Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3400/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdeh Cavabdeh maşına vurduğu ziyana görə 3530 (üç min beş yüz otuz) manat və maddi ziyana görə 1000 (bir min) manat, cəmi 4530 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, hər nə qədər iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi kimi qeyd edilsə də, bu faktı təsdiq edən heç bir sübut ərizəyə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Bununla belə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, Cavabdeh rəsmi olaraq ünvan 2 ünvanında qeydiyyatdadır. Belə olan halda hazırki iddia da məhz cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli idi. Məhkəmə hesab edir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia ərizəsində iki fərqli iddiaçının adı qeyd edilsə də iddia ərizəsi yalnız bir şəxs tərəfindən imzalanmış və onlardan hansının subyektiv hüquqa malik olması əsaslandırılmamışdır. Eləcə də ərizədə onların hər birinin xeyrinə ayrı-ayrılıqda, yoxsa müştərək qaydada tələb irəli sürüldüyü, “cavabdehdən pulun alınaraq mənə ödənilməsi” qeyd edilərkən iddiaçılardan hansının nəzrədə tutulduğu aydın göstərilməmiş və bununla da iddia ərizəsinin forma və məzmununa da əməl edilməmişdir. Qanunvericiliyə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün sayılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. (MPM-in 40.1, 45.1, 151.1, 152.1.3-cü maddələri.) Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsi qaytarıldığından, İddiaçı2 adından xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 64,60 AZN (altmış dörd manat altmış qəpik) dövlət rüsumu da ona geri qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə həmçinin diqqətə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 64,60 AZN (altmış dörd manat altmış qəpik) dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3400/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3400/2025
12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver