Məhkəmə qərarları › İş №2(003)-451/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-451/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-451/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi- 700 manat və ödənilmiş dövlət rüsumu olaraq 30 manat olmaqla, ümumilikdə 730 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Buzovna-Bilgəh yolu istiqamətdə ona məxsus olan “Chevrolet Cruze” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saat 18:00-da Cavabdeh1 məxsus olan ** TF *** dövlət qeydiyyat nişanlı “DAEWOO” markalı avtobusu idarə edən zaman onunla yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi ** TF *** dövlət qeydiyyat nişanlı “DAEWOO” markalı avtobusu idarə edən Cavabdeh1 yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Hadisə zamanı 102 xidmətinə və Xəzər RPİ-nin 2-ci PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan “Chevrolet Curuze” markalı avtomaşınla hərəkətdə olan zaman avtobus maşını ilə toqquşmuşdur. Sürücü ilə arasında yaranan mübahisə zamanı avtobusun sürücüsü Cavabdeh1 onun üz nahiyəsinə şillə ilə vurmuşdur. Xəzər RPİ-nin 2-ci PŞ-nin 14 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində Xəzər RPİ-nin DYPŞ-i tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Chevrolet Curuze” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Vurulmuş ziyan 700 manat məbləğində müəyyən edilmişdir. Vurulmuş ziyan bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD seriyalı 864277 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. - xx.xx.2023-cü il tarixli ƏN-Vİİİ seriyalı 733200 saylı nəqliyyat vasitəsinə sərəncam vermək haqqında etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətçisi olduğu “Chevrolet Cruze” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətlər etməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı və ərizə verməyi 01 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək İddiaçı etibar etmişdir. Nəqliyyat vasitəsi PPA********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. - Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Babək Babayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası İXM-nin 327.6, 469.3 və 327.1-ci maddələri əsasında Cavabdeh1 barəsində tədbir görülməsi üçün qərarın surətinin icra edilməsi üçün Xəzər rayon DYPŞ-nə göndərilməsi qərara alınmışdır. -Fərdi sahibkar X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cruze” markalı ** OC *** dövlət qeydiyyyat nişanlı avtomobilə 700 manat ziyan dəymişdir. - xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 469.3, 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinib 100 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - “Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-də sürücü vəzifəsində işləyir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh1 Cavabdeh2 MMCdə sürücü vəzifəsində işləyir və həmin vəzifədə işləyərkən şirkətin balansında olan avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və həmin hadisə zamanı iddiaçının avtomobilinə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh1 hüquqa zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Lakin həmin əməl nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti Cavabdeh1 deyil, digər Cavabdeh2 MMC daşıyır. Belə ki, Cavabdeh1 hadisəni şirkətin balansında olan avtomobillə törətmişdir və hüquqi şəxs öz işçisinin vurduğu zərərə görə özü məsuliyyət daşıyır. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzi Fərdi sahibkar X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı ilə 700 manat məbləğində qiymətləndirməsi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar