Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-351/2024 23.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, X1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc müqaviləsi üzrə pul və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc müqaviləsi üzrə pul və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona olan borclarına görə ******* ABŞ dollarının ödəniş gününə məzənnə alınmaqla milli valyuta ilə ekvivalentinin və 315000 manat pulun alınıb ona verilməsi və “Qızıl Balıq” Restoranında ona məxsus 50% pay üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə, orada olan 2 taxtadan olan evlərindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması, cavabdehlərdən həmin restoranın həyətində olan 2 ədəd taxta evin inşası üçün lazım olan bütün materialların (hər biri 152,5 kv.m olan evlərin tikintisi üçün brus tipli, kolibrovka edilmiş hazır taxta materialların) alınıb ona verilməsi, onları qaytarmadıqları təqdirdə cavabdehlərdən müştərək qaydada hər bir ev materialı üçün 100.000 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlər "xxxx" MMC-nin direktoru Cavabdeh2 və onun arvadı Cavabdeh1 ilə əvvəl dostluq, sonra işgüzar münasibətləri hələ 2000-ci illərdən başlamışdır. Həmin dövrdə Elxan Rusiya Federasiyası Çelyabinsk Vilayətinin qubernatorunun nümayəndəsi kimi müraciət edərək, Azərbaycan Respublikası ilə həmin vilayət və ümumiyyətlə Rusiya Federasiyası arasında işgüzar və dostluq münasibətlərinin qurulması, qarşılıqlı iqtisadi əməkdaşlığın yaradılması üçün ondan kömək istəmişdir. İddiaçı isə Milli Məclisdə deputat olmaqla yanaşı, Rusiya- Azərbaycan Parlamentlərarası Dostluq qrupunda işləmişdir. İddiaçı Elxanın bu təklifini qəbul edərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi naminə ona malların daşınması, ölkəyə idxal prosedurlarında, habelə bəzi hallarda maddi cəhətdən dəstək olmuşdur. O, bu əlaqələrin daha da gücləndirilməsi üçün kifayət qədər vaxt və vəsait xərcləmişdir. Bundan sonra onların yaxın dostluq münasibətləri formalaşdı və ailəvi yaxınlıq yaranmışdır. Elxan və arvadı iddiaçının köməkliyi ilə Azərbaycanda biznes fəaliyyətini genişləndirmişdir. Onlar iddiaçını dəfələrlə rəsmi şərikliyə dəvət etsələr də, o, deputat olduğunu və biznes fəaliyyəti ilə məşğul ola bilmədiyini bildirmişdir. Lakin, iddiaçının deputat mandatının müddəti bitdikdən sonra Elxan və Lyubovun Zirə qəsəbəsində torpaq sahəsinin alınması və orada restoran tikilməsi ilə bağlı təkliflərini qəbul etmişdir. İddiaçı öz şəxsi əlaqələri hesabına Cavabdeh1 Zirə qəsəbəsində torpağın ayrılmasına, restoranın qurulması üçün Rusiya Federasiyasından mal-materialın gətirilməsinə köməklik etmiş və həmin sahədə onlara məxsus evlərlə yanaşı, biri iddiaçının özü üçün digəri onun dostu X4 üçün də iki ədəd taxtadan qonaq evləri inşa etdirmişlər. 2016-cı ilin sonuna yaxın Elxan və arvadı iddiaçıya müraciət edərək başqa bizneslərində ciddi ziyan etdiklərini və təcili pul yardımına ehtiyacları olduğunu bildirmişdilər. İddiaçı onlara ******* ABŞ dolları pul vermişdir ki, borclarını bağlasınlar. Onlar xahiş etmişlər ki, iddiaçı 5 il onlardan bu vəsaiti istəməsin. “Qızıl Balıq” restoranının işindən onlara çatası vəsait digər bank borclarını hər ay bağlasınlar, 5 ilin sonunda əgər gəlirləri artmasa, həmin restoranın onlara çatacaq 50 faiz pay hissəsini də ona verib, borclarını əvəzləşdirsinlər. İddiaçı 3-4 il onlardan borcunu qaytarmaqlarını tələb etməmişdir. 2020-ci il tarixdə yenidən hər iki cavabdeh ona müraciət edib, ailəvi dostluq münasibətlərindən və onun mərhəmətindən sui-istifadə edərək, ondan düşdükləri ağır vəziyyətdən çıxmaq üçün yenidən borc istəmişlər. İddiaçı nağd pulunun olmadığını, əvəzində təsisçisi olduğu "xxxx" Mənzil Tikinti Kompleksində iddiaçıya məxsus 3 ədəd evi sataraq pulunu borc kimi götürməyi təklif etmişdir. Onlar razılaşmış və müştəri taparaq həmin evləri onlara satıb pulunu götürmüşlər. Belə ki, Moskva prospekti 8 ünvanında yerləşən 37 saylı binanın 6-cı mərtəbəsində olan mənzili 126000 manata, həmin binada 19-cu mərtəbədə olan mənzili 94500 manata, 39 saylı binanın 16-cı mərtəbəsində olan mənzili isə 94500 manata satıb pulunu, yəni cəmi 315000 manat pulu götürmüşlər. Bütün qeyd edilənlərlə bağlı cavabdehlər etiraf və təşəkkür məktubu yazmışlar. 2021-ci ildən başlayaraq onlara borclarını qaytarmaq üçün söz verdikləri zamanın çatdığını xatırlatdıqda, onlar tamam başqa insanlar oldular. İddiaçıya qarşı əks həmləyə keçərək, guya onun onlara göstərdiyi köməyə görə pul aldığını bildirərək, əsassız tələblər irəli sürdülər. Bu arada, faktiki olaraq Cavabdeh1 arvadı Cavabdeh2 ilə heç vaxt heç bir nə iş münasibətləri, nə hər hansı kommersiya perspektivli münasibəti olmamışdır. Təxminən 2012-ci il ərəfələrində Cavabdeh1 biznes pasrtnyoru Landeberq adlı xanımın günün birində əsassız olaraq haqqında bütün rəsmi dövlət orqanlarına şikayətlə müraciət etmişdir. Bu xüsusatı qeyd etməkdə məqsədi odur ki, artıq bu gün həmin hadisənin təsadüfi olmadığını düşünmüşdür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini və iddia ərizəsinin məzmunun izahat kimi qəbul edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbinə dair etirazla müraciət edərək qeyd etmişdir ki, əri Cavabdeh1 Bakının Ramana kəndində doğulmuş, burada 198 nömrəli məktəbdə oxumuş, sonradan 7-ci sinifdən Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirərək, Bakı Ali Hərbi İnstitutuna daxil olmuş və 1979-cu ildə leytenant hərbi rütbəsiylə Polşanın Qdansk şəhərinə hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətinin davamı “URAL” hərbi dairəsində davam edilmiş və sonradan polkovnik hərbi rütbədə ehtiyata çıxmışdır. Bundan sonra, o, Cavabdeh1la yaşadıqları “Ural” vilayətinin Çelyabinsk şəhərində qalmış və onlar 2002-ci ildə Bakıya gəldikdən sonra, Cavabdeh1 bizneslə məşğul olmuşdur. Əri Cavabdeh1 2004cü ildə, Bakı şəhərində Azərbaycan Milli Məclisinin İİ, İİİ və İV çağırış deputatı İddiaçıla tanış olmuşdur. Əri Cavabdeh1 isə, Uralın ən böyük və ən nəhəng avtomobil zavodları ilə əməkdaşlığı vardır. Çünki, həmin illərdə Cavabdeh1 Çelyabinsk və Kurqan vilayətlərinin qubernatorların Azərbaycandakı nümayəndəsi idi. İddiaçı bunları bildikdən sonra, Elxandan əl çəkməmişlər və illərcə Cavabdeh1 vasitəsilə Ural vilayətindən Bakıya razılaşdırılmış ucuz qiymətlərlə müxtəlif çeşidli avtotexnikanı, traktor və xüsusi yol quraşdırma texnikasını, təqaçları, xüsusi tikinti maşınları, URAL maşınlarını və sair lazımi ağır maşınları gətizdirmişdir. Məhz bunun üçün “YUJURALPROQRESS" МMC firması təsis edilmişdir. Sonradan Azərbaycan vətəndaşlığını qəbul etdiyindən şəxsən İddiaçı təkidi ilə o, “YUJURALPROQRESS" МMC-nin direktoru təyin edilmişdir. Bu İddiaçı əvvəlcədən düşünülmüş məkrli, təmənnalı planları idi. Çünki, məhz həmin vaxtdan bankdan alınan bütün kreditlər və bütün maliyyə öhdəlikləri onun adına bağlanırdı. İddiaçı onun və əri Cavabdeh1 etibarına belə bir ustalıqla, məharətlə girmişdir ki, onlar ona bir kəlmə “yox” deyə bilmirdilər. Bunun üçün daima bağ evlərinə gəlib, səmimi söhbətlər, biznes planları və qazanc əldə etmək üçün cürbəcür yollar və vədlər təklif etmişlər. Onlar da ona tam inanmışlar. Belə ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 05 iyun 2012-ci il tarixli müqavilənin icrası üçün İddiaçı onlardan həmin müqavilədə nəzərdə tutulmuş 17000000 ABŞ dolları pul vəsaitinin 20 faizini, yəni ******* ABŞ dolları məbləğində pul vəsaiti tələb etmişdir. Həmin vaxt qarşılıqlı razılıqla onlar özlərinə məxsus olan bir binanı ******* ABŞ dolları dəyərləndirmişlər. İddiaçı həmin binaya cəmi ******* ABŞ dolları qiymət qoyduğunu, qalan ******* ABŞ dollarını da tələb etdiyini bildirmişdir. O, məcbur qalıb “ABB”-dən ******* manat məbləğində pul vəsaiti kredit götürmüş və bank özü xx.xx.2012-ci il tarixdə inkassator vasitəsilə həmin pulu İddiaçı onlardan dəyəri ******* ABŞ dolları olan bir binanı və ******* manat nağd pulu alaraq ələ keçirmiş, bu məbləğdə onlara maddi zərər vurmuşdur. Bundan əlavə, “YUJURALPROQRESS" МMC ilə "xxxx" ASC arasında bağlanmış, dəyəri ******* manat olan xx.xx.2014-cü il tarixli bir müqavilənin icrası üçün, həmin məbləğin 20 faizi kimi ******* manat məbləğində pul tələb etmiş, o, həmin müqavilənin icrasının təmin edilməsi üçün həmin pulu ona verməyə razılaşmış və “Kapital Bank”-dan ******* manat məbkəğində kredit götürərək, bank inkassatorları vasitəsilə həmin pulu İddiaçı evində ona çatdırmışlar. Elton həmin pulu aldıqdan sonra özü üçün də bu işi təşkil etdiyinə görə 400000 ABŞ dolları pul istəmiş və onlar ona əlavə 400000 ABŞ dolları pul vermişlər. Bununla da ******* manat və ******* ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirərək onlara külli miqdarda zərər vurmuşlar. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçının onun ərinə külli miqdarda borcu vardır. Onlar çoxlu yerlərə şikayət etdikdən sonra iddiaçı borcunun əvəzinə ona borclu olduğu məbləğdən 30.000 və 50.000 olmaqla, cəmi 80.000 ABŞ dolları pl vermişdir. Başqa iddiaçı tərəfindən nə ona nə də digər cavabdeh olan əri Cavabdeh1 pul verilməmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, o, "xxxx" Mənzil Tikinti Kooperativində katib vəzifəsində işləyir. 2020-ci ilin axırları, 2021-ci ilin əvvəllərində İddiaçı ona zəng edərəkə Cavabdeh1 arvadının gələcəyini bildirmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru həmin vaxt Pərviz Hüseynov olmuşdur. Cavabdeh1 arvadı Cavabdeh2 öz sürücüsü ilə ofisə yaxınlaşmışdır. İddiaçı cavabdehə pul yox, ev vermişdir. Sonra isə onlara bildirdi ki, əgər pul istəyirlərsə evin satılmasına kömək etsinlər, satışdan əldə edilən pulu onlara versin Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o, "xxxx" Mənzil Tikinti Kooperativində satış şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı həmin kooperativin təsisçilərindən biridir. İddiaçı köməkçi vasitəsilə zəng edərək ona məxsus olan paydan mənzil verilməsini istəmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin evi cavabdeh üçün istəmişdir. Cavabdehə pul əvəzinə, mənzil vermişdir. 2-3 gün sonra isə ev satılaraq pulu cavabdehə verildi. Pul verilərkən heç bir qəbzə qol çəkilməmiş, yalnız təşəkkürnamə verilmişdir. Pul ödənişini təsdiq edən hər hansı bir sənəd mövcud deyil. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, o, "xxxx" Mənzil Tikinti Kooperativində mütəxəssis vəzifəsində işləyir. O, 2020-2021-ci illərdə İddiaçı sürücüsü olmuşdur. Cavabdeh2 AMEA-ya gələrək İddiaçıla görüşmüşdür. Sonra onlar “Sabir bağı” adlanan əraziyə getmişlər. Cavabdeh2 İddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, bu səbəbdən borclarını bağlamaq üçün pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı isə söhbət əsnasında ona yalnız ev verə biləcəyini qeyd etmişdir. Daha sonra o, Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinə aparmışdır. Ofisdə danışılanlar barədə məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddia ərizəsini, iş materiallarını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli 1580 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, icraçı "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 37 saylı binasının 19-cu mərtəbəsində yerləşən sahəsi 105 kv.m olan 2 otaqlı 121 saylı mənzili payçı X7 tikib təqdim etməyi öz öhdəsinə götürür. Mənzilin cəmi dəyəri 94500 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli 1548 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, icraçı "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 37 saylı binasının 6-cı mərtəbəsində yerləşən sahəsi 140 kv.m olan 3 otaqlı 35 saylı mənzili payçı X10 tikib təqdim etməyi öz öhdəsinə götürür. Mənzilin cəmi dəyəri 126000 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli 1544/1 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, icraçı "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 39 saylı binasının 16-cı mərtəbəsində yerləşən sahəsi 105 kv.m olan 2 otaqlı 100 saylı mənzili payçı X2 tikib təqdim etməyi öz öhdəsinə götürür. Mənzilin cəmi dəyəri 94500 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli təşəkkürnamənin surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi İddiaçı tərəfindən Cavabdeh1 ayrılan 39 saylı binanın sahəsi 105 kv.m olan 100 saylı mənzili – Əliyev İlkinin adına rəsmiləşdirilən və Cavabdeh2 ayrılan 37 saylı binanın sahəsi 140 kv.m olan 35 saylı mənzili Alizadə Vüsal adına rəsmiləşdirilən dostluq və köməklik məqsədilə təmənnasız onların ailəsinə verilmişdir. Təhvil verdi: İddiaçı. Təhvil aldı: Cavabdeh2 - xx.xx.2021-ci il tarixli təşəkkürnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli təşəkkürnaməyə əlavə olaraq bildirilir ki, xx.xx.2021-ci il tarixdə özünün düşdüyü çətinliklə bağlı İddiaçı müraciət etmişdir. İddiaçı ona təmənnasız təkrar olaraq kömək etmişdir. O da öz növbəsində bildirir ki, bir daha düşdüyü vəziyyətlə bağlı İddiaçı narahat etməyəcək, bu gün, sabah və gələcəkdə heç bir tələbi olmayacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehlərdən tələb etdiyi pul vəsaitlərini onlara borc kimi verdiyini sübut edə bilməmiş, bu faktı təsdiq edəcək hər hansı sənədi iş materiallarına əlavə etməmişdir. Təşəkkürnamələrin birində cavabdehlər iddiaçının onlara mənzil verdiyini bildirsələr də, bunu borc kimi deyil hədiyyə olaraq kömək məqsədilə edildiyi qeyd edilmişdir. Digər təşəkkürnamədə isə iddiaçı tərəfindən onlara kömək edildiyi qeyd edilsə də köməyin nədə ifadə olunması qeyd edilməmişdir. Mülki Məcəllədə borc müqaviləsi üçün tələblərdən biri də onun predmetinin məbləğinin üç min manatdan yuxarı olduğu təqdirdə həmin müqavilənin yazılı şəkildə bağlanmasından gedir. İddiaçının iddia tələbində qeyd etdiyi məbləğ üç min manatdan çox olsa da sonuncu tərəfindən hər hansı yazılı borc müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəvət edilən şahidlərin ifadələri heç bir digər sübutla təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz. Şahidlər iddiaçıya məxsus müəssisədə işlədiklərindən, onların ifadələri mötəbər hesab edilmir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc müqaviləsi üzrə pul və sair” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc müqaviləsi üzrə pul və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-351/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-351/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver