Məhkəmə qərarları › İş №2(003)-3550/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3550/2022

07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3550/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 700,0 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 2021-ci ilin aprel ayında Ramana qəsəbəsində yerləşən yeni tikilmiş evinə elektrik enerjisinin çəkilib sayğacla təmin olunması üçün 700,0 manat pul vəsaiti vermişdir. Amma cavabdeh heç bir öhdəliyi yerinə yetirmədiyi üçün o, Xəzər RPİ-yə müraciət etmişdir. Polis idarəsində izahat vermiş cavabdeh pulu aldığını, ev yüksək gərginlikli elektrik dirəyinin yanında olduğu üçün həmin işi gördürə bilmədiyini, pulu xərclədiyini, xx.xx.2021-ci il tarixdə geri qaytaracağını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi və izahatını onunla əsaslandırdı ki, həqiqətən də 2021-ci ilin aprel ayında iddiaçıdan elektrik enerjisi çəkilib sayğac quraşdırılmasına köməklik göstərmək vədi ilə 700,0 manat pul vəsaiti almışdır. Lakin iddiaçının evi yüksək gərginlikli elektrik xəttinin yaxınlığında yerləşdiyindən, vədini yerinə yetirə bilməmişdir. Sonradan pul vəsaitini xərclədiyinə görə iddiaçıya qaytarmamışdır. Gələcək aylarda pulu bir neçə dəfəyə qaytara bilər. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki hüquq münasibətləri çərçivəsində həlli məqsədilə müvafiq məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması tərəflərə izah edilmişdir. İş üzrə cavabdeh məhkəmə iclasında 2021-ci ilin aprel ayında iddiaçıdan 700,0 manat məbləğində pul vəsaiti aldığını etiraf etmiş, pul vəsaitini qaytarmağa etirazı olmadığını bildirmişdir. İşin məhkəmə iclasında tədqiq olunan halları ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan 700,0 manat pul vəsaitini müəyyən işlərin görülməsinə köməklik göstərilməsi məqsədilə almış, öhdəliyini yerinə yetirməmiş, pul vəsaitini geri qaytaracağını bildirsə də hazırkı vaxtadək qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış hər hansı müqavilə mövcud olmasa da, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya ödənilməmiş 700,0 manat borcu vardır və bu halda cavabdeh hüquqi əsas olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin araşdırılan halları, həmçinin cavabdeh tərəfin özünün izahatı pul vəsaitinin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul vəsaitinin verilməsinə dair başqa heç bir qanuni əsas olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 30,0 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 700,0 manat və ödənilmiş 30,0 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 700,0 manat və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat, cəmi 730,0 manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar