Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3375/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4339,15 manat əsas, 1393,44 manat faiz, 71,6 manat cərimə olmaqla cəmi 5804,19 manat borcun və 78,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,50% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 4339,15 manat əsas, 1393,44 manat faiz, 71,6 manat cərimə olmaqla cəmi 5804,19 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi İsrafil Şahverdiyev ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2021-ci il tarixi bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın 19.1-ci bəndinə əsasən Bu müqaviləyə əsasən, “Borcverən” SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddəti, faktiki illik faiz dərəcəsi və məbləğdə “Müştəri”yə kredit verir. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16 % — maksimum 40 % faiz təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla “Müştəri”yə kredit rəsmiləşdirə bilər. Bu halda “Müştəri” hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Bölmənin müddəaları ilə müəyyən edilir. Bu Müqavilə heç bir halda Bank tərəfindən “Müştəri”yə kreditin verilməsi vədi kimi təfsir oluna bilməz. Kredit və ya kredit xəttinin məqsədli təyinatı: istehlak. “Müştəri”yə kreditin verilməsi aşağıdakı qaydada həyata keçirilir: bu Müqavilə imzalandıqdan sonra “Müştəri”yə cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. “Müştəri” aşağıdakı üsullardan biri vasitəsilə krediti əldə edə bilər: a) “Müştəri”, Bankda qeydiyyatda olan mobil telefon nömrəsindən (bundan sonra “Müştəri”nin mobil telefon nömrəsi”) ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini SMS vasitəsilə “Borcverən”in elan edilmiş əlaqə vasitələrinə yazıb göndərir. Bundan sonra “Boreverən”, “Müştəri”nin mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Müştəri”nin razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif SMS-i göndərir. “Müştəri”nin həmin SMS-ə cavab olaraq, öz mobil telefon nömrəsindən “Borcverən”in qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda SMS yazıb göndərməsi (“Müştəri” razılığını ifadə etmək üçün məhz təklif SMS-ində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin “Müştəri”nin cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin SMS1 qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini “Müştəri”nin cari hesabına köçürür. Kredit məbləği “Müştəri”nin həmin məbləğdən tam və ya qismən istifadə edibetməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. -xx.xx.2022-ci il tarixli cavabdehin ərizəsindən görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixi bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta şərtlərinə razılıq verilmişdir (aksept edilmişdir). -çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdehin 55-927-27-36 nömrəli möbil telefonuna “xx.xx.2025-ci il tarixədək, illik 29,5 %-lə 4500 manat nağd kredit (komissiya 0 manat, aylıq ödəniş 190 manat) və Ucard kartına illik 29 %-lə, 500 manatlıq kredit xətti açılması barədə” təklif göndərilmişdir. Təklifi təsdiqləmək üçün YES yazıb 8117ə göndərilməsi bildirilmişdir. Həmçinin həmin çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə sms göndərilərək ona göndərilmiş təklifi təsdiqlədiyindən təklifdə olan vəsait onun kartına köçürülməsi, Unibank ATM-lərdən nağlaşdırıla bilməsi, nağd kredit üzrə ödəniş tarixi hər ayın 17-i, kredit müqaviləsinin nömrəsi - 5196nkNARb/22 olması barədə məlumatlandırılmışdır. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 4339,15 manat əsas, 1393,44 manat faiz, 71,6 manat cərimə olmaqla cəmi 5804,19 manat məbləğində borcu vardır. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 78,05 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı itərəfindən kreditin verilməsi ilə bağlı göndərilmiş oferta şərtlərinə uyğun qaydada cavabdeh tərəfindən verilmiş razılıq əsasında onlar arasında kredit verilməsi haqqında 5196nkNARb/22 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən xx.xx.2025ci il tarixinədək illik 29,5 faiz ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Kreditalan (cavabdeh) kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4339,15 manat əsas, 1393,44 manat faiz, 71,6 manat cərimə olmaqla cəmi 5804,19 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 78,05 manat və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4339,15 manat əsas, 1393,44 manat faiz, 71,6 manat cərimə olmaqla cəmi 5804,19 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 78,05 manat və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3375/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3375/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver