Məhkəmə qərarları › İş №2(003)-3807/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3807/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3807/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4868,85 manat əsas, 11,89 manat faiz borcu və 2,36 manat cərimə olmaqla cəmi 4883,1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 20.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 5095,57 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 20.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 01.12.2021-ci il tarixli maliyyə arayışına əsasən 4658,85 manat əsas, 24,39 manat faiz borcu və 43,92 manat cərimə olmaqla cəmi 4727,16 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinin müddətinin bitmədiyini, cavabdehlər tərəfindən müqavilə üzrə üzərinə götürdükləri öhdəliklər tam həcmdə yerinə yetirilmədiyini və iddia tələbinin əsaslı olduğunu bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iş üzrə Cavabdeh1 iddia tələbini etiraf etməklə izahatında bildirmişdir ki, İddiaçı ASC-dən 5095,57 manat kredit götürmüş, arvadı, iş üzrə digər cavabdeh Xatirə Həsənova ona iddiaçı qarşısında zamin durmuşdur. Bir müddət ödəniş etsə də sonradan maddi imkanı pis olduğundan ödəniş edə bilməmişdir. Hazırda da borcunu tam şəkildə qaytarmaq imkanı yoxdur. Ona görə də iş üzrə ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri və 20.12.2019-cu il tarixli 11-Z-5-0-488-14 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında iddiaçı tərəfindən Cavabdeh1 5 il müddətinə, birinci ili güzəşt müddəti olmaqla, illik 1 faiz olmaqla 5095,57 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 19.02.2020-ci il tarixli 11-Z-5-0-488-14 №-li zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu il tarixli 11-Z-5-0-488-14 saylı kredit müqaviləsi üzrə sonuncunun üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür İş materiallarında olan 01.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20.12.2019-cu i ltarixli kredit müqaviləsi üzrə iddiaçıya 4658,85 manat əsas, 24,39 manat faiz borcu və 43,92 manat cərimə olmaqla cəmi 4727,16 manat borcu mövcuddur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında 01.12.2021-ci il tarixli maliyyə arayışında qeyd olunan məbləğdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Eyni zamanda iş üzrə digər Cavabdeh2, iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, tələb olunan borc məbləği cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu i ltarixli 11-Z-5-0-488-14 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4658,85 manat əsas, 24,39 manat faiz borcu və 43,92 manat cərimə olmaqla cəmi 4727,16 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu i ltarixli 11-Z-5-0-488- 14 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4658,85 manat əsas, 24,39 manat faiz borcu və 43,92 manat cərimə olmaqla cəmi 4727,16 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar