Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3723/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 1190/2020 saylı qətnaməsi lə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1999-cu ilin iyul ayında nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 28 iyul 2000-ci il təvəllüdlü X3, 06 iyul 2001-ci il təvəllüdlü X5 və 03 fevral 2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə münasibətlər pisləşdiyi üçün tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 2(003)-322/2016 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmaqla, birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 117 manat olmaqla ümumilikdə 351 manat alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Ödənilən aliment uşaqların sağlamlığına, təhsilinə, dünya görüşünün artırılmasına xərclənən məsrəfləri ödəmədiyi üçün “tutulan aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2020 tarixli 2(003)- 1190/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 03 fevral 2011-ci 11 təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq 160 manat müəyyən edilmişdir. Bildirir ki, hər il ölkə üzrə bir uşaqın saxlanılması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla təmzinlənir. Hal-hazırda 2022-ci il üçün bir uşaq üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Bundan başqa uşaqların böyüdükcə sosial qayğılarının və xərclərinin artması da nəzərə alınmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Əlavə olaraq bildirdi ki, gözəllik salonunda işləyir və ayda 390 manat qazanc əldə edir. Həmçinin bildirmişdir ki, cavabdeh rəsmi qaydada iş yeri olmasa da, o, bağbanlıq edir və ona görə də qazanc əldə edir. Bundan başqa müavinət alır. Ona görə də hesab edir ki, cavabdehin bir uşaq üçün 193 manat məbləğində aliment verməyə imkanı vardır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh psixi xəstəliyə tutulmuşdur. Cavabdeh ikinci qrup əlil olmaqla ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Evdə olur, sonra isə vəziyyəti pisləşir və Ruhi əsəb xəstəlikləri Dispanserində müalicə olunur. Hazırda cavabdehin iddiaçıya X4 üçün ödənilməli alimentdən 3000 manat məbləğində borcu vardır. Cavabdehin əlilliyinə görə aldığı müavinatdan başqa qazanc yeri yoxdur və onun maddi imkanı çox pisdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli 2(003)-1190/2020 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Vəkil ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh arxiv məlumatına görə xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmuş, diaqnozu – “orta dərəcəli rekurent depressiv pozuntu”dur. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş alimentin miqdarının uşaqların artan tələbatlarının ödənilməsində kifayət etməməsi səbəbi ilə əsaslanmaqla tələb edir. İddiaya etiraz isə iş üzrə cavabdehin ruhi xəstə olması və maddi imkanının pis olmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən edilmiş alimentin tutulma tarixindən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Eyni zamanda qeyd edilməlidir ki, uşağın valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdehin maddi imkanın pis olması səbəbi isə onun övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar və cavabdehdən tələb olunan 193 manat pul məbləği 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu əhatə etsə də həmin məbləğ heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməsi mümkün deyil. Odur ki, məhkəmə, iddia tələbinə etirazın əsasını təşkil edən halları nəzərə alınmaqla cavabdehin öz uşağının artan tələbatlarının qarşılanmasında iştirak etməsindən azad olunmasını uşağın üstün mənafelərinə uyğun hesab etmir. Bundan əlavə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1190/2020 saylı iş üzrə xx.xx.2020-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 193 manatadək artırılmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1190/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatadək olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 33 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 396 manat müəyyən edilməklə iddianın qiyməti 1000 manatadək olduduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1190/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3723/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3723/2022
15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver