Məhkəmə qərarları › İş №2(003)-341/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-341/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-341/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehl Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5182,74 manat əsas, 273,48 manat faiz borcu və 52,36 manat cərimə, cəmi 5508,58 manat məbləğində borcun və 75,09 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 24 ay müddətinə 7000 manat kredit götürmüşdür. xx.xx.2022-ci il tarixədək Cavabdeh banka 5182,74 manat əsas, 273,48 manat faiz borcu və 104,71 manat cərimə borcu olmaqla 5560,93 manat borcu vardır. Hazırda cavabdehdən cərimənin 50%, yəni 52,36 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, iddiaçı ilə onun arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Əvvəllər vaxtı-vaxtında ödənişlər etmiş, lakin sonradan işdən azad olduğuna görə imkanı pisləşdiyinən kredit üzrə ödənişlər edə bilməmişdir. Lakin buna baxmayaraq ödənişlər etmişdir. Hazırda iddiaçıya 4680,74 manat əsas və 273,48 manat faiz borcunun olmasını qəbul edir, lakin cərimə borcunu qəbul etmir. Məhkəmə, işdə iştirak edən şəxslərinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 20-Y-2-0-1149-21 saylı razılaşmadan (nağd kredit verilməsinə dair) görünür ki, həmin razılaşma 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 7000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 7000 manat məbləğində pul verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin 5182,74 manat əsas, 273,48 manat faiz borcu və 104,71 manat cərimə borcu vardır. Daha sonra İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin 4680,74 manat əsas, 478,55 manat faiz borcu və 677,36 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 75,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, eyni zamanda aralarında bağlanmış müqavilənin vaxtından əvvəl xitam verilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İş üzrə cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı ASC cavabdehdən əsas borcu üzrə 5182,74 manat, faiz borcu üzə 273,48 manat və cərimə borcu üzrə 52,36 manat məbləğində pulun tutulmasına dair tələb irəli sürmüş, lakin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında 4680,74 manat əsas borc, 478,55 manat faiz borc və 677,36 manat cərimə borcu göstərilmişdir. Təqdim olunmuş maliyyə arayışına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Odur ki, məhkəmə, iddia tələbini və hazırda cavabdehin iddiaçıya olan borcunu nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 4680,74 manat məbləğində əsas borc, 273,48 manat məbləğində faiz borcu və 52,36 manat məbləğində cərimə borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 20-Y-2-0-1149-21 saylı razılaşma (nağd kredit verilməsinə dair) ləğv edilməli, cavabdehdən 4680,74 manat məbləğində əsas borc, 273,48 manat məbləğində faiz borcu və 52,36 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5006,58 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin ödənilmiş 75,09 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 70 manat məbləğində pul tutulmalı, ödənilmiş dövlət rüsumunun 5,09 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin qismən edilsin. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 20-Y-2- 0-1149-21 saylı razılaşma (nağd kredit verilməsinə dair) ləğv edilsin. Cavabdeh 4680,74 manat məbləğində əsas borc, 273,48 manat məbləğində faiz borcu və 52,36 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5006,58 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ASC tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 75,09 manat məbləğində dövlət rüsumunun 5,09 manat hissəsi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar