Məhkəmə qərarları › İş №2(003)-342/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-342/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-342/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Məmmədova (Quliyeva) Qəşəng Çərkəz qızına qarşı cinayət nəticəsində vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Məmmədova (Quliyeva) Qəşəng Çərkəz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 1(101)-751/2015 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir. Məhkum Cavabdeh öz dələduz əməlləri ilə onlarla vətəndaşa, o cümlədən ona külli miqdarda ziyan vurmuşdur. Cavabdeh Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-751/2015 nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunmuşdur. Hökmdən də göründüyü kimi təqsirləndirilən şəxs Cavabdeh tərəfindən dələduzluq yolu ilə cinayət əlaqəsinə girərək etibardan sul istifadə etməklə başqasının külli miqdarda əmlakını mənimsəməklə talanması faktı ibtidai istintaq zamanı toplanmış mötəbər sübutların məcmusu ilə (təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və cinayət işində olan digər sübutlar) tam təsdiq olunur. Lakin istintaq və məhkəmənin gedişi prosesində onun konstitusion hüquqları ona tam izah olunmamış və o bu hüququndan birbaşa istifadə edə bilməmişədir. Hökmdən də göründüyü kimi o və digər zərərçəkənlər bilavasitə zərərçəkən kimi tanınmış və onlara və ona dəyən ziyan tam sübut olunmuşdur. Nəzərinizə çatdırır ki, hazırda Cavabdeh cəzasını çox hissəsini çəkərək azadlığa buraxılmışdır. Ona dəyən maddi ziyan ümumilikdə 14000 manat təşkil edir və həmin məbləği cavabdehlərdən tələb edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 01.02.2022-ci il tarixli iclasında iştirak edən, cavabdeh Məmmədova (Quliyeva) Qəşəng Çərkəz qızı iddia tələbinə münsaibtədə bildirmişdir ki, o İddiaçı pulu almışdır, lakin həmin pulu Rasim adlı şəxsə vermişdir. Hazrda Rasim törətmiş olduğu əməllərə görə cinayət məsuliyyətinə cləb edilmiş və cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir. Həmçinin hazırda İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 1(101)-751/2015 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 1(101)-751/2015 nömrəli hökmündə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh bildirmişdir ki, “İddiaçı 2014-cü ilin may-iyun aylarında bibisi qızı Günayın 63 saylı orta məktəbə müəllimə kimi düzəlməsini ondan ondan xahiş etdiyindən bu barədə tanışı Rasimlə məsləhətləşərək, bunun mümkün olmasını və 5000 manat pul tələb etdiyini bildirmişdir. Razılaşdıqdan sonra 19.06.2014-cü iltarixdə Emindən 5000 manat pulu alıb Rasimə vermişdir. Bir müddət sonra Emin yenidən ona müraciət edərək tanışları Xəncan və X2 İdarəsinə işə qəbul edilmələrinə köməklik etməsini xahiş etdiyini bildirmişdir. Razılıq əldə edildikdən sonra 30.06.2014-cü il tarixdə Emindən 9000 manat pul alıb, Rasimə vermişdir.” İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 1(101)-751/2015 nömrəli hökmündə şahid qismində dindirilmiş Xəncan Muradovun və Günay Bayramovanın vermiş olduğu ifadələrindən görünür ki, Xəncan Muradovdan, Günay Bayramovadan və Tural Ocaqverdiyevdən dələduzluq yolu ilə Məmmədova (Quliyeva) Qəşəng Çərkəz qızı tərəfindən alınmış olan ümumilkdə 14000 manat İddiaçı tərəfindən geri qaytarılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış olan 28.01.2022ci il tarixli ərizədə iddiaəçı İddiaçı ona qarşı olan iddia tələbinə iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş materiallarında görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 1(101)-751/2015 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir. Həmçinin hökmdə təqsirləndirilən şəxs qismində ifadə vermiş Cavabdeh ifadəsindən müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə İddiaçı tərəfindən Xəncan Muradovdan, Günay Bayramovadan və Tural Ocaqverdiyevdən alınmaqla ümumilikdə Qəşəng Məmmədovaya 14000 manat pul verilmişdir. Sonradan qeyd edilən məbləğ İddiaçı tərəfindən Xəncan Muradov, Günay Bayramova və Tural Ocaqverdiyevə qaytarılmışdır. Hazırda İddiaçı cavabdehdən 14000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 1(101)-751/2015 nömrəli hökmü məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2015-ci il tarixli, 1(101)-751/2015 nömrəli hökmü ilə hazırkı mülki iş üzrə cavabdeh Məmmədova (Quliyeva) Qəşəng Çərkəz qızının İddiaçı etibarından sui istifadəsi nəticəsində ondan 14000 manat (işə düzəltmək adı ilə Xəncan Muradovdan, Günay Bayramovadan və X1 Emin Fərman oğlu tərəfindən alınmış) pulun alınması sübuta yetirilmişdir. Həmçinin mülki işin materiallarında görünür ki, Cavabdeh tərəfindən məhkəməyə verilmiş olan iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə qeyd edir ki, qanunvericilikdən göründüyü kimi iddia müddəti üçün müəyyən edilmiş müddətlər fərqlidir. Belə ki, qanunvericiliyə əsasən vaxtaşırı və müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Lakin hazırkı halda iddiaçının tələbi müqavilədən və ya vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələb deyildir. Həmçinin xüsusi iddia müddəti şamil edilən tələblərdən deyildir. Hazırkı iddia tələbi üzrə iddia üzrə ümumi iddia müddəti şamil edilməlidir və bu iddia müddətidə qanunvericiliyə əsasən on il müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Məmmədova (Quliyeva) Qəşəng Çərkəz qızına qaşı olan pul tələbi üzrə iddia müddəti ötürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməli, 14000 manat məbləğində pul cavabdeh Məmmədova (Quliyeva) Qəşəng Çərkəz qızından alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Məmmədova (Quliyeva) Qəşəng Çərkəz qızından 14000 manat (on dörd min) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar