Məhkəmə qərarları › İş №2(003)-3396/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3396/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3396/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.09.2020-ci il tarixli 303652-1-35361 nömrəli “Kredit Təşkilatlarında olan öhdəliklərin yenidən Maliyyələşdirilməsi üzrə Kredit Müqaviləsi”nə əsasən 02.06.2021-ci il tarixinə Banka borclu olduğu 2579,55 manat məbləğində əsas borc, 256,14 manat məbləğində faiz borcu, 172,95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3008,64 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödəilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 07.09.2020-ci il tarixli 303652-1-35361 saylı “Kredit Təşkilatlarında olan öhdəliklərin yenidən Maliyyələşdirilməsi üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 21 faiz hesablanması şərti ilə 48 ay müddətinə 2690 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 2579,55 manat məbləğində əsas borc, 256,14 manat məbləğində faiz borcu, 172,95 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə isə 3008,64 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlayaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması xahiş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 07.09.2020-ci il tarixli 303652-1-35361 saylı Nağd pul krediti müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında illik 21% ödəmək şərti ilə, 48 ay müddətinə olmaqla 2690 manat məbləğində Nağd pul kreditinin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan arayışdan görünür ki, 02.06.2021-ci il tarixə Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə 07.09.2020-ci il tarixli 303652-1-35361 saylı Nağd pul krediti müqaviləsi üzrə 2579,55 manat məbləğində əsas borcu, 256,14 manat məbləğində faiz borcu, 172,95 manat məbləğində cərimə borcu olmaqla cəmi 3008,64 manat borcu mövcuddur. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh kredit üzrə əsas borcun və hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul borcalandan tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 2579,55 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 172,95 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 20 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07.09.2020-ci il tarixli 303652-1-35361 saylı kredit müqaviləsi üzrə 02.06.2021-ci il tarixinə Banka borclu olduğu 2579,55 manat məbləğində əsas borc, 256,14 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07.09.2020-ci il tarixli 303652-1-35361 saylı kredit müqaviləsi üzrə 02.06.2021-ci il tarixinə Banka borclu olduğu 2579,55 manat məbləğində əsas borc, 256,14 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2886,09 (iki min səkkiz yüz səksən altı manat 09 qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar