Məhkəmə qərarları › İş №2(003)-4014/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4014/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4014/2021 30.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 3909,29 manat əsas, 1391,98 manat faiz borcunun, cəmi 5301,27 manat məbləğində borcun və 30 məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 15% olmaqla 7651,05 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməklə izahatında iddiaçıdan 60 ay müddətinə, illik 15% olmaqla 7651,05 manat məbləğində kredit götürmüş, lakin sonradan imkanı olmadığına görə öhdəliklərini yerinə yetirə bilməmişdir. Hazırda da borcu tam şəkildə qaytara bilmədiyini bildirmiş və məhkəmədən ayda 100 manat olmaqla hissəhissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 25.04.2018-ci il tarixli RD/18612/63 nömrəli kredit Sazişindən və ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 7651,05 manat məbləğində kredit verilməsi haqqında saziş bağlanmışdır. İş materiallarında olan 13.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.04.2018-ci il tarixli Saziş üzrə iddiaçıya 3909,29 manat əsas, 1391,98 manat faiz borcu vardır. İş materiallarında olan 02.09.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən yaranmış borcun ödənilməsi tələb edilmiş, ödənilmədikdə kredit müqaviləsinin ləğvi və borcun tutulması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışdan qeyd olunan məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.04.2018-ci il tarixli RD/18612/63 nömrəli kredit Sazişi ləğv edilməli, Cavabdeh 3909,29 manat əsas, 1391,98 manat faiz, cəmi 5301,27 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.04.2018-ci il tarixli RD/18612/63 nömrəli kredit Sazişi ləğv edilsin. Cavabdeh 3909,29 manat əsas, 1391,98 manat faiz, cəmi 5301,27 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar