Məhkəmə qərarları › İş №2(003)-3473/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3473/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3473/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 "xxxx" KB ASC-nin xeyrinə 538,93 AZN əsas, 65,65 AZN faiz, 3,06 cərimə, 0 AZN komisyon haqqı borcu lmaqla, cəmi 607,64 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasını (ləğv edilməsini) tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən də, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilədən birtərəfli imtinanı tənzimləyən MM-in 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Habelə ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qrərar) İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında mübahisə kredit müqaviləsindən irəli gəlir. Həmin kredit müqaviləsinin xx.xx.2023-cü il tarixində 35 ay müddətinə bağlanıldığı qeyd olunmuşdur. Yəni həmin müqavilə hazırda qüvvədədir. İddiaçı borclunun öhdəliyini icra etmədiyini əsas gətirərək kredit borcunun tam şəkildə tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan normalara və hüquqi mövqeyə əsasən, istər müqavilənin ləğv edilməsi, istərsə də müqavilədən imtina edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilməli, bundan sonra məhkəməyə müraciət edilə bilər. İddia ərizəsində qeyd olunur ki, tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Halbuki iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubundan görünür ki, bildirişdə borclunun (cavabdehin) ünvanı tam qeyd edilməmiş və həmin bildirişin göndərilməsini təsdiq edən poçt qəbzində də “ünvan tam deyil” qeydi ilə bildiriş çatdırılmamışdır. Bu da kreditor (iddiaçı) tərəfindən pretenziya qaydasına əməl edilmədən birbaşa məhkəməyə müraciət edildiyini, bununla da qanunvericiliyin tələbinin pozulduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284- 3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına əməl edilmədiyindən (əlavə edilmiş “Bildiriş” və “poçt qəbzi” onun göndərilmədiyini təsdiq edir) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Habelə məhkəmə diqqətə çatdırır ki, MPM-in 284-3.5-ci maddəsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi ilə bağlı kiçik iddiallara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı "xxxx" KB ASC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar