Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3424/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı "xxxx" Kommersiya Bankı ASC borclu X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1114.2 manat əsas, 119.5 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1313.70 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33.14 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmışdır. Ümumi Ofertanın 5.1-ci bəndinə uyğun olaraq SMS vasitəsilə cavabdehə 35 ay müddətinə, illik 27.6 faiz olmaqla, 500 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 5.3-cü bəndinə əsasən kredit və ya kredit xətinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayrır və ssuda hesabı açır, borcdan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 06 avqust 2025, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 1114.2 manat əsas borc, 199.5 manat faiz borcu, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 1313.7 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir etiraz təqdim edilməmişdir. Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. Unibank” KB ASC və X4 tərəfindən imzalanmış xx.xx.2022-il tarixli “Ərizə”nin: 1-ci bəndində qeyd edilir ki, bu ərizəni imzalamaqla mən X4 təsdiq edirəm ki, "xxxx" Kommersiya Bankı ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış oldum və onun bütün şərtləri ilə razıyam. Bütün öhdəliklərimi vaxtlıvaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyəm; 3-cü bəndində qeyd edilir ki, nağd kredit və ya kredit xətti üzrə şərtləri ümumi offertada qeyd edildiyi kimi qəbul edirəm.
5. X3 göndərilmiş elektron bildirişlərin traixçəsindən görünür ki, xx.xx.2022-ci il tarixli bildiriş ilə ilkin olaraq kredit limitinin məbləği 500 manata, daha sonra isə xx.xx.2022-ci il tarixli bildiriş ilə kredit limitinin məbləği 1100 manata çatdırılmışdır.
6. 06 avqust 2025-ci il tarixli, UB-BANK/PİKMD/1300945 saylı maliyyə arayışından görünür ki, X2 ARGİD********** saylı müqaviləyə əsasən 06 avqust 2025-ci il tarixə banka 1114.2 manat məbləğində əsas borc, 199.5 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə və 0 manat məbləğində komisyon haqqı olmaqla, cəmi 1313.7 manat məbləğində borcu yaranmışdır.
7. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən X3 xəbərdarlıq göndərilərək, 14 may 2025-ci il tarixinə 1100 AZN əsas, 174.5 AZN faiz, 25 AZN cərimə olmaqla, cəmi 1299.5 AZN məbləğində borcunun yarandığı bildirilmiş və bütün borcun 5 iş günü ərzində tam ödənilməsi və kredit müqaviləsinin ləğv olunması tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. 06 avqust 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 33.14 AZN (otuz üç manat on dörd qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
10. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
11. 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
12. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
14. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
15. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
17. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
18. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
19. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
20. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı (bank) tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək cavabdehə 35 ay müddətinə illik 27.6 faiz dərəcəsi ilə 500 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) göndərilərək bütün borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilədən imtina (ləğv) edilmişdir.
23. Məhkəmə iddia tələbinin əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməli borc barədə cavabdehə xx.xx.2025-ci il tarixli bildirişlə (pretenziya) müraciət edərkən hazırki iddia ərizəsində göstərilən məbləğ (1114.2 manat) barədə deyil, başqa məbləğ (yəni 1100 – bir min yüz manat) barədə borclunu məlumatlandırmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini əsas alaraq hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərməklə ondan bütün borcun qaytarılmasını tələb etməsi, əks halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilməsi (birtərəfli qaydada iradə ifadəsinin qarşı tərəfə bildirilməsi) kredit müqaviləsinin bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Ona görə hazırki vəziyyətdə iddia tələbi əsas borc hissəsində qismən, yəni bildirişdə göstərilən 1100 AZN (bir min yüz manat) məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməli borc barədə cavabdehə xx.xx.2025-ci il tarixli bildirişlə (pretenziya) müraciət edərkən hazırki iddia ərizəsində göstərilən məbləğ (199.5 manat) barədə deyil, başqa məbləğ (yəni 174.5 – bir yüz yetmiş dörd manat əlli qəpik) barədə borclunu məlumatlandırmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini əsas alaraq hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərməklə ondan bütün borcun qaytarılmasını tələb etməsi, əks halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilməsi (birtərəfli qaydada iradə ifadəsinin qarşı tərəfə bildirilməsi) kredit müqaviləsinin bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Ona görə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi bildirişdə göstərilən əlavə (5 gün) müddət bitdiyi tarixdən ləğv edilmiş hesab edilir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması qanuni yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Lakin kreditor müqavilə ləğv edildiyi vaxtdan gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin (qanuni faiz) ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Ona görə hazırki vəziyyətdə iddia tələbi faiz hissəsində qismən, yəni bildirişdə göstərilən 174.5 AZN məbləğində təmin edilməlidir.
25. Məhkəmə iddianın ödənilmiş 33.14 manat (otuz üç manat on dörd qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı həmin məbləği də təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilmiş tələbə (1100+174.5=1274.5) mütənasib olaraq 32.75 AZN (otuz iki manat yetmiş beş qəpik) məbləğində dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1100 AZN (bir min yüz manat) əsas borc və 174.5 AZN (bir yüz yetmiş dörd manat əlli qəpik) faiz borcu olmaqla, cəmi 1274.5 AZN (bir min iki yüz yetmiş dörd manat əlli qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 32.75 AZN (otuz iki manat yetmiş beş qəpik) dövlət rüsumunun məbləği cavabdeh X1 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh X1 1100 AZN (bir min yüz manat) əsas borc və 174.5 AZN (bir yüz yetmiş dörd manat əlli qəpik) faiz borcu olmaqla, cəmi 1274.5 AZN (bir min iki yüz yetmiş dörd manat əlli qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 32.75 AZN (otuz iki manat yetmiş beş qəpik) dövlət rüsumunun məbləği tutulsun və iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov