Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4325/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı cavabdeh X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin olunmasını; "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № MK/77293/85/28 saylı kredit sazişi müqaviləsinə əsasən Cavabdeh borcuna görə zamin kimi ödədiyi 14.920,02 (on dörd min doqquz yüz iyirmi manat, iki qəpik) AZN məbləğində vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödədiyi 135 (bir yüz otuz beş) AZN dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank cavabdehə, yəni Cavabdeh 36 ay müddətinə illik 20.5 faiz olmaqla 15800 AZN dəyərində kredit vermişdir. İddiaçı da həmin tarixli № MK/77293/85/28 saylı kredit sazişi müqaviləsinə əsasən qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC qarşısında öhdəliyinin tam icra edilməsi üçün onunla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. "xxxx" ASC cavahdeh Cavabdeh və İddiaçı qarşı “kreditin, ona hesabkanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(003)-558/2024 saylı qətnaməsi ilə "xxxx" ASC-nin həmin iddiası təmin edilmişdir. Cavabdeh və iddiaçıdan birgə qaydada 12.332.67 AZN əsas borc, 1771.56 AZN faiz borcu, 680.79 AZN cərimə borcu və 135 manat dövlət rüsumu olmaqla cəmi 14920.02 AZN pul tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə yöndərilmiş, Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən iddiaçının işlədiyi 11 X1 Yolu Müəssisəsi MMC vasitəsi iləİddiaçı əmək haqqısından tutularaq məhkəmənin yuxarıda sözügedən qətaməsində qeyd olunmuş 14.920,02 (on dörd min doqquz yüz iyirmi manat, 02 qəpik) Azn tutularaq "xxxx" ASC-nin hesabına tam şəkildə ödənilmişdir. İddiaçının yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" ASC-nə zaminlik öhdəliyi yoxdur. İddiaçı cavabdehin əvəzinə ödədiyi kredit borcunu qaytarmasını tələb etsədə, Cavabdeh İddiaçı olan borcunu qaytamaqdan imtina etmişdir.
3. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini tam şəkildə qəbul etdiyini, iddiaçının ona qarşı olan 14920.02 manat vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun ondan tutulmasına etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə ərizə iş materiallarına əlavə edilmişdir.
Proses iştirakçılarının izahatı:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında cavabdehin bankdan 15800 manat məbləğində kredit götürdüyünü, həmin kredit müqaviləsi üzrə özünün zamin olduğunu, cavabdehin kredit müqaviləsiüzrə öhdəliklərini yerinə yetirməməsi səbəbilə 14920.02 manat məbləğində kredit borcunun onun tərəfindən ödənildiyini və həmin kredit müqaviləsi ilə bağlı icra işinə xitam verildiyini, hazırda iddia tələbində cavabdehdən tutulması istənilən məbləğin onun kredit borcu üzrə ödənilən məbləğ olduğunu və cavabdehin də bu faktı etiraf etdiyini qeyd etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının iddia tələbini tam həcmdə etiraf etdiyini qeyd edərək, 14290.02 manat məbləğində borc məbləğinin və 135 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsinə razı olduğunu qeyd etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. xx.xx.2022-ci il tarixli, MK/77293/85/28 saylı kredit sazişindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 15800 manat məbləğində nağd pul krediti əldə etmişdir.Həmin kredit müqaviləsi üzrə zamin İddiaçıdur.
7. Xəzər Rayon Məhkəməsinin e-2(003)-558/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi; cavabdehlər Cavabdeh və İddiaçı birgə qaydada 12332.67 manat əsas borc, 1771.56 manat faiz borcu, 680.79 manat cərimə borcu və 135 manat dövlət rüsumu olmaqla cəmi 14920.02 (on dörd min doqquz yüz iyirmi manat iki qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
8. xx.xx.2025-ci il tarixli 1049 nömrli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASC-nin Mərdəkan filialında müştəri Cavabdeh adından 5973.75 manat məbləğində ödəniş həyata keçirmişdir.
9. Əmək haqqından tutulmalara dair çıxarışdan görünür ki, İddiaçı əmək haqqısından cəmi 8946.27 manat məbləğində tutulma həyata keçirilmişdir.
10. Xəzər rayon İcra şöbəsinin “11 X1 yolu Müəssisəsi” MMC-yə xx.xx.2025-ci il tarixli, e187968/2024-12-20 nömrəli məktubundan görünür ki, zərurət aradan qalxdığından borclu İddiaçı əmək haqından bütün tutulmaların dayandırılaraq icra sənədinin geri qaytarılması xahiş olunmuşdur.
11. "xxxx" ASC-nin Xəzər rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixli MRF-İ 077/25 nömrəli məktubundan görünür ki, Cavabdeh və İddiaçı "xxxx" ASC-yə olan borcunu tam şəkildə ödəməsi səbəbilə iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.
12. xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin e-2(003)-558/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir.
13. 21.10.2025-ci il tarixli ********** saylı mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 135 manat (bir yüz otuz beş manat) məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):
14. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM):
17. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
18. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
20. Məhkəmə MPM-in tələblərinə uyğun olaraq, cavabdehin məhkəməyə yazılı ərizə təqdim etməklə ona qarşı verilən hazırki iddianı tam etiraf etdiyini, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alıb bu etirafı qəbul edərək qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan sübutlarla və cavabdehin etirafı ilə iddiaçının zamin qismində cavabdehin kredit müqaviləsi üzrə yerinə yetirmədiyi öhdəliklərini icra etməsi faktı öz təsdiqini tapmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının zamin kimi ödədiyi pul məbləğinin cavabdehdən tutulması ilə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə iddia tələbinin ödənilmiş 135 (bir yüz otuz beş ) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması hissəsində təmin edilməli, 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 14920.02 (on dörd min doqquz yüz iyirmi manat iki qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh 14920.02 AZN (on dörd min doqquz yüz iyirmi manat iki qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 AZN (bir yüz otuz beş manat) dövlət rüsumunun məbləği tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov