Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-367/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1149,0 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ona məxsusdur. Həmin evi 2022-ci ilin təxminən sentyabr ayında Cavabdeh aylıq 200-250 manat olmaqla kirayə vermişdi. Lakin bu barədə aralarında kirayə müqaviləsi bağlanmamışdır. Cavabdeh qeyd olunan ünvanda kirayədə yaşadığı müddətdə kommunal xidmətlərdən istifadə etmiş olsa da ödənişlər etməmişdir və bu səbəbdən 345 manat qaz, 73 manat işıq, 81 manat su xidmətlərinə görə borc yaranmışdır. Bundan başqa cavabdehin 650 manat məbləğində kirayə borcu qalmışdır. Bununla da cavabdeh ona ümumilikdə 1149 manat məbləğində maddi ziyan vurmuşdur. Bu barədə Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə müraciət edərkən Cavabdeh kommunal xidmətlərə görə borcu olduğunu etiraf etmişdir. Bundan başqa, mənə 650 manat verəcəyi barədə qəbz də imzalamışdır. Cavabdeh hal-hazıradək ona vurmuş olduğu ziyanı ödəmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək, Cavabdehnın ona ödənilməmiş 45 manat qaz, 73 manat işıq, 81 manat su xidmətlərinə görə borc və 650 manat məbləğində kirayə borcu qalmışdır. İş materiallarından görünür ki, Cavabdeh Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində verdiyi izahatda bildirmişdir ki, onun kirayə borcu yoxdur, lakin komunal xidmətlərinə aid borcu qəbul edir və ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun sürətindən görünür ki, mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həllinin polis orqanlarının səlahiyyətinə aid olmadığını nəzərə alaraq mülki iddia və xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışın sürətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7A-da yaşayan X3 23 avqust 2024-cü il tarixdə 3-cü polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, özünə məxsus olan Binə qəsəbəsi Aviaşəhərcik ev 3 mənzil, 3 saylı ünvanı təxminən 7-8 ay müddət olar ki, aylıq 200-250 manat olmaqla Cavabdeh Ayaz qızına kirayə vermiş, bu ilin may ayından etibarən evindən çıxmış, lakin kirayə pulu 650 manat və 345 manat qaz pulu, 73 manat işıq pulu, 81 manat su pulu olmaqla ümumilikdə 1149 manat maddi ziyan vurmuşdur. Pulunu geri istədikdə isə onu təhqir etmişdir. Bu səbəbdən vətəndaş ərizə ilə müraciət edərək bu barədə tədbir görülməsini xahiş etmişdir. Belə ki, ərizədə qeyd olunan xüsusatların araşdırılmasının məhkəmə səlahiyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu səbəbdən Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7A-da yaşayan X2 müraciətində qeyd olunan xüsusatlarla bağlı rayon məhkəməsinə müraciət etməsinin məqsədə müvafiq olması barədə rəsmi məlumat verilmişdir. İş materiallarında olan komunal xidmətlərinin ödənilməsi barədə bildirişlərin sürətindən görünür ki, ünvan 1 ünvanına aid ödənilməmiş 345 manat qaz, 73 manat işıq, 81 manat su xidmətlərinə görə borc vardır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər RİH Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3081 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında şifahi formada kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin 650 manat məbləğində kirayə borcu, 345 manat qaz, 73 manat işıq, 81 manat su xidmətlərinə görə borcu yaranmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Ümumilikdə 1149,0 manat pulu iddiaçıya qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Qeyd edilən Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Göstərilən Məcəllənin 779-cu maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kirayə yaşamağa ev götürmüş, onun müqabilində kirayə haqqının və istehlak etdiyi komunal xidmətlərinin əvəzini ödəməyi öz öhdəsinə götürmüşdür, lakin qalıq 1149,0 manat pulu isə iddiaçıya qaytarmamışdır. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddiaçıda həmin pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iclasında da, iddiaçı cavabdehin 650 manat məbləğində kirayə borcu, 345 manat qaz, 73 manat işıq, 81 manat su xidmətlərinə görə borcun yaranmasını təsdiq etmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək Cavabdeh cəmi 1149,0 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cəmi 1149,0 (650,0+345+73+81,0 manat) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1149,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-367/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-367/2025
09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver