Məhkəmə qərarları › İş №2(003)-429/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-429/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-429/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2953 manat, hüquqi yardım üçün ödədiyi 100 manat, o cümlədən 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin ortalarında cavabdehlərə ümumilikdə 5753 manat dəyərində əşyalar vermişdir. Cavabdehlərlə arasında olan razılığa əsasən həmin əşyaları satıb pulunu ona verməli idilər. Bir müddət ona olan borclarından 2800 manatını ayrı-ayrı vaxtlar olmaqla qaytarsalar da, bundan sonra pulunu verməkdən minbir bəhanə ilə yayınmağa başlamışlar. Cavabdeh2 ona olan borclarının qalanını Cavabdeh1 verməli olduğunu, Cavabdeh1 isə Cavabdeh2 verməli olduğunu bildirməklə bir-birlərini günahlandırmağa başlamışlar. O, da bu barədə polisə şikayət edəcəyini bildirdikdə, ortaq tanışlardan araya girməklə ona olan borcu hissə-hissə olaraq qaytarmaları barədə yenidən razılığa gəlmişlər. Lakin həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq ona heç bir ödəniş etməmişlər. Əlavə olaraq Cavabdeh2 dövlət orqanında işləməyindən istifadə etməklə ona olan borcunu verməyəcəklərinə dair hədə qorxular etmişlər. Polis şöbəsində olduqları vaxt yenə də onun pulunu qısa müddətdə qaytaracaqlarına dair vəd versələr də, indiyədək pulu qaytarmaqdan yayınmışlar. O, daməcbur qalıb polisdən ona verilən cavaba əsasən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, Cavabdeh1 900 manat, Cavabdeh2 isə 2053 manat məbləğində borcun tutulması, hüquqi yardım üçün ödədiyi 100 manat və məhkəməyə müraciət etməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, Cavabdeh1 500 manat pul və 400 manatlıq qızıl üzük vermişdir. Qalan 2053 manat Cavabdeh2 borcudur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən etiraf edərək, bildirmişdir ki, onun iddiaçıdan götürdüyü 3753 manat dəyərində qızıl-zinət əşyalarına görə cəmi 1250 manat borcu qalmışdır. Belə ki, həmin puldan 2503 manatını iddiaçıya qaytarmışdır. Odur ki, 1250 manat pulun ondan tutulmasına etiraz etmir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsin əsasən işə cavabdeh Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Suraxanı PRİ-nin 31-ci PB-də izahat vermiş Cavabdeh2 bildirmişdir ki, 4 ilə yaxındır ki, o, Günay xanımı tanıyır. Onundan bu ərəfədə dəfələrlə mal alıb pulunu qaytarmışdır. 2017-ci il tarixdə 1 ədəd Samsung markalı telefon və qızıl-zinət əşyaları götürmüşdür. Ümumi dəyəri 3753 manatdır. Onun maaş kartı Günay xanımdadır. Keçən ay işlədiyi idarədən maaş kartına mükafat şəklində 120 manat pul yüklənmişdir. Maaş kartını Günay xanımdan almış və bankomatdan pulu çıxarmaq istəyərkən həmin kartda pulun olmadığı müəyyən olunmuşdur. İddiaçı olan 3753 manat borcunu hər ay poçt vasitəsilə 150 manat ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan Suraxanı PRİ-nin 31-ci PB-də izahat vermiş Cavabdeh1 bildirmişdir ki, 400 manat ondan əşya və 500 manat pul almışdır. 500 manatdan 100 manatını vermişdir. Günay həmin pulun qalanını istəyir. Ona olan borcunu hissə-hissə qaytaracaqdır. İş materiallarında olan pul köçürmələrinin siyahısından görünür ki, Cavabdeh2 İddiaçı 26.12.2018-ci il tarixdə 150 manat, 01.03.2019-cu il tarixdə 150 manat, 19.03.2019-cu il tarixdə 100 manat, 30.04.2019-cu il tarixdə 100 manat, 24.07.2019-cu il tarixdə 90 manat, 24.09.2019-cuil tarixdə 100 manat, 22.11.2019-cu il tarixdə 100 manat, 11.02.2020-ci il tarixdə 150 manat, cəmi 940 manat ödəniş edilmişdir. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərdən Cavabdeh2 şifahi qaydada aralarında bağlanmış müqaviləyə əsasən qızıl-zinət əşyaları vermiş, həmin əşyaların pulunu hissə-hissə iddiaçıya qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin məbləğdən bir hissəsini qaytarmış, lakin 2053 manat məbləğində hissəsində öhdəliyini icra etməmişdiir. Bununla yanaşı, iddiaçı cavabdehlərdən Cavabdeh1 400 manatlıq qızılzinət əşyaları vermiş, eyni zamanda 500 manat məbləğində də borc pul vermişdir. Sonuncu tərəfindən isə öhdəliklər ümumiyyətlə icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə işdə mövcud olan sübutların məcmusuna əsaslanmaqla hesab edir ki, iddiaçı hazırki tələblə çıxış edərək haqlı olmaqla Cavabdeh1 İddiaçı xeyrinə 900 manat, Cavabdeh2 isə 2053 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 100 manat hüquqi yardıma görə pulun cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğin ödənilməsinə dair heç bir sübut təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz. İş materiallarından görünür ki, iddia tələbinin qaldırılması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 900 (doqquz yüz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh2 2053 (iki min əlli üç) manat alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar