Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3576/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı X1 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10550 manat, faiz borcu üzrə 4166 manat, dövlət rüsumuna görə 30 manat, vəkil xərci üzrə 100 manat olmaqla, cəmi 14846 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş kürəkənidir. 2017-ci ilin yay aylarında cavabdeh onun yaşadığı evə gəlmiş, həmin vaxt o, evdə qızı X7, X8, oğlu Ələkbər Rəcəbi, gəlini X6, onun bacısı X4 ilə birlikdə çay içmişdir. Cavabdeh ona demişdir ki, başına iş gəlib, xeyli borcu var, camaat ondan pulunu istəyir bu dəqiqə, dərhal 20 min pul tapmasa polis onu həbs edəcək və ona borc verməsini xahiş etmişdir. Ona demişdir ki, o qədər pulu yoxdur, 6500 manat nağd pulu var, bir də gəlini Natəvanın qızıllarını verə bilər. Cavabdeh demişdir ki, 5-6 aya, uzağı 1 ilə pulu da, qızılları da qaytaracaqdır. O, razılaşmış, gəlini Natəvanın 67 qram qızıl zinət əşyalarını (ümumi çəkisi 30 qram olan 5 ədəd qızıl üzük, çəkisi 10 qram olan 1 cüt qızıl sırğa, çəkisi 15 qram olan 1 qızıl boyunbağı, çəkisi 12 qram olan 1 qızıl qolbağ) və yığdığı nağd pulun 6300 manat hissəsini cavabdehə vermişdir ki, problemini həll etsin. Həmin vaxtdan 5-6 ay sonra cavabdeh 100 manat pul qaytarmış, daha sonra 2020-ci ilin aprel-may aylarında 400 ABŞ dolları vermişdir. Daha sonra o, 1000 manat da vermişdir. Bu günədək, o, nə qızılları, nə də pulun qalan hissəsini qaytarmaq istəmir. Əvvəllər atası Ramis ona demişdir ki, oğlunun borcunu o, ödəyəcək, bağ evini satıb, pulunu qaytaracaq. Ona inanmış, təxminən 1-2 ay əvvəl ona məlum olmuşdur ki, cavabdehin atası ona yalan danışırmış, bağ evlərini satıb, Cavabdeh isə ölkədən çıxıb getmək, Amerikaya qaçmağa hazırlaşır. Cavabdeh ümumilikdə ondan, bugünkü qiymətlərlə (1 qram qızıl 90 manat olmaqla) 6030 manat (67qram qızıl*90 manat=6030 manat) dəyərində qızıl-zinət əşyalarını, 6300 manat nəğd pulu borc almış, borcunun 1100 manatını milli valyuta ilə, 680 manatını isə ABŞ dolları ilə qaytarmış, əsas olaraq 10550 manat borcu qalmışdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatına əlavə olaraq cavabdehlə aralarında olan telefon danışıqları zamanı cavabdeh ona pul verməli olduğunu etiraf etdiyini bildirməklə iddiasının əsaslı olduğunu qeyd etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Məhkəmədə şahid qismində ifadə vermiş X4 bildirdi ki, iddiaçı, bacısının qaynanasıdır. O, qonşuluqda yaşayır. 2017-2018-ci illərin yay ayları idi onlarda olmuşdur. Həmin vaxt Emil gəlmiş və iddiaçını çölə çağırmışdır. Orada ondan başqa Lumu, bacısı və qananası olmuşdur. İddiaçı, bacısını çağırmışdır ki, evdəki pulu gətirsin. Bacısı 6500 manat pul gətirmiş, iddiaçı üstündən 200 manat götürməklə 6300 manatı cavabdehə vermişdir. Cavabdeh həmin pulun az olduğunu bildirərək əlavə pul istədi. Bundan sonra iddiaçı, basısından qızıllarını ona gətirib verməsini bildirmişdir. Bacısı qızılları gətirib iddiaçıya vermiş, iddiaçı da həmin qızılları cavabdehə vermişdir. Hazırda isə cavabdeh nə pulu, nə də qızılların dəyərini qaytarmır. Məhkəmədə şahid qismində ifadə vermiş X9 bildirdi ki, o, iddiaçının gəlinidir. 2017-ci il tarixdə evdə olduqları vaxt cavabdeh onlara gəlmiş və probleminin olduğunu bildirərək qaynanasından pul istəmişdir. Bundan sonra qaynanası ondan evdə olan pulu gətirməsini bildirmiş, o evdə olan 6500 manat pulu gətirib qaynanasına vermiş, qaynanası həmin pulun üzəridən 200 manat götürdükdən sonra qalan 6300 manatı cavabdehə vermişdir. Cavabdeh həmin pulun az olduğunu bildirərək yenə pul istədiyindən qaynanası ona məxsus qızılları verməsini demiş, o da özünə məxsus qızılları gətirib qaynanasına vermişdir. Qaynanası da həmin qızılları cavabdehə vermişdir. Qızıllar: sep, qolbağ, sırğaüzük və 3 ədəd digər üzükdən ibarət olmuşdur. Cavabdeh tezliklə götürdüyü pulu və qızılların dəyərini qaytaracağına söz versə hal-hazıradək qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan heç bir borc götürməmişdir. Onunla iddiaçı arasında heç bir müqavilə bağlanmamış və o, üzərinə hər hansı öhdəlik götürməmişdir. İddia yalnız iddiaçının mülahizələrinə əsaslanan absurd iddiadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 05.08.2021-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş tərəflər arasında aparılan telefon danışıqlarına dair səs yazısında iş üzrə cavabdeh telefon danışıqları zamanı iddiaçıya borcdan ümumilikdə hissə-hissə olmaqla 3280 manat hissəsinin qaytardığını, iddiaçı tərəf isə ona 10500 manat borcunun qalmasını bildirmiş, digər səs yazısında isə cavabdehin iddiaçıya 3280 manat deyil, 2880 manat borc qaytardığını və maddi durumu pis olduğundan qalan hissəni qaytara bilmədiyini bildirməsi müəyyən edilmişdir. Cavabdeh etirazında ümumiyyətlə iddiaçı ilə aralarında borc münasibətlərinin olmamasını qeyd etməklə iddianın rədd edilməsi barədə etiraz etsə də, məhkəmə araşdırması zamanı iş üzrə iddiaçının izahatından, iş üzrə dindirilmiş şahid ifadələrindən, o cümlədən tərəflər arasında aparılmış telefon danışıqlarından (disk səs yazısından) iddiaçı tərəfindən cavabdehə iddiada qeyd edilən pulun verilməsi halının mövcud olması və həmin puldan müəyyən hissə qaytarılsa da, qalıq hissəsinin qaytarılmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.201-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş onunla cavabdeh arasında aparılmış telefon səs yazıları qanuna uyğun qaydada əldə edilmiş hesab edilməklə sübut kimi qiymətləndirilməlidir. İşin bütün araşdırılmış hallarından müəyyən edilir ki, 2017-ci ildə iddiaçı tərəfindən cavabdehə qaytarılması şərtilə pul verilmiş, iş üzrə cavabdeh tərəfindən 2880 manat hissəsi qaytarılmaqla iddiaçıya 9450 manat (12330 – 2880 = 9450) borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2017-ci ildə iddiaçı tərəfindən cavabdehə pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında 2017-ci il tarixdə şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 9450 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 4166 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İddiaçıların tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pulu özündə saxlamaqla faydalanması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin 100 manat hüquqi xidmətə görə və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9450 manat borc, 100 manat vəkil yardımına görə xərc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9450 manat borc, 100 manat vəkil yardımına görə xərc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 9580 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3576/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3576/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver