Məhkəmə qərarları › İş №2(003)-3415/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3415/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3415/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6400 manat əsas, 811.54 manat faiz, 71.37 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5828.11 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 78.29 manat məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizənianketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 27% olmaqla 6400 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1 -ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 7 avqust 2025, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 4945,2 AZN əsas, 811,54 AZN faiz, 71,37 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5828,11 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı etiraf edərək, iddiaçı ilə aralarında kredit müqaviləsi bağlandığını, lakin borcunu ödəyə bilmədiyini, ona görə iddia tələbini qəbul etdiyini bildirmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizə-anket nümunəsindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış oldduğunu və onun bütün şərtləri ilə razı olduğunu bəyan etmişdir.

6. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4127nkMDKb/22 saylı saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixinədək, illik 24 % ödəmək şərti ilə 4600 manat məbləğində kredit verilməsi, borcalan tərəfindən isə həmin məbləğin təyinatına uyğun istifadə edilməsi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarılması qarşılıqlı razılaşdırılmışdır.

7. 07 avqust 2025-ci il tarixli, UB-BANK/PİKMD/1301077 saylı maliyyə arayışından görünür ki, 4127nkMDKb/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 07 avqust 2025-ci il tarixinə banka 4945.2 AZN məbləğində əsas, 811.54 AZN faiz, 71.37 AZN cərimə borcu olmaqla, cəmi 5828.11 AZN (beş min səkkiz yüz iyirmi səkkiz manat on bir qəpik) məbləğində borcu yaranmışdır.

8. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, xx.xx.2025-ci il tarixinə 4945.2 AZN əsas borc, 558.58 AZN faiz borcu, 31.79 AZN cərimə olmaqla, cəmi 5535.57 AZN (beş min beş yüz otuz beş manat əlli yeddi qəpik) məbləğində borcunun yarandığı bildirilmiş və bütün borcun 3 iş günü ərzində tam ödənilməsi və kredit müqaviləsinin ləğv olunması tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. 07.08.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 78.29 AZN (yetmiş səkkiz manat iyirmi doqquz qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

10. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

11. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

13. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

14. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 391.3, 393.2, 394.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

17. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

18. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

19. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir.

21. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı (bank) tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək cavabdehə 60 ay müddətinə, illik 27% ödəmək şərtilə 6400 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) göndərilərək bütün borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilədən imtina (ləğv) edilmişdir.

22. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə cavabdehin etirafedici izahatını da nəzərə alaraq hesab edir ki, iddiaçı (bank) müqavilədən imtina etməklə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, 4945.2 AZN (dörd min doqquz yüz qırx beş manat iyirmi qəpik) məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməli borc barədə cavabdehə xx.xx.2025-ci il tarixli bildirişlə (pretenziya) müraciət edərkən hazırki iddia ərizəsində göstərilən məbləğ (811.54 manat) barədə deyil, başqa məbləğ (yəni 558.58 – beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) barədə borclunu məlumatlandırmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini əsas alaraq hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərməklə ondan bütün borcun qaytarılmasını tələb etməsi, əks halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilməsi (birtərəfli qaydada iradə ifadəsinin qarşı tərəfə bildirilməsi) kredit müqaviləsinin bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Ona görə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi bildirişdə göstərilən əlavə (3 iş günü) müddət bitdiyi tarixdən ləğv edilmiş hesab edilir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması qanuni yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Lakin kreditor müqavilə ləğv edildiyi vaxtdan gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin (qanuni faiz) ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Ona görə hazırki vəziyyətdə iddia tələbi faiz hissəsində qismən, yəni bildirişdə göstərilən 558.58 AZN (beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) məbləğində təmin edilməlidir.

24. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Əvvəla iddiaçı xx.xx.2025-ci il tarixli bildirişdə cərimə məbləğini hazırki iddia ərizəsində göstərilən (71.37 manat) məbləğdə deyil, 31.79 manat məbləğində tələb etmiş, ancaq iddia ərizəsində həmin məbləğin sonradan hansı qaydada artırıldığı əsaslandırılmamışdır. Digər tərəfdən hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərər vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 31.79 AZN (otuz bir manat yetmiş doqquz qəpik) cərimə məbləği tutulmalıdır.

25. Məhkəmə iddianın ödənilmiş 78.29 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı həmin məbləği də təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilmiş tələbə mütənasib olaraq 75.36 AZN (yetmiş beş manat otuz altı qəpik) məbləğində dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4945.2 manat əsas, 558.58 manat faiz, 31.79 manat cərimə olmaqla, cəmi 5535.57 manat məbləğində borc və iddia ərizəsiin verilməsinə görə ödənilmiş 75.36 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 4945.2 AZN (dörd min doqquz yüz qırx beş manat iyirmi qəpik) məbləğində əsas, 558.58 AZN (beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) faiz, 31.79 AZN (otuz bir manat yetmiş doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 5535.57 AZN (beş min beş yüz otuz beş manat əlli yeddi qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 75.36 AZN (yetmiş beş manat otuz altı qəpik) məbləğində dövlət rüsumu tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar