Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3400/2020 08.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşamaq hüququ və əmlak tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə yaşadıqları evdən qızı ilə ona yaşamaq hüququ verilməsi və nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, azyaşlı qızı xx.xx.2017-ci il təvəllüdlü X3 ilə cavabdehə məxsus olan mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Məktəbli küçəsi, döngə 2 ünvanında yerləşən 10 saylı evin yaşayış hissəsinə köçürülməyi və həmin evin ikinci mərtəbəsinin tikilməsinə çəkilmiş xərclərin aralarında bərabər olaraq bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş əridir. Onlar 2016-cı ilin mart ayında nikaha daxil olub evləndikdən sonra Bakı şəhəri Xəzər rayon Məktəbli küçəsi döngə 2, ev 10-da yoldaşı qeydiyyatda olan evdə yaşamışlar. Bu evlilikdən bir övladları var: X3. xx.xx.2017-ci il təvəllüdlü. Cavabdehlə aralarında münaqişələr baş vermiş və aralarında söz-söhbət yarandığından dava-dalaş salmış, 2017-ci il 25 noyabr tarixində aralarında baş verən söz-söhbətdə cavabdeh onu döyərək qızı ilə evdən qovmuşdur. X4 ilə aralarında nikah 2018-ci ilin 12 iyun tarixində pozulmuşdur. O, gəlin gəldiyi ev 2 qonaq otağı (4-10 metr), 3 yataq otağı və 1 mətbəx (tualet və hamamdan) ibarət idi. Gəlin gələndə həmin evin yuxarı mərtəbəsini tikməyə başlamışlar. Cavabdehlə boşandıqdan sonra onun qarşı tərəfə əmlak barəsində heç bir tələbi olmayıb. Qızı həmin evə qeydiyyatdadır. Qanuna görə cavabdeh həmin gəlin gəldiyi evdən ona və qızına yaşamaq hüququ düşür. Qeyd olunanlara əsasən, azyaşlı qızı xx.xx.2017-ci il təvəllüdlü X3 ilə cavabdehə məxsus olan mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Məktəbli küçəsi, döngə 2 ünvanında yerləşən 10 saylı evin yaşayış hissəsinə köçürülməyi və həmin evin ikinci mərtəbəsinin tikilməsinə çəkilmiş xərclərin aralarında bərabər olaraq bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev onun nənəsinindir. İddiaçı onunla 2016-cı ildə nikaha daxil olub, bir il sonra çıxıb getmişdir. İddiaçı boşanmadan sonra cehizlərini də götürüb çıxıb getmişdir. Ev onların nikahından əvvəl tikilib. Onun özünün heç nəyi yoxdur. İddiaçını evdən heç kəs qovmayıb, özü birgə yaşaya bilmirəm deyib Türkiyəyə gedib. Ümumiyyətlə evin tikintisi və təmiri nikahdan əvvəl onun valideynləri tərəfindən edilib. İddiaçının evə heç bir vəsaiti sərf olunmayıb. Ev onun deyil. O, hazırda ailə qurub. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, cavabdeh onun qardaşıdır. İddiaçı ilə cavabdeh evləndikdən sonra heç bir il olmamış iddiaçı çıxıb getmişdir. Mübahisəli ev qardaşının deyil və tərəflərin nikahından əvvəl tikilib. Onların xeyli vaxtdır iddiaçıdan xəbərləri yox idi, indi gəlib ev istəyir. Ev nənələrinin evidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, tərəflərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov rayonu 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 30/0318 saylı arayışdan görünür ki, İddiaçı H.Məmmədov küçəsi, ev 9 ünvanında qızı X3 ilə birlikdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə xx.xx.2018-ci il tarixli qeyd aparılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Məktəbli küçəsi, döngə 2 ünvanında yerləşən 10 saylı evə dair X2 1963-cü ildə texniki pasport verilmişdir. Eyni zamanda, Məktəbli küçəsi, ev 10, döngə 2 ünvanına dair 1984-cü il tarixli ev dəftəri iş materiallarına əlavə edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Məktəbli küçəsi, döngə 2 ünvanında yerləşən 10 saylı ev hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını, tədqiq edilən sənədləri, o cümlədən tərəflərin izahatlarında öz əksini tapan bu və ya digər halları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin Cavabdeh ilə nikahda olduqları müddətdə şəxsi vəsaitləri hesabına tikilməsini, onların həmin evdə yaşayaraq birgə təsərrüfat aparmasını iddia etsə də, məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan halları ilə iddia tələbi öz təsdiqini tapmamışdır. Müəyyən edilmişdir ki, iddiaçı köçürülməsini tələb etdiyi evə dair X2 1963-cü ildə texniki pasport verilmişdir. Eyni zamanda, iddiaçı 2016-cı ildə gəlin köçdüyü evdən bir il sonra könüllü şəkildə başqa yerdə yaşamaq üçün çıxıb getmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır (30.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə işin müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarını tətbiq edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinad edərək hesab edir ki, baxılan iş üzrə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ yoxdur. Ona görə də iddia həmin hissədə təmin oluna bilməz. Belə ki, mübahisəli ev daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da, evə dair X2 1963-cü ildə texniki pasport verilmişdir. Hal-hazırda da evin sahibi Cavabdeh deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni zamanda, iddiaçı mübahisəli evə dair birgə nikah dövründə çəkilmiş xərclərin cavabdehlə aralarında bərabər bölünməsini tələb etmiş, lakin məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan halları ilə iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinatlar, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak aiddir. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh yaşamaq hüququ və əmlak tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh yaşamaq hüququ və əmlak tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3400/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3400/2020
08.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver