Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-369/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən İddiaçı tam mülkiyyətində olan torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə texniki baxış keçirmək, inventarlaşdırma işlərinin aparılması və zəruri hərəkətlərin aparılması üçün idarənin (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) mütəxəsislərinə tam şəraitin yaradılmasına və bununla bağlı cavabdehlər tərəfindən yaradılan maneənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 saylı bağ sahəsinin 0,0424 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli çıxarışla İddiaçı adına rəsmiləşmişdir. Cavabdeh1 iddiaçının qardaşı, digər Cavabdeh2 isə onun arvadıdır. Hazırda cavabdehlər ailə üzvləri ilə birlikdə ona məxsus torpaq sahəsində və onun üzərində tikilmiş fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərin iddiaçının atasına məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, ev 22 saylı bağ sahəsində fərdi yaşayış evləri olmasına baxmayaraq, onu tam təmir edib ora köçmürlər, o, isə qardaşı ilə mübahisə yaşanmasın deyə ailəsi ilə birlikdə gah kirayədə, gah da qaynanasıgildə qalmaq məcburiyyətindədir. Ev 2 mərtəbəlidir. Evin 2-ci mərtəbəsində Zaur yaşayır. Torpağın digər hissəsi Zamiqə məxsusdur. Evin 1-ci mərtəbəsində qardaşı Zamiq yaşayır. Mütəxəssislər baxış keçirmək istəyərkən cavabdehlər buna mane olur. Baxış keçirilməsinə imkan yaradılmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 0,0424 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur (daşınmaz əmlakın reyestr nömrəsi: **********43). - 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, ev 22 ünvanında qeydiyyatdadır. Evdə qeydiyyatda olan şəxslər Cavabdeh3, Cavabdeh1 və digərləridir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 3 saylı sahədə inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bundan əlavə, fərdi yaşayış evinin 2-ci mərtəbəsində aşırımlar arası məsafə 6 metrdən çox olduğundan məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Həmçinin fərdi yaşayış evinə dair təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bütün bunlara görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş AA seriyalı 566721 saylı torpaq sahəsinin plan ölçüsündən görünür ki, İddiaçı məxsus ünvan 3 saylı sahənin rəsmi və faktiki sahəsi 0,0424 ha-dır. Plan və ölçünün tərtib edilməsinə əsas 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli reyestrdə 4Ə-1519 sayla qeydiyyata alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsidir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Göründüyü kimi, İddiaçı atası sağ ikən ünvan 3 ünvanında yerləşən torpaq sahəsini bağışlamışdır. İddiaçının torpaq sahəsinə dair plan-ölçü və çıxarışı mövcuddur. Cavabdehlər fərdi yaşayış evinin mütəxəssislər tərəfindən yoxlanılmasına maneə yaradırlar. Belə olan halda, iddiaçının həmin daşınmaz əmlak üzərində “gözlənilən” mülkiyyət hüququ pozulmuşdur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququndan görünür ki, Ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülkiyyət marağı iddia xarakterində olduqda, ərzəçinin milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduğu halda, legitim gözləntisi ola bilər, məsələn, yerli məhkəmələrin onun mövcudluğunu təsdiq edən presedent-hüququnun olması. Məhkəmə iddia tələbinin mütəxəssislərin baxış keçirməsinə şərait yaradılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlərin üzərinə yalnız onlara hər hansı formada maneə olmamaq öhdəliyi qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirmək, inventarlaşdırma işlərinin aparılması və zəruri hərəkətlərin aparılması üçün cavabdehlər tərəfindən hər hansı maneələrin edilməsi qadağan olunsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-369/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-369/2024
01.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver