Məhkəmə qərarları › İş №2(003)-355/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-355/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-355/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi ziyana görə cavabdehdən qızılın pulundan ödənilməmiş 4200 (dörd min iki yüz) manat pulun və borc olaraq götürdüyü 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin, ümumilikdə 12200 (on iki min iki yüz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ildə Cavabdeh qızı pulu olmadığını bildirərək, iş qurmaq istədiyini bildirmişdir. O məqsədlə ondan 8200 manat pul və 8000 manat dəyərində qızıl almışdır. Götürdüyü borcu və qızılın pulunu ona qaytarmağı barədə dəfələrlə ona xəbərdarlıq etsə də hazırki vaxtadək ona olan borcunu ödəməmişdir. Həmin məbləğlə bağlı aralarında heç bir yazılı razılaşma olmamışdır. Etdiyi xəbərdarlıqlara baxmayaraq borcunu qaytarmaq niyyətində olmadığını görüb aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müraciət etdi. Lakin mülki mübahisə olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar verildi. Cavabdehin qeydiyyatının Xəzər rayonu olmasını nəzərə alıb məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Polisdə verdiyi izahatlardan da görünür ki, ondan 8000 manat məbləğində qızıl və 8000 manat isə pul almasını etiraf edir. 8000 manat məbləğində qızılın pulundan 3800 manat ona ödəmişdir. Qalan məbləğ isə qalır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİninj xx.xx.2023-cü il tarixli 3-13-44-2-1/2-4375 saylı məktubdan görünür ki, onun pul və qızıl-zinət əşyalarının tanışı Cavabdeh tərəfindən ələ keçirilməsi ilə bağlı şikayəti əsasında aparılan araşdırma zamanı qanunazidd hərəkətlərə yol verilməsi barədə müraciətinə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində baxılmışdır. Məlum olmuşdur ki, eyni məsələ ilə bağlı şikayəti Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsində araşdırılıb toplanmış material üzrə əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 06 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsaslılığının yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Babək Babayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, aparılmış təhqiqat araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, gəlir əldə etmək üçün Zenfiradan 8000 manat dəyərində qızıl alıb, başqa şəxslərə satmış, lakin sonradan həmin şəxsləri tapa bilmədiyi üçün qızılların pulunu özü ödəməli olmuş, 3800 manat pul ödəmiş, həmçinin Zenfiradan faizə 8000 manat pul 2 il əvvəl götürmüş, ödəmiş, qalıq borclarını ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, yazılı müqavilələrin bağlanma üsullarından biri tərəflərin onu imzalamasıdır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında mümkün alqı-satqı müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 8200 manat pul və 8000 manat dəyərində qızıl almışdır. Qızılın pulundan 3800 manat ödəniş etmiş, 4200 manat qalmış, borc götürdüyü pul vəsaitinin isə 200 manatını qaytarmış, 8000 manatı qalmışdır. Bu hallar Cavabdeh polis orqanında verdiyi izahatla da təsdiq edilmişdir. Beləliklə də, Cavabdeh qeyd olunan məbləğdə pul və qızıl əşyalarını İddiaçı alaraq, müəyyən edilmiş vaxtda ona qaytarmamış və beləliklə də əsassız varlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh qaytarılmamış borca görə cəmi 12200 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 12200 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 12200 (on iki min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar