Məhkəmə qərarları › İş №2(003)-3938/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3938/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3938/2021 30.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8125,01 manat əsas, 68,71 manat faiz borcu və 4,69 manat cərimə olmaqla cəmi 8198,41 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 8125,01 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 29.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 31.08.2021-ci ilədək Cavabdeh1 banka 8125,01 AZN əsas borc, 68,71 AZN faiz borcu və 4,69 AZN cərimə borcu olmaqla cəmi 8198,41 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, bacısı Cavabdeh1 iddiaçı tərəfindən illik 1 faizlə 60 ay müddətinə 8125,01 manat kredit verilmiş və o, bacısına iddiaçı qarşısında zamin durmuşdur. Əvvəllər 200 manat, 100 manat, 50 manat olmaqla ödənişlər etmişlər, lakin sonradan maddi vəziyyətləri pis olduğundan ödəniş edə bilməmişlər. Hazırda iddiaçı tərəfindən tələb olunan 8125,01 manat borcun qəbul edir. Lakin həmin borcu tam şəkildə ödəyə bilmədiyindən hissə-hissə həmin məbləğin tutulması barədə qətnamə qəbul etilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən və 27-M-1-0-169-14 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, cavabdehə 5 il müddətinə (bir il güzəşt müddəti olmaqla) illik 1 faiz dərəcəsi ilə 8125,01 manat kredit verilmiş, cavabdeh həmin məbləğin birinci il ərzində 6,77 manat sonrakı illərdə isə 172,75 manat ödəməklə qaytarması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC-nin Bakıxanov filialı arasında bağlanmış 29.12.2019-cu il tarixli 27-M-1-0-169-14 saylı zaminlik müqaviləsindən görünür ki, o, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən və 27-M-1-0-169-14 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin 31.08.2021-ci il tarixə 8125,01 manat əsas, 68,71 manat faiz borcu və 4,69 manat cərimə olmaqla cəmi 8198,41 manat borcu mövcuddur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi tələb olunmuş və borc ödənilmədiyi təqdirdə aralarında bağlanmış müqavilənin vaxtından əvvəl xitam verilə bilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385, 425, 427, 439, 442, 448, 462, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehlərdən tələb olunan məbləğdə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri və 27-M-1-0-169-14 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən 8125,01 manat əsas, 68,71 manat faiz, 4,69 manat cərimə olmaqla cəmi 8198,41 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri və 27-M-1-0-169-14 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8125,01 manat əsas, 68,71 manat faiz, 4,69 manat cərimə olmaqla cəmi 8198,41 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar