Məhkəmə qərarları › İş №2(003)-3844/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3844/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3844/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı Abdullayeva (Məmmədova) Samirə Tağı qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Abdullayeva (Məmmədova) Samirə Tağı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayon Məhkəməsinin 2(003)-1383/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Abdullayeva (Məmmədova) Samirə Tağı qızı məhkəmə iclasında bildirdi ki, cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-1383/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 160 manat alimentin tutulması qət edilmişdir. Həyat şərtləri, həmçinin uşaqların böyüdükcə xərclərinin artmasını nəzərə alaraq aliment məbləğinin artıtılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, özü orta məktəbdə müəllimdir və 970 manat əməkhaqqı alır. Cavabdehin işləyib işləmədiyi haqqında məlumatı yoxdur.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddianı qəbul etmir. Hal-hazırda işləmir, işəgötürən xaricdə olduğuna görə onu sistemdən çıxarda bilmir və bununla bağlı məhkəməyə müraciət edib.. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 2(003)-1383/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Abdullayeva (Məmmədova) Samirə Tağı qızı arasında Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən 27 xx.xx.2010-cu il tarixdə 373 saylı akt qeydi ilə rəsmiıəşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X2 ananın yanında qalması,xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat alimentin Abdullayeva (Məmmədova) Samirə Tağı qızının xeyrinə tutulması qət edilmişdir. Qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmədə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Lakin iddiaçı uşağın saxlanılması üçün 235 manat aliment tələb etsə də, cavabdeh bunu ödəmək üçün zəruri vəsaitə malik deyil. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh hər ay uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı Xəzər Rayon Məhkəməsinin 2(003)- 1383/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh iddiaçı Abdullayeva (Məmmədova) Samirə Tağı qızının xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat (iki yüz) sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar