 iyul 2021-ci il tarixinə "xxxx" KB ASC-yə 154.55 manat əsas, 52.73 manat faiz,cəmi 207.28 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh 154.55 manat əsas, 52.73 manat faiz, cəmi 207.28 manat, həmçinin 20 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, «X1» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 16 avqust 2014-cü il tarixli, 1500tkHVS/14 saylı kredit xətti və bank hesabı müqaviləsi bağlanmışdır. İş materiallarında olan «X1» Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanmış 25 may 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Banka olan borcunun üç iş günü müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun «X1» Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 154.55 manat, faiz borcu 52.73 manat, olmaqla cəmi 207.28 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan az olduqda, məhkəməyə verilən iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinın xeyrinə Cavabdeh 154.55 manat əsas borc, 52.73 manat faiz borcu, olmaqla, ümumilikdə 207.28 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 384-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 154.55 manat əsas borc, 52.73 manat faiz borcu, olmaqla, ümumilikdə 207.28 (iki yüz yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3261/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3261/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver