Məhkəmə qərarları › İş №2(003)-376/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-376/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-376/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı «Bank "xxxx"» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Bank "xxxx"» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cü il tarixli, DEN-00006-20/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-cu il tarixinə olan 31477.42 manat əsas borcun, 10509.9 manat faiz borcun, 55010.8 manat dəbbə borcun, ümumilikdə 96998.12 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 381 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENG-00006-20/19A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1277 saylı bağ evinə tutmanın yönəldilməsi və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması və mənzilin boşaldılmasına və Cavabdeh3 həmin evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Gənclik” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00006- 20/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 50 000 (əlli min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENG-00006-20/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1277 saylı bağ evini İpoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENZ- 00006-20/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində olan 0.12 ha torpaq sahəsi üzərində yerləşən 296.7 kv.m ümumi (faktiki olaraq 379.9 kv.m) 154 kv.m yaşayış və 142.2 kv.m köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli, 9 otaqlı 1277 nömrəli bağ evinin "xxxx" MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və 10 aprel 2019-cu il tarixinə real bazar dəyəri 120 000 manat, likvid dəyəri 105 000 manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 6.1-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 31477.42 manat, faiz borcu 10509.9 manat, dəbbə borcu 55010.8 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2021-ci il tarixinə ümumi borcu 96998.12 manat təşkil edir. İddiaçının nümayəndəsi Nihad Abbasov ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlə. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bank "xxxx"» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00006-20/19A saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 «Bank "xxxx"» ASC tərəfindən 24 ay müddətində illik 20 faizlə 50000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 2545 manat, sonuncu ay isə 2521,89 manat ödəməklə xx.xx.2019-cu il tarixli DEN-00006-20/19A saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DENZ-00006-20/19A saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2, «Bank "xxxx"» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00006-20/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DENG-00006-20/19A saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli DEN-00006-20/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 məxsus olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan bağ evi Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmiş. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan ünvan bağ evinin bazar dəyəri 120000 manat, likvid dəyəri isə 105000 manat təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1277 saylı bağ evi (296.7 kv.m) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 296.7 kv.m bağ evi Bank "xxxx" ASC qarşısında yüklü edilmiş və bu barədə daşınmaz əmlak dövlət reyestrində 130 nömrəli reyestr kitabının 13074 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bank "xxxx" ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, «Bank "xxxx"» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00006-20/19A saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən borcun ödənilməsinin təmin edilməsi məqsədilə bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan bağ evinə yönəldilməsi barədə bildiriş göndərilərək həmin bildirişin qeyd alınması xahiş olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bank "xxxx" ASC-nin Promo filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh3 notariat ofisinə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, qeydiyyatda olduğu Cavabdeh1 məxsus ünvan bağ evinin Bank "xxxx" qarşısında ipotekaya qoyulmasına etiraz etmədiyini, həmçinin əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəyi barədə öhdəlik götürdüyünü bildirmişdir. İş materiallarında olan X1 notariat ofisinə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, əri Cavabdeh1 məxsus ünvan bağ evinin Bank "xxxx" qarşısında ipotekaya qoyulmasına etiraz etmədiyini, həmçinin əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəyi barədə öhdəlik götürdüyünü bildirmişdir. İş materiallarında olan iş üzrə cavabdehlərə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, bank tərəfindən cavabdehlərdən xx.xx.2019-cu il tarixli DEN-00006-20/19A saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, ödənilməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv olunması və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barəd məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli qəbzdən görünür ki, iş üzrə iddiaçı tərəfindən 381 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 iddiaçıya əsas borc üzrə 31477,42 manat, faiz borcu üzrə 10509,9 manat, dəbbə borcu üzrə 55010,8 manat olmaqla cəmi 96998,12 manat məbləğində borcu vardır. İş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi haqqında” hesabatdan görünür ki, ünvan ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin və üzərində olan bağ evinin bazar dəyəri 138860 manat, likvid dəyəri isə 124975 manat təşkil edir. Həmin hesabata əlavə edilmiş müşayiət məktubundan görünür ki, qiymətləndirilməyə dair xərclər cavabdehlər tərəfindən ödənilmişdir. İş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/831 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bank "xxxx"» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00006-20/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinədək (kredit müqaviləsinin bitmə tarixinədək) borcalanın banka əsas borcu 30242,78 manat, faiz borcu üzrə isə 6939,04 manat məbləğində kredit borcu təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Eyni zamanda zamində əsas borclu tərəfindən öhdəliklərin yerinə yetirilməməsi halı üçün bank qarşısında onunla birgə məsuliyyət daşıyır. Odur ki məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımi qaydada icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini cavabdehlərdən birgə tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitdiyi tarixə borcalanın banka əsas borcu üzrə 30242,78 manat, faiz borcu üzrə isə 6939,04 manat müəyyən edildiyindən həmin məbləğlərdə əsas və faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 30242,78 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 55010,8 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə 1000 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin borcun tutulması hissəsi qismən təmin edilməklə Cavabdeh1 və Cavabdeh2 birgə qaydada əsas borc üzrə 30242,78 manat, faiz borcu üzrə 6939,04 manat, dəbbə borcu üzrə 1000 manat olmaqla cəmi 38181,82 manat məbləğində iddiaçının xeyrinə pul tutulmalıdır. Məhkəmə-tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 34.1.4cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, öhdəliyin 90 təqvim günündən çox müddətdə gecikdirdiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən ipoteka predmetinə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddia həmin hissəsi iddia tələbi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş ünvan bağ evinə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmeti olan ünvan bağ evinin ilkin satış qiyməti iş üzrə verilmiş qiymətləndiricinin hesabatı (rəyi) əsasında məhkəmə tərəfindən 124975 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə, iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin “mənzilin boşaldılmasına və Cavabdeh3 həmin evdən istifadə hüququna xitam verilməsinə” dair hissəsini araşdıraraq hesab edir ki, ünvan bağ evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edildiyindən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Odur ki, məhkəmə hesab edir ki, ünvan bağ evi kredit borcunun qaytarılması üçün ipoteka ilə yüklü edildiyindən, ipoteka qoyanla birlikdə həmin evdə yaşayan X2 və həmin evdə qeydiyyatda olan Cavabdeh3 ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdüklərindən ünvan bağ evinə tutma yönəldildikdən və açıq hərracdan satıldıqdan açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində həmin bağ evindən ipoteka qoyanla birlikdə digər şəxslər çıxarılmaqla boşaldılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki halda iddiaçı, Cavabdeh3 ünvan bağ evindən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Belə ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda həmin tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Məhkəmə, iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə də qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bank "xxxx"» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00006-20/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada əsas borc üzrə 30242,78 manat, faiz borcu üzrə 6939,04 manat, dəbbə borcu üzrə 1000 manat olmaqla cəmi 38181,82 manat məbləğində pul iddiaçının xeyrinə pul tutulmalı, tələb Cavabdeh1 məxsus olan ünvan bağ evinə (0.12 ha torpaq sahəsindən və 296.7 kv.metr evdən ibarət) yönəldilməli və ilkin satış qiyməti 124975 manat olmaqla açıq hərracdan satılmalı, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o açıq hərracda satıldıqdan sonra 1 ay ərzində ipoteka qoyan Cavabdeh1 ilə birlikdə digər şəxslər çıxarılmaqla boşaldılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməli, borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsində yetərli olmadıqda qalıq qalmış borc birgə qaydada Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin iddia tələbinin dövlət rüsumunun tutulması hissəsinə və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh1 və Cavabdeh2 birgə qaydada ödənilmiş dövlət rüsumuna görə 150 manat məbləğində pul iddiaçının xeyrinə pul tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı Cavabdeh1, 25 manatı isə Bank "xxxx"» ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN- 00006-20/19A saylı kredit müqaviləsi ləğv olunsun. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada əsas borc üzrə 30242,78 manat, faiz borcu üzrə 6939,04 manat, dəbbə borcu üzrə 1000 manat olmaqla cəmi 38181,82 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 150 manat tutularaq iddiaçı Bank "xxxx"Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb, Cavabdeh1 məxsus olan ünvan bağ evinə (0.12 ha torpaq sahəsindən və 296.7 kv.metr evdən ibarət) yönəldilsin və ilkin satış qiyməti 124975 manat olmaqla açıq hərracdan satılsın. Həmin bağ evi, tutma yönəldildikdən və açıq hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində ipoteka qoyan Cavabdeh1 ilə birlikdə digər şəxslər çıxarılmaqla boşaldılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsində yetərli olmadıqda qalıq qalmış borc birgə qaydada Cavabdeh1 və Cavabdeh2 Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun təmin edilməyən hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı Cavabdeh1, 25 manatı isə Bank "xxxx"» ASC-dən alınaraq alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar