Məhkəmə qərarları › İş №2(003)-3373/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3373/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3373/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6508,85 manat əsas, 844,56 manat faiz, 26,83 manat cərimə olmaqla cəmi 7380,24 manat borcun və 94,21 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 6649 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 6508,85 manat əsas, 844,56 manat faiz, 26,83 manat cərimə olmaqla cəmi 7380,24 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi İsrafil Şahverdiyev ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı vəə yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 828nkMDK/22 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə Cavabdeh arasında sonuncuya xx.xx.2027-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 6649 manat kreditin verilməsi haqqında bağlanmışdır. -ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək, hər ay 170 manat, sonuncu ay isə 71,70 manat ödəniş etməklə yerinə yetirməsi barədə məsuliyyət götürmüşdür. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 6508,85 manat əsas, 844,56 manat faiz, 26,83 manat cərimə olmaqla cəmi 7380,24 manat məbləğində borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 93,81 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2027-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 6649 manat məbləğində kredit verilmişdir. Cavabdeh, kredit müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək, hər ay 170 manat, sonuncu ay isə 71,70 manat ödəniş etməklə götürdüyü kreditin (əsas və faiz borcunun) qaytarması barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliklərini yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6508,85 manat əsas, 844,56 manat faiz, 26,83 manat cərimə olmaqla cəmi 7380,24 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 93,81 manat və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6508,85 manat əsas, 844,56 manat faiz, 26,83 manat cərimə olmaqla cəmi 7380,24 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 93,81 manat və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar