Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3810/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə verdiyi 8000 manat məbləğində borc pulun və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Mingəçevir şəhərində xırda ticarətlə məşğul olur. Cavabdeh Saddədin oğlunu xeyli müddətdir ki, tanıyır. Ona yaxın olan şəxslərlə yaxşı münasibətdə olmuş, həmin şəxslərə görə də dost münasibəti yaranmışdır. Onunla bir neçə dəfə aralarında borc şəklində pul almağına baxmayaraq aralarında heç bir narazılıq olmamışdır. Cavabdeh bir həftə demək olar ki, ona ardıcıl olaraq zəng edərək təcili olaraq ona 8000 (səkkiz min) manat pul lazım olduğunu bildirmişdir. Lakin, o, pulun çox məbləğ olduğunu cavabdehə bildirmişdir. Nəhayət onlar xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində görüşərək Cavabdeh borc şəklində ondan almaq istədiyi 8000 (səkkiz min) manat pulun müəyyən hissəsi anasının başından əməliyyat olunması üçün lazım olduğunu, müəyyən bir hissəsi “Beynəlxalq Bank”-a olan kredit borcunu bağlayaraq digər bankdan yüksək məbləğdə kredit götürüb ondan aldığı 8000 manat borcunu bir (1) ay müddətinə qədər ödəyəcəyini bildirmişdir. Aralarında olan 2-3 saat danışıqdan sonra 8000 (səkkiz min) manat pulun çox məbləğ olmasını nəzərə alaraq qərara gəlmişlər ki, aralarında borc müqaviləsi bağlasınlar. Əvvəl notariusa getmək istəmiş, lakin həmin müddət bayram günü olduğu üçün notariusun işləmədiyini zənn edərək razılaşmışlar ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq borc müqaviləsi bağlasınlar. Nümunə formada hazırlanmış “Borc Müqaviləsi” bağlamışlar. 20 mart 2023-cü il tarixdə bağladıqları borc müqaviləsinin şərtlərinə əsasən o, 8000 (səkkiz min) manat pulu borc şəklində, 1 ay müddətinə qədər cavabdehə verir, o da bankdan kredit götürüb tam şəkildə 8000 manat pulu ona ödəməyə söz vermişdir. Razılaşmada göstərilən tarix tamam olmuşdur. O, Cavabdeh borcunun qaytarılmasını tələb etmişdir. O, ondan əlavə olaraq qısa müddətə vaxt istəmişdir. O da razılaşmışdır. Müqavilədə göstərilən vaxtdan əlavə olaraq 4 ay tamam olmasına baxmayaraq sonuncu danışıqlarında o ona necə bilirsən elə də et demişdir. O da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sadə yazılı formada bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Borcverən İddiaçı borcalan Cavabdeh 8000 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə şərtləşdirilən müddətdə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh müqaviləyə əlavə qeyd apararaq 8.000 manat məbləğində pulu aldığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “Whatsapp” ani mesajlaşma tətbiqində xx.xx.2023-cü il tarixə olan yazışmadan görünür ki, Cavabdeh borcverən İddiaçı borcu olması təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, yazılı müqavilələrin bağlanma üsullarından biri tərəflərin onu imzalamasıdır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 8000 manat borc almış, lakin müqavilə ilə müəyyən edilmiş müddətdə borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh qaytarılmamış borca görə 8000 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 8000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3810/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3810/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver