Məhkəmə qərarları › İş №2(003)-3987/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3987/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3987/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi ipoteka ilə təmin edilmiş borc öhdəliyinin icra edilməməsinə görə, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsindən ibarətdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, qanunvericilikdə borc öhdəliyinin icra edilməməsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi - bildirişin verilməsi, qeydə alınması və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notairusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir. Qanunvericilikdə bu qaydanın istisnası və ya ipoteka saxlayanın hər hansı seçim hüququ, o cümlədən ipoteka saxlayanın müraciəti əsasında məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası müəyyən edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi yalnız İpoteka haqqında Qanunun 37.1-ci maddəsində göstərilmiş şəxslər tərəfindən məhkəmədə mübahisə edilə bilər. Buna görə də hazırkı iddia ərizəsi məhkəmə tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. İddiaçıya “İpoteka haqqında” Qanunun 36-38-ci maddələri ilə nəzərdə tutulmuş qaydalara riayət etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün müvafiq notariusa müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya “İpoteka haqqında” Qanunun 36-38-ci maddələri ilə nəzərdə tutulmuş qaydalara riayət etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün müvafiq notariusa müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar