Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4286/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı "Alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun himayəsində olan xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün barışıq sazişi ilə təsdiqlənmiş 200 (iki yüz) manatın artırılaraq, 300 (üç yüz) manat (ümumilikdə 300 manat) aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Xəzər rayon Məhkəməsinin 2(003)-3534/2024 saylı qətnaməsi ilə boşanmışdır. Həmin tarixdə Mediasiya arayışına əsasən tərəflər arasındakı barışıq sazişi təsdiqlənərək, cavabdeh tərəfindən 200 manat məbləğində aliment ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Bu məbləğ isə hazırda tərəflərin birgə nikahından olan övladı xx.xx.2022-ci il təvəllüdlü X1 kifayət etmir. Uşaq böyüdükcə tələbatları artır və iddiaçı onun ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh hazırda fərdi əməklə məşğuldur, kifayət qədər gəlir əldə edir. İddiaçının isə gəlir mənbəyi çox azdır. Bu səbəblə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, iddia tələbini müdafiə etdiyini, cavabdehlə arasında bağlanmış barışıq sazişinə əsasən cavabdehdən 200 manat məbləğində aliment tutulduğunu, cavabdehin həmin məbləği ödədiyini, lakin uşağın böyüməsi və ehtiyaclarının artması səbəbilə həmin məbləğin uşağın saxlanılmaına kifayət etmədiyini, barışıq sazişi bağlandıqdan sonra cavabdehin və özünün maddi və ailə vəziyyətində hər hansı dəyişiklik baş vermədiyini qeyd etmişdir.
4. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında, iddiaçı ilə aralarında alimentlə bağlı barışıq sazişinin bağlandığını, sazişə uyğun aliment ödənişini etdiyini, bundan əlavə övladı ilə görüşdüyü zaman onun istirahəti, gəzintisi üçün də əlavə pul xərclədiyini, həmçinin özünün 337 manat məbləğində maaş aldığını, ikinci iş olaraq da bər-bərlik fəaliyyəti ilə məşğul olduğunu, iddiaçı ilə barışıq sazişi bağlanan zaman da eyni fəaliyyətlərlə məşğul olduğunu, sazişi imzaladıqları vaxtdan az müddət keçdiyini və bu müddət ərzində də maddi və ailə vəziyyətində heç bir dəyişiklik olmadığını bildirərək, alimentin artırılması ilə bağlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01660 Barışıq sazişinin 3-cü bəndindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hərnövbəti ayın 5-dən 15-dək ikinci X2 200 (iki yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3534/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi; iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 2941 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması; Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X8 anası – X4 yanında saxlanması qət edilmişdir.
7. AZ-İ seriyalı 509330 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 nikahı Xəzər Rayon Məhkəməsinin 2(003)-3534/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur.
8. AZ-İV seriyalı 709159 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02 yanvar 2022-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X7r.
9. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01746 nömrəli mediasiya arayışından görünür ki, hər iki tərəfin öz tələbini müdafiə etməsi səbəbindən mediasiya prosesi davam etdirilməmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
10. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
12. 95.4-ci maddəsinə görə, tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.
13. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərində olmuş və onların birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. Daha sonra tərəflər arasında olan nikah Xəzər Rayon Məhkəməsinin 2(003)- 3534/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan uşağın ananın yanında qalması qət edilmişdir. Tərəflər arasında bağlanmış və hazırda da qüvvədə olan xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01660 saylı Barışıq sazişinə əsasən Cavabdeh birgə nikahdan olan övladı – xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 200 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür.
17. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı uşağın tələbatını ödəməkdə çətinlik çəkməsi səbəbilə Cavabdeh tərəfindən barışıq sazişinə əsasən onun xeyrinə ödənilən 200 manat alimentin məbləğinin artırılaraq cavabdehdən 300 manat miqadarında tutulmasını tələb edir. Cavabdeh isə qısa müddət əvvəl alimentlə bağlı barışıq sazişi bağladıqlarını, bu müddət ərzində isə nə özünün, nə də iddiaçının maddi, habelə ailə vəziyyətində hər hansı dəyişiklik olmaması səbəbilə iddianın əsassız olduğunu bildirir.
18. Məhkəmə qeyd edir ki, istər Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələbinə, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, istər məhkəmə aktı, istərsə də sazişlə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (o cümlədən artırlması) üçün əsas şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Bununla bağlı qeyd olunmalıdır ki, tərəflərin birgə nikahında olan xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində aliment tutulması tərəflərin öz sərbəst iradə ifadəsi əsasında barışıq sazişi ilə müəyyən edilmişdir. Həmin barışıq sazişi isə xx.xx.2024-cü il tarixdə, yəni 1 (bir) il əvvəl bağlanılmışdır. İddiaçı izahatında alimentin artırılması tələbinin əsası kimi uşağın tələbatının və ehtiyaclarının artmasını və özünün bunu qarşılamaqda çətinlik çəkməsi ilə əsaslandırmış, lakin cavabdehlə aralarında barışıq sazişi bağlandıqdan sonra özünün və ya qarşı tərəfin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını əsaslandırmamışdır. Məhkəmə araşdırması ilə də belə hal (tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması) müəyyən edilməmişdir. Belə olduğu təqdirdə isə məhkəmə tərəfindən müəyyən edilir ki, aliment məbləğinin artırılması tələbinin əsaslı hesab olunması üçün zəruri şərt, yəni tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi halı hazırkı mülki işin faktiki hallarında mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının alimentin artırılması ilə bağlı tələbi əsassız olduğundan təmin edilməməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
20. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov