Məhkəmə qərarları › İş №2(003)-3794/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3794/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3794/2021 11.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 171,80 manat əsas borc və 20 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05.7.2018-ci il tarixində ******* No-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 948 manat olan “Arçelik AK120AN” markalı kondisioner almışdır. Müqavilə bağlanıldıqdan sonra cavabdeh ümumi borcundan cəmi 776.20 manat ödəmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 24 ay ərzində ödəmək ilə, alınan malın dəyərini tam ödəməli idi. Ancaq ümumi olaraq yuxarıda qeyd edilən ödənişi etdikdən sonra cavabdeh qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətimizə 12 avqust 2021-ci il tarixədək olan əsas borcu 171,80 manat təşkil edir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh üzrlü səbəblər olmadan qeyd olunan ümumi borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə cavabdehə ərizə formasında (iş materiallarına əlavə olunmuşdur) qeydiyyatda olduğu ünvana pretenziya məktubu göndərilmiş və xəbərnaməyə imza edilməklə pretenziya məktubu qəbul edilmişdir. Lakin bundan sonra da cavabdeh hərəkətsizlik göstərərək üzrlü səbəblər olmadan qeyd olunan ümumi borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Cavabdeh iddiaçının xeyrinə 171,80 manat əsas borc və 20,0 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.07.2018-ci il tarixli ******* saylı Alqı-satqı müqaviləsinə əsasən "Arçelik AK120AN" markalı kondisioner üçün hər ay nağd qaydada 40 manat (sonuncu ay 28 manat) ödəməklə, 24 ay müddətinə, iddiaçı cavabdehə ümumi qiyməti 948 manat dəyərində olan əşya satmışdır. İşə əlavə edilmiş xəbərdarlıq məktubuna əsasən əsasən iddiaçı cavabdehi 05.07.2018-ci il tarixli ******* saylı Alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından aydın olur ki, Cavabdehnun "xxxx" MMCna 171,80 manat əsas məbləğ üzrə borcu var. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05.07.2018-ci il tarixli ******* saylı Alqı-satqı müqaviləsi üzrə 05.08.2018–ci il tarixdən 05.07.2020-ci il tarixədək "xxxx" MMCna hər ay 40 manat (sonuncu ay 28 manat) ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 948 manat dəyərində olan "Arçelik AK120AN" markalı kondisioneri ilkin ödənişsiz 24 ay müddətinə, hər ay 40 manat ödəmək şərti ilə almışdır. Cavabdeh 776,20 manat ödəniş etmişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin cəmi 776,20 manat borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC "Arçelik AK120AN" markalı kondisioneri Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında ödəməli olduğu məbləği iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşya almasına dair hüququndan istifadə etmiş, borcunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas hissəsi təmin olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 171,80 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 191,80 manat məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 212.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC-nin xeyrinə Cavabdeh 171,80 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 191,80 (bir yüz doxsan bir manat səksən qəpik) məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar