Məhkəmə qərarları › İş №2(003)-3746/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3746/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3746/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc məbləğinin artırılması tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı əlavə xərcdən azad edilmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc məbləğinin artırılması tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı əlavə xərcdən azad edilmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında qarşılıqlı iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1420/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə arasında olan nikah pozulmuş və cavabdehdən onun xeyrinə 150 manat aliment tutulmuşdur. Aliment məbləğinin artırılmasına ehtiyac vardır. Belə ki, pandemiya dövründə maddi vəziyyəti dəyişmiş və iş yerini itirmişdir. Bu da xərclərinə böyük təsir göstərmişdir. Uşağı saxlamaqda çətinlik çəkir. Qeyd olunanlara əsasən, 10 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat alimentin və uşaq 3 yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qismən qəbul etmiş, qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 150 manat məbləğində əlavə xərc hələ uşaq anadan olmamışdan ondan tutulmağa başlanmış və uşağın 3 yaşınadək tutulmalıdır. Hazırda isə ilkin iddia üzrə iddiaçı 175 manat aliment və 200 manat uşağın 3 yaşınadək əlavə pul tələb edir. İlkin iddia tələbini uşaq üçün 150 manat aliment tutulması hissəsində qəbul edir, əlavə xərc hissəsində isə qəbul etmir. Həmçinin məhkəmənin əvvəl qəbul etdiyi 150 manat əlavə xərcdən azad olunmağını xahiş edir. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh vəkili X3 ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materiallarında olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 2(003)-1420/2021 saylı qətnamənin surətindən görünür ki, tərəflər arasında nikah pozulmuş, Cavabdeh İddiaçı hamiləliyi dövründə və ümumi uşaq doğulduğu gündən 3 yaşınadək İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 24.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh kreditinin aylıq ödənişi 242.62 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında nikah pozularkən İddiaçı hamilə olduğundan, uşağın saxlanması üçün aliment tutulmamış, hamiləlik dövründə və uşağın 3 yaşınadək İddiaçı xeyrinə əlavə xərc tutulmuşdur. İlkin iddia tələbindən görünür ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 175 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin hər ay uşağın 3 yaşı tamam olanadək müəyyən edilən alimentin artırılaraq 200 manat məbləğində tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə əlavə xərci ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcdən azad edilməsini xahiş etmişdir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, 10 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək 50 manat məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07 sentyabr 2021-ci il tarixdən, azalmış məbləğdə aliment isə hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş materiallarından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci, Cavabdeh isə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 38 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ilkin iddia tələbi üzrə 47 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 sentyabr 2021-ci il tarixdən başlayaraq, 10 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(003)-1420/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh 10 iyun 2021-ci il təvəllüdlü X2 üç yaşı tamam olana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İlkin və qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar