Məhkəmə qərarları › İş №2(003)-3778/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3778/2023

04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3778/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(010)-4765/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanacan hər uşağa görə ayda 154 manat məbləğində aliment, cəmi 308 manat (üç yüz səkkiz) alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Uşaqlar böyüdükcə onların maddi ehtiyacları artır. Hazırki aliment məbləği azyaşlıların ehtiyaclarının qarşılamaqda ona qətiyyən kifayət etmir. Məlumdur ki, uşaqların da ehtiyacları günü gündən artır, ələxsus da, artıq onlar ali məktəbə imtahan vermək ərəfəsindədirlər, ona görə də fərdi hazırlıqlara gedirlər. Aldığı maaşla həm evi keçindirir, həm də uşaqların ehtiyaclarını ödəyir. Verilən aliment isə onların hər ikisinin geyim, təhsil və repititorlarınn ödənişini verməyə kifayət etmir. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq aliment məbləğinin artırılmasını tələb edir. Cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşağa görə 220 manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün verilən aliment artırılaraq hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, işlədiyi üçün 400 manat əmək haqqı alır. Cavabdeh iddia tələbini qəbul etməmiş, iddia ərizəsinə yazılı etirazla müraciət etmiş və yazılı etirazını onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunan alimentin artırılması barədə iddiaçının onun belə bir zəruri vəsaitə, ailə və ya maddi vəziyyətində dəyişiklik dəyişiklik olması barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, onun maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmadığı üçün alimentin miqdarının artırılmasını məqsədəuyğun hesab etmir. İddiaçının alimentin artırılması barədə iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-4765/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2(103)- 12051/2018 saylı qətnaməsi ilə yuxarıda qeyd olunan Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-4765/2018 saylı qətnaməsin ləğv edilmişdir. Lakin buna baxmayaraq Suraxanı rayon icra şöbəsinin icra məmuruna dəfələrlə müraciət etməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2(103)-12051/2018 saylı qətnaməsi icra olunmamışdır. Hazırda əmək haqqından iddiaçının xeyrinə hər ay 315,78 manat məbləğində aliment tutulur. Onun özünə isə 80 manat pul qalır. Yenidən ailə qurmuş və həyat yoldaşı hamilədir. Ailəsini saxlamaqda böyük çətinlikləri var, atasının pensiya ilə dolanırlar və əlavə heç bir gəliri yoxdur. Qeyd olunanlara əsasən onun ailə və maddi vəziyyəti nəzərə alınaraq iddia rədd edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 12863/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa görə 117 (bir yüz on yeddi) manat məbləğində liment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 4765/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12863/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən 21 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 117 (bir yüz on yeddi) manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(013)- 12051/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4765/2016 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə sisteminin” 2(003)-3778/2023 saylı mülki iş üzrə İddiaçı “qohumluq məlumatları” bölməsindən görünür ki, onun xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Suraxanı rayon Mühafizə İdarəsi tərəfindən verilmiş arayışda göstərilir ki, Suraxanı rayon Mühafizə İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi Cavabdeh 492 (dörd yüz doxsan iki) manat əməkhaqqı hesablanır və icra sənədinə əsasən 70%-i yəni 315,78 (üç yüz on beş manat yetmiş səkkiz qəpik) manat tələbkar İddiaçı hesablaşma hesabına ödənilir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12863/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən 21 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 117 (bir yüz on yeddi) manat alimentin tutulması qət edilmişdir. Cavabdeh hal hazırda iddiaçıya uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 117,0 manat olmaqla ümumilikdə 234,0 manat aliment ödəyir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay tutulan alimentin artırılmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyil. Beləki, İddiaçı cavabdehdən hər uşağın saxlanılması üçün 220,0 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəyə bilməsi üçün kifayət qədər gəlirinin olmasını sübuta yetirə bilmədi. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları, həmçinin cavabdehin yeni ailə qurmasını və iddiaçının işləməsinin nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(010)-12863/2016 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175,0 manat olmaqla cəmi 350,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-12863/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 175,0 manat olmaqla, cəmi 350,0 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar