Məhkəmə qərarları › İş №2(003)-349/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-349/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-349/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı QSC nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 829,53 manat məbləğində kredit borcu, 186,33 manat məbləğində faiz borcu və 260,31 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1276,17 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,77 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15.03.2018-ci il tarixli 021L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120,0 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1700 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29.09.2020-ci il tarixli 021R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.12.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 870,47 manat ödəmiş, onun 829,53 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.11.2021-ci il tarixə 336 gün üçün hesablanmış faiz borcu 266,44 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 12.11.2021-ci il tarixə 336 gün üçün hesablanmış cərimə 260,31 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditormüqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə, hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iddia ərizəsinin “xahiş edirik” hissəsində düzgün göstərilsə də, əsaslandırma hissəsində yanlışlığa yol verilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehlərin 10.11.2021-ci il tarixə 330 gün üçün hesablanmış faiz borcu 186.,33 manat, cərimə borcu isə 260,31 manat olsa da, iddia ərizəsində yanlışlığa yol verilərək faiz və cərimə borcu müvafiq olaraq 266,44 manat və 265,29 manat göstərilmişdir. Bu səbəbdən iddia ərizəsinin əsaslandırma hissəsində cavabdehlərin faiz borcunun 186,33 manat, cərimə borcunun 260,31 manat olması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, bank tərəfindən hesablanmış 829,53 manat əsas və 186,33 manat faiz borcunu qəbul edir, lakin müqavilə üzrə hesablanmış 260,31 manat cərimənin silinməsini məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən digər Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, bank tərəfindən hesablanmış 829,53 manat əsas və 186,33 manat faiz borcunu qəbul edir, lakin müqavilə üzrə hesablanmış 260,31 manat cərimənin silinməsini məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etdi. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15.03.2018-ci il tarixli 021L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120,0 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 1700 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş planından görünür ki, Cavabdeh1 13.08.2019-cu il tarixdən 11.01.2021-ci il tarixədək İddiaçı QSC-yə 1700 manat əsas kredit borcu, 377,59 manat faiz borcu olmaqla, cəmi 2077,59 manat məbləğində borcu ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan tərəflərin imzaladıqları 29.09.2020-ci il tarixli 021R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh1 hesabına 1700,0 manat pul vəsaiti (kredit) köçürülmüşdür. Eyni zamanda, işə əlavə olunmuş zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin edilmiş və onlar bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 11.07.2019-cu il tarixli, 021R********** saylı kredit müqaviləsi üzrə 10.11.2021-ci il tarixə 829,53 manat əsas kredit borcu, 186,33 manat faiz borcu, 260,31 manat cərimə borcu olmaqla, cəmi 1276,17 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 02.11.2021-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, İddiaçı QSC hazırkı iddia üzrə 32,77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2018-ci il tarixli 021L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120,0 (yüz iyirmi) ay müddətinə 30000 manat, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 11.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1700 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 32,77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimələr əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 260,31 manat cərimə cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 30,0 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər cavabdehlərin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərlərinə götürmüşlər. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış 11.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 32,77 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 829,53 manat əsas borc, 186,33 manat faiz borcu, 30,0 manat cərimə olmaqla, cəmi 1045,86 (min qırx beş manat, səksən altı qəpik) manat pul tutularaq "xxxx" QSC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada ödənilmiş dövlət rüsumu üzrə 32,77 (otuz iki manat, yetmiş yeddi qəpik) manat tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar