Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3570/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 3032,70 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 300 manatın və ödənilmiş 30 manat dövlət rüsumu, olmaqla cəmi 3362,70 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində T/16948 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X2 Departamenti tərəfindən **********01160 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarf’nm tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazın talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 496,70 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 464,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 199 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 246,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 219,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 587 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 306,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67 manat, cəmi 2701,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 02/2014 tarixində 158,40 manat, 10/2016 tarixində isə 172,80 manat, cəmi 331,20 manat məbləğində debitor borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 3032,70 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə qəbul olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1409/2021 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Daha sonra iş üzrə cavabdehin qiyabi qətnamənin ləğvinə dair ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan qiyabi qətnamə ləğv edilmiş və iddiaya mahiyyəti üzrə baxılması davam etdirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddianın müdafiə etdiyini bildirmiş və iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, onun tərəfindən yalnız 2016-cı ilin dekabr ayında qeyri-qanuni xəttdən istifadə edilmişdir. Həmin xətt aşkar edildikdən sonra ləğv edilmişdir. Bundan sonra isə o, qeyriqanuni xətt vasitəsilə qazdan istifadə etməmişdir. Ünvanına quraşdırılmış sayğac vasitəsilə isə hal-hazıradək qazdan istifadə etməmişdir. Belə ki, həmin xəttə görə yüksək borc yazılmış o da həmin borcu ödəməmişdir. Ona görə də ünvanına qazın verilməsi dayandırılmışdır. Uzun illərdir ki, qonşuluqda yaşayan qaynatasına məxsus evə gedən qaz xəttin istifadə edir. Belə ki, qaynatası, ünvanına quraşdırılmış sayğac vasitəsilə qazdan istifadə edir, həmin xəttdən də onun evinə xətt çəkmişlər və ayın sonunda qaynatası ilə birlikdə yaranmış qazdan istifadəyə görə borcu ödəyir. Hazırda ünvanında dördgöz qaz peçi və kombi mövcüddur. Kombidən əvvəl isə qaz sobası mövcud olmuşdur. Ünvanında isə qeyri standard su qızdırıcısı mövcud olmamışdır. Hazırda 2016-cı ilin dekabr ayında tərtib edilmiş aktın doğruluğunu qəbul edir, lakin hesablanmış borcla razı deyil. Sonrakı tərtib edilmiş aktlar isə uydurma aktlardır. Belə ki, sayğac olmayan dövrdə, sayğacın quraşdırılmalı olan yerdə yerləşən xəttləri bir-birinə calamaqla qazdan istifadə etmişdir. Həmin xətt aşkar edildikdən sonra ləğv edilmiş və yerinə sayğac quraşdırılmışdır. Bir daha isə qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etməmişdir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarında olan aktlara əlavə edilmiş dəmir darvaza, sayğacın yeri əks olunmuşüzərində Cavabdeh yazılmış şəkillər onun ünvanına aiddir, digər şəkillər isə onun ünvanına aid deyil. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə cavabdehin ünvanına keçirilmiş yerli baxış zamanı müəyyən olundu ki, cavabdehin ünvanında hazırda qeyri-qanuni xətt mövcud deyil, cavabdehin evinə qonşu evdə olan sayğcadan gələn xəttdən əlavə xətt çəkilmiş və cavabdeh qazdan həmin xətt vasitəsilə istifadə edir. Yəni sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadə etmir. Ünvanda avadanlıqlardan - dörgöz qaz peçi və kombi mövcuddur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əlavə edilmiş dəmir darvaza və sayğacın yeri əks olunmuş-üzərində Cavabdeh yazılmış şəkillər cavabdehin ünvanına əks etdirən fotoşəkillərdir, digər şəkillər isə cavabdehin ünvanına aid olmasının müəyyən etmək mümkün olmadı. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan cavabdehin adına olan abonent saldosundan və “Gasrep” hesabdan çıxarışdan ( abonent kodu **********01160) görünür ki, cavabdehin abonent hesabına aktlar əsasında 2013-cü ilin iyul ayında 151,20 manat, 2014-cü ilin fevral ayında 158,40 manat, 2016-cı ilin sentyabr ayında 172,80 manat, 2016-cı ilin dekabr ayında 496,70 manat, 2017-ci ilin yanvar ayında 464,60 manat, fevral ayında 199 manat, mart ayında 246,40 manat və may ayında 219,20 manat, 2018-ci ilin yanvar ayında 587 manat, fevral ayında 115,20 manat, aprel ayında 306,40 manat və may ayında isə 67 manat olmaqla, ümumilikdə 3183,9 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2013-cü ilin iyul ayından 2018-ci ilin may ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (cavabdehin etiraf etdiyi haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Eyni zamanda 2021-ci ilin iyul, 2014-cü ilin aprel ayında tərtib edilmiş aktlar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə oluması müəyyən edilməmişdir. Həmin aktlara əlavə edilmiş fotoşəkillərin çox hissəsi cavabdehin ünvanına aid olmaması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən qəbul edilmiş akt, yəni 2016-ci ilin dekabr ayında tərtib edilmiş akt nəzərə alınmalı və həmin akt cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, cavabadeh həmin hissədə etirafedici izahat verməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halın iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Lakin həmin akt əsasında dəymiş ziyanın hesablanması üçün məhkəmə hesab edir ki, həmin zaman cavabdeh tərəfindən istifadə olunan avadanlıqlar nəzərə alınmalıdır. xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2016-cı il tarixli qərardan görünür ki, PQ4, qeyri standard su qızdırıcısı (QSSQ) və dəmir soba üçün ümumilikdə 4967 m3 həcmində (496,70 manat) dəymiş ziyan müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə etdiyi dövrdə cavabdehin ünvanında dəmir soba və dördgöz (PQ4) qaz peçi olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, həmin akt əsasında yalnız dəmir soba və dördgöz qaz peçi üçün nəzərdə tutulmuş qaz sərfiyyatı məbləğində, yəni 3023 m3 (ümumi hesablanmış 4967 m3 – QSSQ üçün hesablanmış 1944 m3) həcmində, 302,3 manat dəyərində (3023 x 0,10 manat) zərərin dəyməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, etiraf olunan aktdan başqa, digər aktlar tərtib edilməsinə əsas olmuş hallar sübut olunmadığından məhkəmə hesab edir ki, həmin aktlar əsasında cavabdehdən dəymiş ziyanın tələb edilməsi əsassızdır. Eyni zamanda məhkəmə müəyyən edilmiş halı (etiraf olunan aktı) nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 2016-cı il tarixdə təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində iddiaçıya 302,3 manat dəyərində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olan, yəni cavabdehin etiraf etdiyi hissədə kənar xətt vasitəsilə istehlak etdiyi qaza görə 302,3 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdehdən pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin tələb edilməsinə baxmayaraq, iddiaçı tərəfindən bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə, yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş zərərə görə 302,3 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 302,3 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 20 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3570/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3570/2022
22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver