Məhkəmə qərarları › İş №2(003)-3365/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3365/2020

03.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3365/2020 03.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh Həzrətqulu oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Həzrətqulu oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Həzrətqulu oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Həzrətqulu oğlundan onun xeyrinə iki uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2010-cu il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində 985 nömrəli akt qeydi aparılmaqla bağlanmış nikah, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2152/2017 saylı qətnaməsi ilə məhkəmə qaydasında pozulmuşdur. Qətnaməyə əsasən cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəlüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 uşaqların anası olaraq, yanında saxlanılmışdır. Uşaqların saxlanılması üçün hər ay cavabdehdən 200 manat sabit pul məbləğində xeyrinə aliment tutulması qət edilmişdir. Lakin alimentin təyin olunduğu vaxtdan artıq üç il keçmiş və uşaqların saxlaması ilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Ona görə də həmin dəyişikliyə uyğun olaraq, cavabdeh tərəfindən sabit pul məbləğində ödədiyi alimentin minimum məbləği 170 manat olmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (yüz yetmiş manat) manat müəyyən edilmişdir. Cavabdeh bunu bilir, lakin riayyət etmək istəmir. Ona görə də məsələni məhkəmə qaydasında həll etmək məcburiyytində qalmışdır. Qeyd etmək istəmişdir ki, cavabdeh qanunlara könüllü şəkildə riayyət etmək kimi müsbət xasiyyətə malik deyildir və buna mütləq məcbur etmə ilə mümkündür. Bu səbəbdən də hər dəfə uşağın saxlama minimumu artdıqca, yenidən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalacaqdır və cavabdeh də hər dəfə ona əziyyət verməkdən həzz alır. Cavabdeh fərdi bizneslə məşğuldur, aylıq gəliri aşağısı iki min manat civarındadır. Aylıq alimentin ödəmək və ya uşaqların digər xərclərində iştirak etmək, maddi vəziyyətinə görə onun üçün çətin deyildir. Lakin uşaqların saxlama üçün əlavə (tibbi, məktəb xərcləri və s.) xərclərindin heç birində iştirak etmir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2152/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onun xeyrinə hər ay hər uşağa görə 170 manat miqdarında Cavabdeh Həzrətqulu oğlundan tutulmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməməklə izahatinda bildirdi ki, alimenti vaxtlı-vaxtında ödəmişdir, hazırda evlidir, kirayədə yaşayır və aylıq 420 manat qazanc əldə edir. Odur ki, tələb olunan miqdarda aliment ödəmək iqtidarında deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2152/2017 saylı qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 analarının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat miqdarında alimentin Cavabdeh Həzrətqulu oğlundan tutulması qət edilmişdir. İş materillarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Cavabdeh Həzrətqulu oğlu “X4” QSC-də işləməklə 420 manat aylıq əmək haqqı alır. İş materillarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Həzrətqulu oğlu xx.xx.2020-ci il tarixdə X1 ilə nikahlarını bağlamışlar. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Eyni zamanda iddiaçının əvvəllər işləsə də, hazırda işləməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlllər müəyyən edilmiş alimentin məbləği artırılmalıdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Buna baxmayaraq cavabdehin işləsə də hazırda maddi qazancının alimenti ödəmək üçün kifayət etməməsi dəlilinə münasibətdə isə nəzərə almaq lazımdır ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Eyni zamanda cavabdeh yenidən ailə qurduğunu kirayədə qalmasını, lakin bununla yanaşı ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqlar böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, həmçinin cavabdehin maddi qazancının az olmasının onun övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ədalətlədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2152/2017 saylı qətnaməsi ilə Cavabdeh Həzrətqulu oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2009-cu il təvəlüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Həzrətqulu oğlundan İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 60 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 720 manat (60x12=720) müəyyən edildilməklə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2152/2017 saylı qətnaməsi ilə Cavabdeh Həzrətqulu oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2009-cu il təvəlüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Həzrətqulu oğlundan İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Həzrətqulu oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar