Məhkəmə qərarları › İş №2(003)-3743/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3743/2025

16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3743/2025 16.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Əlövsət oğlu 1400 (bir min dörd yüz) manat əsas borc dəymiş ziyana görə 1400 (bir min dörd yüz) manat olmaqla, ümumi 2800 (iki min səkkiz yüz) manat ödəməyə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 sentyabr 2023-cü il tarixində yaxından tanıdığı Hacıyeva Mahilə ingilis qızının vasitəsi ilə Cavabdeh Əlövsət oğluna 3000 (üç min) manat pul vermiş, Cavabdeh hər ay 400 (dörd yüz) manat verərək borc məbləğini ödəyəcəyini bildirmiş, lakin daha sonra cavabdeh 1600 (bir min altı yüz) manat ödədikdən sonra qalan pul məbləğini ödəməkdən imtina etmişdir. Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti vermiş və üzərinə öz xətti ilə 3000 (üç min) manat aldığını yazmış və imza etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsin 21-ci maddəsinə əsasən 20 sentyabr 2023-cü ildən 2025-ci ilin yanvar ayına qədər İddiaçı xeyli ziyan vurmuşdur. 1400 (bir min dörd yüz) manat əsas borc bir o qədərdə 1400 manat əldən çıxmış fayda, yəni 1400+1400=2800 manat ödəməlidir.

Proses iştirakçılarının izahatı:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında cavabdehin ondan 2023-cü ilin sentyabr ayında 3000 manat məbləğində pul borc aldığını, bunu onun şəxsiyyət vəsiqəsinin üzərindəki etirafın sübut etdiyini, həmin yazıda onun borc pul məbləğini aylıq 400 manat ödəniş edilməklə qaytaracağı barədə cavabdehin üzərinə öhdəlik götürdüyünü, bu səbəblə cavabdehin öz adına olan bank kartını ona verdiyini, özünün həmin bank kartından yalnız 4 ay müvafiq ödənişləri çıxara bildiyini, həmin kartın hazırda da iddiaçıda olduğunu, ancaq 4-cü aydan sonra cavabdeh tərəfindən ona hər hansı ödəniş olunmadığını, ona görə məhkəməyə təqdim olunmuş hesabdan çıxarışın əsaslı sübut sayıla bilməyəcəyini qeyd etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının iddia tələbini qismən etiraf edərək, iddiaçıdan özünün 3000 manat məbləğində pulu borc olaraq götürdüyünü və həmin borcu ayda 400 manat olaraq iddiaçıya qaytarmaq barəsində razılaşdırlarını, özünə məxsus bank kartını iddiaçıya verdiyini, indiyədək 2400 manat məbləğində ödənişlər həyata keçirdiyini, həmin vəsaitlərin iddiaçı tərəfindən bank kartından çıxarıldığını, bunu məhkəməyə təqdim etdiyi hesabdan çıxarışın da təsdiq etdiyini, həmin kartın bugünədək iddiaçıda olduğunu, özünün hazırda da cavabdehdə olan kartdan heç bir pul məbləği çəkmədiyini, bunun mümkünsüz olduğunu, müqavilə üzrə geriyə qalan 600 manat məbləğində pul vəsaitinin indiyədək ödənilməməsinin səbəbinin maddi imkansızlıq olduğunu, lakin həmin borc məbləğini də ödəyəcəyini qeyd etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Şəxsiyyət vəsiqəsinin surətinin üzərindəki xx.xx.2023-cü il tarixli yazılı etirafdan görünür ki, Cavabdeh İddiaçı hər ay 400 manat məbləğində qaytarmaq şərtilə, ümumilikdə 3000 manat məbləğində pul götürdüyünü qeyd etmişdir.

6. 09.01.2025-cı il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh xəbərdarlıq məktubu göndərərək 10 gün ərzində onun 1400 manat əsas borcunu və 1400 manat dəymiş ziyanan görə olan bocun qaytarılmasını tələb etmişdir.

7. Cavabdeh adına olan 416973******2849 nömrəli kartın hesab çıxarışından görünür ki, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri ərzində kart hesabına 2400 manat məbləğində mədaxil və eyni həcmdə, yəni 2400 manat məbləğində pul vəsaiti hesabdan məxaric olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):

8. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

12. 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.

13. 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

14. 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM):

15. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

17. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

21. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlanmış, həmin borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 3000 manat məbləğində borc vermiş, cavabdeh isə həmin məbləği ayda 400 manat olmaqla hissə-hissə ona qaytarmağı öhdəsinə götürmüşdür.

24. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı borc məbləği üzrə ödənişlərin cavabdeh tərəfindən yalnız 4 ay müddətində həyata keçirildiyini, borc məbləğinin 1400 manatlıq hissəsinin ona geri qaytarılmadığını, həmin məbləğin geri qaytarılmaması nəticəsində ona 1400 manat məbləğində əldən çıxmış fayda ilə əlaqədar olaraq ziyan dəydiyini, bu səbəblə cavabdehin hazırda ona 2800 manat məbləğində pul vəsaiti qaytarmalı olduğunu bildirmişdir. Cavabdeh isə iddiaçıya 2400 manat məbləğində pulu qaytardığını, iş materiallarına əlavə etdiyi hesabdan çıxarışın qeyd olunan faktı təsdiq etdiyini, bu səbəbdən iddiaçıya ödənilməmiş cəmi 600 manat məbləğində borcunun qaldığını və həmin məbləği də tezliklə ödəyəcəyini bildirmişdir.

25. Məhkəmə işin mübahisələndirilən hallarına münasibətdə qeyd edir ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

26. Belə ki, İddiaçı cavabdehlə arasında razılıq əldə olunduğunu bildirərək, cavabdehin öz öhdəliklərini yerinə yetrimədiyini, bu səbəblə cavabdehin 1400 manat ödənilməmiş borc öhdəliyinin və 1400 manat əldən çıxmış fayda ilə əlaqədar öhdəliyinin mövcud olduğunu bildirmiş və bu səbəblə ona cavabdeh tərəfindən maddi zərər vurulduğunu qeyd edir. Lakin iddiaçı cavabdehin iddia tələbində qeyd olunan məbləğdə borcu olması ilə bağlı və belə borc olduğu təqdirdə, həmin borc öhdəliyinin yerinə yetrilməməsinin əldən çıxamış faydaya səbəb olması ilə bağlı iş materiallarına hər hansı mötəbər sübut əlavə etməmişdir. Buna baxmayaraq, Cavabdeh tərəfindən mövcud borc müqaviləsi üzrə öhdəliklərin qismən yerinə yetirilməsinin təsdiqi olaraq, iş materiallarına 416973******2849 nömrəli bank kartının hesabdan çıxarışı təqdim olunmuşdur. Həmin hesabdan çıxarışdan məlum olur ki, müqavilə bağlandığı tarixdən, yəni 2023-cü ilin sentyabr ayından etibarən həmin karta müxtəlif tarixlərdə ümumi məbləği 2400 manat olan pul vəsaiti mədaxil edilmiş və həmin pul məbləğləri hesabdan çıxarılmışdır. Cavabdeh sözügedən kartın iddiaçı ilə arasında müqavilə bağlandığı tarixdən iddiaçıda olduğunu bildirmiş, cavabdeh də öz növbəsində kartın 2023-cü ilin sentyabr ayından bugünədək onda olması faktını təsdiq etmiş və iş üzrə keçirilən sonuncu məhkəmə baxış iclasında həmin kartı məhkəməyə təqdim etmişdir. Cavabdeh izahatında həmin kart üzrə cəmi 4 ay ödənişləri qəbul etdiyini, qalan ödənişləri isə iddiaçının özünün kartdan çəkdiyini iddia etsə də, qeyd olunanlar üzrə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki iddiaçı izahatında bütün məbləğləri məhz Metro Parkda yerləşən bank terminalından və yaşadığı yerdə - Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən marketdə olan terminaldan çıxardığını təsdiq etmişdir. Belə ki, hesabdan çıxarışdan da görünür ki, qeyd edilən bütün məbləğlər iddiaçının qeyd etdiyi eyni ünvanlarda hesabdan çıxarılmışdır. Həmçinin həmin bank kartı da bu günədək iddiaçıdadır və cavabdehə qaytarılmamışdır. Belə olan halda həmin kartdan cavabdeh tərəfindən pul çıxarılması inandırıcı deyil. Beləliklə, məhkəmə araşdırması ilə cavabdeh tərəfindən 3000 manat məbləğində borc götürüldüyü həmin borcun 2400 manat hissəsinin iddiaçıya qaytarılması və 600 manat məbləğində borcun qalması müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin qalan 800 manat (1440-600=900) məbləğində əsas borca dair və 1400 manat məbləğində əldən çıxmış fayda ilə bağlı hissəsi sübuta yetirilmir.

27. Məhkəmə əlavə olaraq dövlət rüsumunun tutulması ilə bağlı qeyd edir ki, MPMin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manat məbləğinədək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilmiş tələbə mütənasib olaraq 30 AZN (30 manat) məbləğində dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 600 (altı yüz manat) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 600 AZN (altı yüz manat) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 AZN (aotuz manat) dövlət rüsumunun məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar