Məhkəmə qərarları › İş №2(003)-4009/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4009/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4009/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 03.09.2021-ci il tarixdən gündəlik qazacı minimum 70 manat hesablanmaqla mopedin təmir olunub bitdiyi günədək ona dəymiş zərərin və eyni zamanda ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 03 sentyabr 2021-ci il tarixdə saat 13:35 radələrində “Hyundai İ30 minik” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ilə Ukranya dairəsi istiqamətində hərəkətdə olub sola dönmə əməliyyatı edərkən avtomobilin sağ yan toqquşaraq nəqliyyat hadisəsi törətmişdir. “Hyundai İ30 minik” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində cinayət əlamətləri olmadığından 09.09.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. O, “Bolt” və "xxxx" Azərbaycan MMC şirkətində kuryer xidmətində fəaliyyət göstərir. Bu hadisə baş verdiyi gün müddətindən onun iş fəaliyyəti dayanıb və günə qazandığı minimum 70 manat məbləğində qazancını itirmişdir. O, əldə etdiyi gəlirlə özünün və ailənin maddi gəlirlərini ödəmişdir. Belə olduğu halda o, bu müddət ərzində çox maddi ziyana uğramışdır. Düzdür mopedə dəyən zərəri sığorta qarşılasada ona dəyən gündəlik zərərəri Cavabdeh ödəməmişdir. O, qarşı tərəfə onun qazanc yeri olsun deyə mopedi düzələnə kimi günlük kirayə moped tutmağı təklif etsədə Cavabdeh bundanda imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə məzmununa uyğun izahat verməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirmişdir ki, mopedin mülkiyyətçisi "xxxx" MMC-dir. Beləki, ona kreditin verilməsi mümkün olmadığından moped, kreditə tanışı X1 adına götürülmüş, o isə zamin durmuşdur. Zaminlik müqaviləsi əsasında da mopedi idarə etmişdir. Hadisədən sonra moped 25 gün sığorta şirkətinin qarajında qalmışdır. Bu barədə o, məhkəməyə sənəd təqdim edə bilmir. Sığorta şirkəti tərəfindən mopedə dəymiş ziyan ödənilmişdir. Moped 06.10.2021-ci il tarixdə təmir edilib təhvil verilmişdir. Mopedin lazımi detalları tez tapılmadığına görə təmiri uzanmışdır. O, gündəlik 100 manatadək qazanc əldə edir. Bolt şirkəti ilə yeni işləməyə başlamış, Volt şirkəti ilə isə 2021-ci ilin mart ayından işləyir. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, İddiaçı həqiqətəndə iddia ərizəsində qeyd etdiyi gəlirin və ya gəlirlərin Tufan M50 nəqliyyat vasitəsi ilə qazandığını əsaslandırmasını tələb edir. Çünki həmin nəqliyyat vasitəsi hadisədən 3 gün öncə yəni 31.08.2021-ci ildə alınmış və həmin nəqliyyat vasitəsinin qanuni və real sahibi X2r. Azərbaycan Respublikasının qanunvericiliyi tələb etdiyi müddətdə yəni Forma 4 arayışı 10 gün müddətində və sığorta ödənişi isə forma 4 arayışı təqdim edildiyi tarixdən 7 gün ərzində, yəni bütün ödənişlər qanunvericiliyə əsasən qanunvericiliyin təyin etdiyi müddət ərzində 03.09.2021-ci il tarixində baş verən nəqliyyat hadisəsi ondan tam olaraq 17 gün sonra yəni 20.09.2021-ci il tarixli 008467 saylı ödəniş tapşırığı ilə sığorta ödənişi aidiyyatı üzrə Ekosoft MMC-nin təqdim etdiyi bank hesabına köçürülmüşdür. İddiaçının Mülki Məcəllənin 21-ci maddəsini əsas tutaraq verdiyi iddianın ona qarşı heç bir qanuni əsası yoxdur, çünki Siğortanında təqdim etdiyi sənəddən acıq aşkar görünür ki Tufan M50 nəqliyyat vasitəsi 31.08.2021-ci il tarixində 10121241 saylı nisyə satış müqaviləsi ilə Ekosoft MMC ilə X5 arasında bağlanılıb və müqavilənin 3-cü maddəsində qeyd edilir ki, ödəniş müddəti bitənə qədər nisyə satılmış mal Ekosoft MMC nin girovu hesab olunur. Digər tərəfdən əgər iddiaçı tezliklə nəqliyyat vasitəsinin düzəldilməyini istəyirdisə nəyə görə sığortanın düzəltməsinə razı olmayaraq dəyən ziyanın nəğd şəkildə alınmasında maraqlı idi, hansı ki nəqliyyat vasitəsi onun adına olmadığına görə bu istəyidə alınmayıb, çünki həmin nəqliyyat vasitəsi Ekosoft MMC-nin balansındadır Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan müqavilədən görünür ki, İddiaçı və Volt Azərbaycan MMC arasında 03.03.2021-ci il tarixdə Partnyor Kuryer Xidməti müqaviləsi bağlanmışdır. İş materiallarında olan müqaviləyə qoşmada 19.08.2020-ci il tarixinə olan mükafatlandırma matriksi əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Bolt Qida çatdırılması xidmətinin Kuryer şirkəti ilə İddiaçı arasında 04.26.2021-ci il tarixdə sifarişlərin çatdırılması barədə müqavilə bağlanmışdır. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09.09.2021-ci il tarixli qərardan görünür ki, 03.09.2021-ci il tarixdə saat 13:35 radələridə Cavabdeh öz adına olan idarə etdiyi “Hyundai İ30 minik” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsi istiqamətində hərəkətdə olub sola dönmə əməliyyatı edərkən avtomobilin sağ yan hissəsi ilə həmin dairədə düzünə hərəkətdə olan İddiaçı idarə etdiyi “Tufan M50” markalı mopedin qabaq hissəsi ilə toqquşaraq nəqliyyat vasitələrinin zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ekosoft MMC tərəfindən tərtib edilmiş təhvil-təslim aktından görünür ki, “Tufan” markalı “M 50” model olan nəqliyyat vasitəsi 28.09.2021-ci il tarixdə servisə təhvil verilmiş, 06.10.2021-ci il tarixdə servisdən təslim alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 25.10.2021-ci il tarixli məktubundan görünür ki, sonuncunun 21.10.2021-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, 31.08.2021-ci il tarixində "xxxx" MMC ilə X5 arasında bağlanmış 10121241 saylı nisyə satış müqaviləsinin 3-cü maddəsində qeyd edilir ki, ödəniş müddəti bitənə qədər nisyə satılmış mal "xxxx" MMC-nin girovu hesab olunur. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarından aydın olur ki, mopedin satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdır. Beləliklə sığorta hadisəsi baş verəcəyi təqdirdə mopedin mülkiyyətçisi faydalanan şəxs qismində tanınmışdır. Eləcə də X3 20.09.2021-ci il tarixli sığorta ödənişi aktına imza çəkərək sığorta ödənişinin "xxxx" MMC-nin hesabına köçürülməsinə etiraz etmədiyini bildirmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən sığorta ödənişinin verilməsi üçün 15.09.2021-ci il tarixli razılıq məktubu Cəmiyyətə 16.09.2021-ci il tarixində daxil olduğu və 20.09.2021-ci il tarixli 008467 saylı ödəniş tapşırığı ilə sığorta ödənişi "xxxx" MMC-nin təqdim edilmiş bank hesabına köçürüldüyü bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" KB ASC tərəfindən verilmiş İddiaçı bank hesabından çıxarışdan görünür ki, onun həmin bank hesabına 11.01.2021-ci il tarixdən 14.10.2021-ci il tarixədək müəyyən məbləğlərdə köçürülmələr olmuşdur. İşin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən edilir ki, 03.09.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi avtomobil ilə Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsi istiqamətində hərəkətdə olan zaman həmin dairədə İddiaçı idarə etdiyi “Tufan M50” markalı mopedin qabaq hissəsi ilə toqquşaraq nəqliyyat vasitələrinin zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İddiaçı, yəni iddiaçının idarə etdiyi mopedin mülkiyyətçisi "xxxx" MMC olmaqla, həmin moped nisyə alğı-satqı müqaviləsi əsasında X4 nisyə satılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı mopedə dəymiş ziyan sığorta şirkəti "xxxx" MMC tərəfindən 20.09.2021ci il tarixdə nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi "xxxx" MMC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsaəsn bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-ci maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddia tələbinin mahiyyəti əmlakdan istifadəsi zamanı əldə ediləcək gəlirlərdən cavabdehin təqsiri hərəkəti nəticəsində əmlakın zədələnməsi səbəbindən dəymiş zərərin cavabdehdən tutulmasından ibarətdir. Odur ki, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərini nəzərə alaraq məhkəmə ilkin olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruri olduğunu qeyd edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı, məhz onun sahiblik və istifadəsində olan mopedin zədələnməsi nəticəsində əldə etməli olduğu gəlirlərlərdən məhrum olmasını qeyd etsə də, işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, zədələnmiş əmlak (moped) "xxxx" MMC-yə məxsus olmaqla nisyə alğı-satqı müqaviləsinə əsasən X4 nisyə satılmışdır. Yəni mopedin mülkiyyətçisi, o cümlədən ona qanuni əsaslarla sahiblik və istifadə etmək səlahiyyətinə malik olan şəxs başqa şəxs olmuşdur. İddiaçı, həmin nəqliyyat vasitəsi ilə bağlı adına zaminlik müqaviləsinin olmasını və bu əsasla onun da həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin olmasını bildirsə də, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bununla da məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində zədələnmiş əmlakın qanuni əsaslarla sahibliyində və istifadəsində olan şəxs kimi iddiaçı qəbul edilməməklə iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququ yaranmamışdır. Yəni, iddiaçı hər hansı qanuni əsasla idarə etmədiyi nəqliyyat vasitəsinə zərər dəyməsi səbəbindən gəlirindən məhrum edilməsini göstərməklə həmin tələblə çıxış etmək üçün subyektiv hüquqa sahib olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, hətta iddiaçının qanuni əsaslarla idarə etdiyi əmlaka zərər dəyməsi nəticəsində əldə etməli gəlirlərdən müəyyən müddətə məhrum olması halı təsdiq edilmiş olsaydı belə, bununla bağlı hüququ pozulmasaydı məhz gündəlik minimum 70 manat qazanc əldə etməsi barədə mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbinin təmin edilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar