Məhkəmə qərarları › İş №2(003)-3303/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3303/2020

18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3303/2020 18.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5183 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 863 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, ***- **-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi istixananı təbii qazla təchiz edir. Həmin istixanaya İddiaçı İB tərəfindən **********00003 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6 markalı, 28255545 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2’nın 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin istixanasına quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacına müdaxilə edildiyi aşkar edilmişdir. İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş cavabdeh imzalamaqdan imtina etmişdir. Qaz sayğacına müdaxilə edilməmişdən öncə cavabehin istifadə etdiyi təbii qaza görə 863 manat debitor borcu var idi, Beləliklə istifadə etdiyi təbii qaza görə abonentin 863 manat debitor borcu, qaz sayğacına müdaxilə etdiyinə görə itirilmiş təbii qazın həcmi isə 4320 manat. Nəticədə cavabdehin Birliyə borcu 5183 manat borcu qalmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 5183 manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. “İddiaçı" İB-nin məsul işçiləri tərəfindən sayğaca müdaxilə ediməsi nəticəsində dəymiş ziyan haqqında tərtib edilmiş aktla təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, Cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən sayğaca müdaxilə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, 5183 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini azaldılmış həcmdə müdafiə edərək, bildirmişdir ki, iddia tələbinin aktlar əsasında yazılmış borca dair hissəsi artıq mübahisələndirilmiş və bu barədə məhkəmə qətnaməsi mövcuddur. Cavabdeh istifadə etdiyi təbii qaza görə 863 manat debitor borcunu ödəməmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən 863 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı X4 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx xxxxxx 2017-ci il tarixdə ***-**-** müqavilə bağlanmışdır. Göstərilən hallar təsdiq edir ki, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00003 sayla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2221/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh tərtib edilmiş xx.xx.2018-ci il tarixli akt ləğv edilərək, həmin akt əsasında təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4320 manat borc silinmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh təbii qazdan istifadə etməsi ilə əlaqədar yaranan 863 manat əbləğində borcunu ödəməmişdir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilən hallara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri pozmuş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də onun hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni istifadə etdiyi təbii qaza görə yaranmış 863 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 863 (səkkiz yüz altmış üç) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar