Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3762/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi olmaqla cavabdeh Bakı şəhəri Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 3 saylı evin 5 saylı mənzilindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin “xahiş etdi” adlı hissəsində iddiaçılar tərəfindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 3 saylı evin 5 saylı mənzilinə istifadə hüququnun tanınması xahiş edilmişdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar sözügedən mənzilə daimi olaraq qeydiyyata alınmalarını tələb edirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin inzibati xarakterli münasibətlərə aid olması, habelə tələbin məhz inzibati orqana qarşı irəli sürülməsi hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mənzilə qeydiyyata alınması tələbi ilə bağlı müvafiq inzibati orqana müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçı mənzilə qeydiyyata alınması ilə bağlı müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 mövcud ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 264-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi olmaqla cavabdeh Bakı şəhəri Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. İddiaçılara izah edilsin ki, onlar inzibati quruma qarşı iddia tələbi ilə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilərlər. Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz) İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3762/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3762/2023
11.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver