Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3831/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-882/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında cavabdehdən onun xeyrinə övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilən aliment artırılaraq hər uşağa görə hər ay 193 manat olmaqla ümumilikdə 386 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, cavabdehlə birlikdə yaşayırlar. Cavabdeh evə özü üçün müəyyən ərzaqlar alır, özü də yeyir. Cavabdehdən aldığı alimenti isə uşaqlara geyim alır və uşaqların hazırlıqlarına xərcləyir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəmədiyinə görə borcu da yaranmışdır. Hazırda isə uşaqlar böyüdükcə tələbatları artmış və cavabdehin verdiyi aliment isə onların tələbatlarının ödənilməsinə kifayət etmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı ilə bir evdə yaşayırlar və ev üçün lazım olan bütün ərzaqları alır. Aylıq qazancı isə 300-500 manat məbləğlərində olur. Ona görə də ondan tutulan alimentin miqdarının artırılmasına etiraz edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-882/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə tərəflər arasında xx.xx.2006cı il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 2136 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-cü il təvəllüdlü X2 anaları-İddiaçı yanında saxlanılmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 408509 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dairdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin tərəflər ilkin mediasiyası sesiyasından sonra prosesinin davam etdirilməməsi barədə qərar qəbul etmişlər və bu barədə müvafiq arayış verilmişdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş alimentin miqdarının uşaqların artan tələbatlarının ödənilməsində kifayət etməməsi səbəbi ilə əsaslanmaqla tələb edir. Cavabdehin iddiaya etirazı isə iddiaçı ilə birlikdə yaşamaqla evə ərzaq alması və maddi qazancının az olmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən edilmiş alimentin tutulma tarixindən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, uşağın valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Hətta aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, məhkəmə, cavabdehin iddiaya etirazını əsassız hesab edir. İddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə, tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqlar böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının artmasını, həmçinin cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ədalətlədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-882/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 70 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 840 manat (70x12=840) müəyyən edilməklə iddianın qiyməti 1.000 manatadək olduğundan cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-882/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissəd təmin edilməməli, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinin hesabına ödənilməlidir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-882/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3831/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3831/2022
20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver