Məhkəmə qərarları › İş №2(003)-3502/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3502/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3502/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 dekabr 2019-cu il tarixli, 07058 saylı fərdi kredit müqaviləsi üzrə 22 sentyabr 2022-ci il tarixinə yaranmış əsas borc üzrə 1065,97 manat, faiz borcu üzrə 78,36 manat, cərimə borcu üzrə 300 manat olmaqla, ümumilikdə 1444,33 manat məbləğində borcun və ödənilmiş 35 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, 07058 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 30 faiz ödəmək şərtilə 1500 manat məbləğində aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Cavabdeh həmin müqaviləsi üzrə ümumilikdə 800 manat məbləğində ödəniş etmişdir. Cavabdeh üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Hal-hazırda Cavabdeh iddiaçıya 22 sentyabr 2022-ci il tarixinə əsas borc üzrə 1065,97 manat, faiz borcu üzrə 78,36 manat, cərimə borcu üzrə 300 manat olmaqla, ümumilikdə 1444,33 manat məbləğində kredit borcu mövcuddur. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 07058 nömrəli fərdi kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh MMC tərəfindən 12 ay müddətinə illik 30 % dərəcəsi ilə 1500 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi 25.01.202-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, hər ay 146,23 manat, sonuncu ay 146,24 manat ödəniş etməklə yerinə yetirməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1065,97 manat, faiz borcu üzrə 78,36 manat borcu, cərimə üzrə 300 manat, cəmi 1444,33 manat məbləğində borcu vardır. İş materiallarında olan ödənişlər üzrə çıxarışdan görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1065,97 manat, faiz borcu üzrə 78,36 manat, cərimə üzrə 300 manat borcu vardır İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən iş üzrə cavabdehdən aralarında bağlanmış müqavilə əsasında yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 35 manat məbləğində rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncuya həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən 12 ay müddətinə illik 30 % dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuş və onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar əsas və faiz borcunun əsaslı olaraq tələb edilməsini təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1065,97 manat əsas, 78,36 manat faiz borcu tutulmalıdır. İddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, cərimə (dəbbə) pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 1065,97 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 300 manat cərimə pununun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat cərimə pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 07058 nömrəli fərdi kredit müqaviləsi üzrə cavabdehdən 1065,97 manat əsas, 78,36 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 1194,33 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq, təmin edilmiş məbləğə mütənasib olaraq cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun 5 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 07058 nömrəli fərdi kredit müqaviləsi üzrə cavabdehdən 1065,97 manat əsas, 78,36 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 1194,33 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar