Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-353/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikinti işlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikinti işlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlǝrǝ Bakı şəhəri, Xəzər rayon, Binə qəsəbəsi Donuzkökəltmə Sovxozu ərazisində yerləşən ona məxsus 0.06 ha torpaq sahəsində tikinti işlərinin aparılmasının qadağan edilməsi və ona həmin torpaq sahəsində tikinti işlərinə yaratdıtları maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2017-ci il tarixdə Xəzər rayon, Binə qəsəbəsi Donuzkökəltmə Sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsini X2 6300 manata almışdır. Torpaq sahəsi alındıqdan sonra tanımadığı şəxslər həmin torpaq sahəsinin onlara məxsus olması ilə bağlı tələb irəli sürərək torpağın onların olmasını iddia edirlər. O, bununla bağlı 3-cü Polis Şöbəsinə müraciət etdi və orada məlum oldu ki, xx xxxxxx 1975-ci il təvəllüdlü Cavabdeh3 Hafiz oğlu izahat verərək bildirmişdir ki, həmin torpaq sahəsini bacısı Cavabdeh2 almışdır. O, mübahisə yarandıqdan sonra torpaq aldığı Cabir Şatanovla əlaqə saxladı və o, polis şöbəsinə gələrək onun dediklərini təsdiq etdi. Qeyd olunan şəxslər ona məxsus darvazanı işıq sayğacını söküblər və başqa darvaza qoymaqla yanaşı onun torpağı üzərində tikinti işləri aparmağa başlamışlar. Həmin tikinti işlərinin dayandırılması zərurəti vardır. Mülkiyyəti üzərində onun icazəsi və razılığı olmadan aparılan qanunsuz tikili onun hüquqlarını pozur, eyni zamanda o cavabdehin faktiki olaraq tikinti işləri apardığı mülkiyyətindən məhrum olunmuş, mülkiyyətindən sərbəst istifadə edə bilmir, onun barəsində sərəncam verə bilmir və ona sabiblik edə bilmir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və etiraz ərizəsinin izahatı kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh E.H.Həsənov iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsi üçün 2014-cü ilin avqust ayının sonlarında Cavabdeh2 10100 (on min yüz ) manat halallıq alaraq ona vermişdir. Həmin vaxtı öz adını Eldəniz kimi yox (Məmməd) kimi təqdim etmişdir. Bu faktı təsdiq edən 3 (üç) şahid X5, Şivǝxanov Ağamməd Gülməmməd oğlu və Cavabdeh2dır. Həmin vaxtı iddiaçı cavabdehə onun Südçülük Savxozundan fərdi ev tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə 30 dekabr 1990-cı il tarixli sənəd vermişdir. Cavabdeh torpaq sahəsinin hasarını qaldırmışdır, giriş qapısı qoymuşdur, torpağa olan dövlət rüsumunu Bələdiyyəyə ödəmişdir. Sonradan 2024-cü ildə iddiaçı yenidən gələrək torpağı saxta sənədlərlə geri tələb etməyə başlamışdır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi yoxdur, yalnız saxta Abşeron rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı ilin sənədini təqdim etməklə qətnamə çıxarılmasına nail olmaq istəyir. İddiaçı iddia edir ki, mübahisəli torpaq sahəsini 2017-ci il tarixdə Şatanov Cabir Çoban oğlundan almışdır. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümümi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə -üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Fərz edilsə ki, iddiaçı göstərdiyi kimi mübahisəli torpaq sahəsini 2017-ci il tarixdə almışdır hansı ki, torpaq sahəsinin alqısatqısından ümumiyyətlə söhbət gedə bilməz, torpaq sahəsinə iddia qaldırma müddətini də ötürmüşdür. Bundan əlavə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş subyektiv hüququ olmamışdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması, başqa sözlə, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində quvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir (subyektiv hüququn mövcudluğu). Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta asaslanan və basqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi va muayyan harakatlari etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.1990-cı il tarixli 1477 saylı çıxarışdan görünür ki, X3 Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə fərdi ev tikmək üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. -xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/2540 saylı material üzrə əməldə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Həmin qərardan görünür ki, Cavabdeh3 Hafiz oğlu izahat verərək bildirmişdir ki, bacısı Cavabdeh2 2014-cü il tarixdə Binə qəsəbəsi Donuzçuluq sovxozunda yerləşən 0,06 ha torpaq sahəsini almışdır. -xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1-2204 saylı material üzrə əməldə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Həmin qərardan görünür ki, torpaq sahəsinin qonşuluğunda yaşayan X1, X7, Cavabdeh1 və X6 da həmin torpaq sahəsinin Cavabdeh2 məxsus olmasını təsdiq etmişlər. -xx.xx.1990-cı il tarixli 1047 saylı çıxarışdan görünür ki, Cavabdeh2 Hafiz qızına Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə fərdi ev tikmək üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, həmin torpaq sahəsinin iddiaçıya ayrılması sübuta yetirilmir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Belə ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli 1477 saylı əmri ilə qeyd olunan torpaq sahəsinin X3 ayrılması qeyd edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikinti işlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikinti işlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-353/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-353/2025
11.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver